Vaşinqton NATO-nun şərq cinahını gücləndirir: Almaniyadakı ABŞ hərbçiləri azaldılacaqbackend

Vaşinqton NATO-nun şərq cinahını gücləndirir: Almaniyadakı ABŞ hərbçiləri azaldılacaq

ABŞ Avropadakı hərbi kontingentini əvvəlcədən planlaşdırıldığından xeyli az ixtisar edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Pentaqon Avropadakı hərbi qüvvələrin sayının azaldılması ilə bağlı planlarına yenidən baxıb.

Belə ki, Vaşinqton NATO müttəfiqlərinin gözlədiyi kimi, Avropadan 25 min deyil, cəmi 5 min hərbçisini çıxarmağı planlaşdırır. Hazırda ABŞ-ın Avropa qitəsində təxminən 80 min hərbi qulluqçusu xidmət edir.

Planların dəyişdirilməsinə NATO ölkələrinin müdafiə xərclərini artırmağa hazır olması, eləcə də ABŞ ordusunun Yaxın Şərqdəki döyüş qabiliyyətinin Avropada yerləşdirilən hərbi qüvvələrdən nə dərəcədə asılı olduğunun nəzərə alınması təsir göstərib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker məsələ ilə bağlı bildirib ki, Vaşinqtonun Avropada ehtiyac duyulan ərazilərdə kifayət qədər hərbi resursları var və ciddi dəyişikliklər gözlənilmir.

“Burada ehtiyac duyduğumuz yerlərdə yerləşdirilmiş çoxlu resurslarımız var. Hər hansı genişmiqyaslı dəyişiklik olacağını gözləmirəm”, – deyə Uitaker vurğulayıb.

Gözlənilən ixtisarların əsas hissəsinin ABŞ-ın Avropadakı ən böyük hərbi kontingentinin yerləşdiyi Almaniyaya aid olacağı ehtimal edilir. Bununla yanaşı, NATO-nun şərq cinahının daha da gücləndirilməsi nəzərdə tutulur.

“Bloomberg”in məlumatına görə, Rusiya ilə həmsərhəd olan NATO ölkələri bu istiqamətdə yaranacaq xərclərin bir hissəsini öz üzərlərinə götürməyə hazır olduqlarını bildiriblər.

Məsələ ilə bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək. Pentaqonun hazırladığı məruzənin dekabrın 1-də dövlət başçısına təqdim olunacağı gözlənilir.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*