Professor: “Azərbaycanda koronavirusun geniş dalğası bu halda geniş yayılacaq”backend

Professor: "Azərbaycanda koronavirusun geniş dalğası bu halda geniş yayılacaq"

Qüdrət İsaqov, professor, fizika-riyaziyyat elmləri doktoru, Müstəqil Ekspert Qrupunun rəhbəri

Reyting qəzetində 28.04-2020-ci il tarixində https://reyting.az/karusel/31393-koronavirus-qrafikler-ve-arashdirma-ne-etmeli.html?fbclid=IwAR1_hK-0x6uxX_vJ0PYpZpeQMhqG2TkQ4gV35w97PRHoo5hoF0aeKYR5N54 “Koronavirus, qrafiklər və araşdırma! Nə etməli?” adlı məqaləm dərc edilmişdi. Qeyd etmişdim ki, dünyanın nəhəng dövlətləri – Çin və ABŞ koronavirus qarşısında aciz qaldılar. İran Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Türkiyəni koronavirusa yoluxdurdu. İtaliya, İspaniya, Fransa, Almaniya, İngiltərə və s. kimi elmin inkişaf etdiyi böyük ölkələr koronavirusa məğlub oldular.

Bu gün ABŞ-da 1,5 milyon, Rusiyada 190 min, İspaniyada 278 min, Böyük Britaniyada 244 min, İtaliyada 226min, Fransada 180 min, Almaniyada 177 min, Türkiyədə 150 min, İranda 121 min, Çində 83 min, Kanadada 78 min, İsraildə 16,7 min, Yaponiyada 16,3 min, Azərbaycanda 3274 nəfər insan koronavirusa yoluxub.

Aprel ayının 27-də Azərbaycan Respublikasının Nazirlər Kabineti karantin rejiminin yumşaldılması haqqında birinci qərarını verdi. Nazirlər Kabineti bu qərarını verərkən arxayın oldu ki, artıq pandemiya dövrü başa çatıb və koronavirusa gündəlik yoluxmalar minimuma düşüb. O zaman mən Nazirlər Kabinetinin bu qərarının nə dərəcədə doğru olduğunu aydınlaşdırmaq üçün

1.gündəlik yoluxma sayının zamandan (27mart-25aprel intervalında) asılılığının,

2.ümumi yoluxma sayının zamandan (30mart-25aprel intervalında) asılılığının,

3.müalicədən sağalanların sayının zamandan (30mart-25aprel intervalında) asılılığının,

4.xəstəxanalarda müalicəsi davam edən xəstələrin sayının zamandan (21mart-25aprel intervalında) asılılığının qrafiklərini qurdum.

Qrafiklərdən belə nəticəyə gəldim ki, ümumi yoluxma sayının zamandan asılılığında pandemiyanın birinci pikindən sonra azalmalar olmasına baxmayaraq, həm də müəyyən artımlar baş verir. Karantin rejiminin yumşaldılması haqqında qərarın doğru olmadığını deməsəm də, xüsusi olaraq qeyd etdim ki, pandemiyanın nə zaman bitəcəyini demək çətindir. Eyni zamanda qeyd etmişdim ki, hamı çox ehtiyatlı olmalıdır. Yoluxma sayı sıfıra düşməyincə, müalicə olunanların sayı sıfıra enməyincə, pandemiyanın və ümumən də koronavirus təhlükəsinin aradan qalxmasını demək olmaz.

Hər zaman dövlətimizə xidmət edən bir alim olduğum üçün karantin rejiminin daha da yumşaldılması haqqındakı sonrakı qərarların da nə dərəcədə doğru olduğunu və ümumiyyətlə gələcək fəsadların və pandemiyanın daha sonrakı dalğalarının yaranma ehtimallarını öyrənmək üçün yeni qrafiklər qurdum.

Bu şəkildə 21 mart-1 aprel-17 may intervalında Azərbaycanda koronavirusa yoluxma sayının zamandan asılılığı göstərilib. Şəkildən aydın şəkildə görünür ki, 21 martdan başlayaraq 17 maya kimi koronavirus dalğasında gah maksimumlar, gah da  minimumlar var. 21 martdan başlayaraq 8-9 aprel tarixlərinədək artan maksimumlar və minimumlar 1-ci piki (104-105 nəfər) yaradırlar. 1-ci pikdən sonra həm maksimumlar, həm də minimumlar azalmağa başladı. Güman olundu ki, koronavirus pandemiya zirvəsindən düşdü və tezliklə sönəcək. Bu proses dünya ölkələrində də belə getdiyindən biz də palaza bürünüb ellə süründüyümüzə görə düşündük ki, koronavirus vətənimizi tərk edir. Aprelin sonlarında koronavirus dalğasının minimuma düşməsi pandemiyanın tamamilə aradan çıxacağı haqqında ümidlər yaratdı. Hökumət güman etdi ki, dalğa tamamilə sönəcək.

Hökumətin və Operativ Qərargah üzvlərinin səhvi nəticəsində karantin rejimində yumşalmalar yaradıldı. Mayın əvvəllərindən başlayaraq koronavirus dalğasının həm maksimumları, həm də minimumları əvvəlcə yavaş-yavaş, daha sonra çox böyük sürətlə artmağa başladı. May ayının 9-da çox böyük pik əmələ gəldi. Yoluxma sayı kəskin şəkildə artaraq 143-ə çatdı. Bu pik aprel ayında müşahidə olunan birinci pikdən 1,4 dəfə böyük oldu. Bu pikdən sonra müəyyən azalmalar müşahidə olunsa da mayın 16-da 158 nəfərin yoluxması ilə yaranan daha yüksək pik yarandı. Mayın 16-da yaranan pik 8-9 aprel tarixlərində yaranan pikdən 1,5 dəfə çoxdur.

Zənnimcə sönməyə doğru gedən dalğadan sonrakı arxayınçılıq pandemiyanın 2-ci fazasını yaratdı. Virusa arxayınçılıq olmaz. Bu gün heç kəs deyə bilməz ki, daha yüksək pikə malik olan koronavirus dalğasının 2-ci amplitudası nə zaman azalacaq, nə zaman sıfıra düşəcək.

Şəkil 2-də ümumi yoluxma faktının zamandan asılılığı göstərilib. Mart və aprel ayının ümumi yoluxma sayının az olması nəticəsində Nazirlər Kabineti güman edib ki, pandemiya zəifləyir. Onlar bu şəkilə diqqət etsəydilər, görərdilər ki, ümumi yoluxma faktında sabitliyə meyl olmadığından hər hansı sabitlikdən danışmaq olmaz. Yəni bu şəkildən aydın görünür ki, burada heç iki gün də bir-birini təkrarlamır. Yəni 2 günlük sabitlik də yoxdur. Burada daimi monoton artma var. 7 maydan 17 maya kimi isə sürətli artım müşahidə olunur. Koronavirusa arxayın olmaq olmaz.

3-cü şəkildə müalicədən sağalanların sayının zamandan asılılığı göstərilib. Martın axırında və aprelin əvvəllərində sağalanların sayı çox az olsa da, aprelin 9-dan müalicədən sağalanların sayı sürətlə artmağa başlayıb. Bu çox yaxşı əlamətdir. Prezidentimizin qayğısı nəticəsində koronavirusa yoluxan xəstələr onlar üçün ayrılmış məkanlarda sosial məsafələr saxlanılmaqla yaxşı müalicə ala biliblər.

4-cü şəkildə müalicəsi davam edən xəstələrin sayının zamandan asılılığı göstərilib. Bu asılılıq gündəlik yoluxma sayının zamandan asılılığına oxşayır. 1-ci şəkildəki piklər burada da müşahidə olunur. 1 maydan bir az əvvəl və bir az sonra yaranan çökəklik karantin rejiminin yumşaldılması fikrini yaradıb.

Bu şəkil vəfat edənlərin ümumi sayının zamandan asılılığıdır. Vəfat edənlərin ümumi sayının digər inkişaf etmiş ölkələrdən dəfələrlə aşağı olduğuna görə Prezident İlham Əliyevə minnətdarıq. Məhz Prezidentimizin qətiyyəti nəticəsində Azərbaycan güclü səhiyyə sistemləri olan ölkələrdən 10 dəfələrlə az itkilər verib.

6-cı şəkildə dünyanın yüksək inkişaf mərhələsində olan ölkələrdə və Azərbaycanda 17 maya qədər koronavirusa yoluxan insanların sayı göstərilib.

Azərbaycanda koronavirusa yoluxma sayı (3274) ABŞ-dan 458 dəfə, Rusiyadan 86 dəfə, İspaniyadan 84 dəfə, Britaniyadan 74 dəfə, İtaliyadan 68 dəfə, Fransadan 55 dəfə, Almaniyadan 54 dəfə, Türkiyədən 46 dəfə, İrandan 37 dəfə, Çindən 25 dəfə, Kanadadan 23 dəfə, İsraildən 5,07 dəfə, Yaponiyadan 5 dəfə azdır

7-ci şəkildə dünyanın inkişaf etmiş ölkələrində və Azərbaycanda vəfat edənlərin ümumi sayı göstərilib. İsraildə, Yaponiyada və Azərbaycanda vəfat edənlərin sayı digər ölkələrlə müqayisədə 100 dəfələrlə azdır.

8-ci şəkildə sadə hesablamalarımızın nəticəsi olaraq güclü inkişaf etmiş ölkələrdə və Azərbaycanda əhalinin yoluxma faizi göstərilib. Bu şəkildən və göstərilən rəqəmlərdən görünür ki, ən az yoluxma faizi Çində 0,0055%, Yaponiyada 0,013%, Azərbaycanda 0,03%-dir.

9-cu şəkildə inkişaf etmiş ölkələrdə və Azərbaycanda yoluxanların neçə faizinin vəfat etdiyi göstərilib. Dünyanın burada göstərilən güclü inkişaf etmiş ölkələri ilə müqayisədə koronavirusa yoluxanların faizlə miqdarının azlığına görə Azərbaycan birinci yerdədir.

Nə etməli?

Karantin şəraiti koronavirus Azərbaycandan və planetimizdən gedənə kimi davam etməlidir.

Restoranlar, eyş-işrət yerləri, barlar koronavirusun yayılmasına şərait yaradır.

Məhdud sayda açıq və geniş yerdə, 2 metrlik məsafəni saxlamağa imkan verən restoranların fəaliyyətinə saat 18-ə kimi icazə verilə bilər.

Qapalı məkanlarda 2 metrlik məsafə saxlamağa imkan olmayan restoranların, kafelərin və barların fəaliyyəti tamamilə dayandırılmalıdır.

Binaların zirzəmilərində yerləşən restoranlar və kafelər 2 metrlik məsafənin saxlanılmasına imkan vermir. Ona görə də belə restoranlar və kafelər koronavirusun yayılmasına şərait yaradır.

Binaların zirzəmilərində yaradılan restoranları və kafeləri birinci mərtəbədən 20 santimetrlik tavan ayırır. Zirzəmilərdə yerləşən restoranlarda yayılan koronavirus asanlıqla binanın birinci mərtəbəsinə yayılacaq. Koronavirusun ölçüsü 10-100 nanometr-yəni 1 millimetrin 100 mində biri qədər olduğundan onlar üçün zirzəmidən birinci mərtəbəyə keçmək adi şosse yoluyla maşının hərəkətindən də asandır.

Polis gücləndirilmiş iş rejiminə keçməlidir. Avtobus və metrolarda, bazarlarda, mağazalarda hamı maska geyməlidir.

Koronavirus 1 ay bundan əvvəlkindən daha sürətlə yayılır.

Azərbaycanda xalqımızın sağlamlığını qorumaq üçün hamımız dövlətimizin və Prezidentimizin yanında olmalıyıq.

Allah millətimizi və dövlətimizi qorusun!

Xüsusi olaraq KONKRET.az üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*