Putin “NATO bizi eşitmədi”açıqlaması ilə nəyə eyham vurub? – ŞƏRHbackend

Putin “NATO bizi eşitmədi”açıqlaması ilə nəyə eyham vurub? - ŞƏRH

Ukraynada apardığı müharibə istədiyi kimi getməyən Rusiya Prezidenti Vladimir Putin Qərbi kəskin şəkildə ittiham edir. Belə ki, 9 May Qələbə günü ilə bağlı paradda çıxışı zamanı Putin NATO ölkələrinin Rusiyanı eşitmək istəmədiyini deyib. Putin bildirib ki, əslində onların başqa planları var idi və Rusiya bunu görürdü.

Maraqlıdır, Putin bu açıqlaması ilə nəyə eyham vurur? NATO niyə və hansı məsələdə Rusiyanı “eşitmədi”?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Rusiya kimi NATO da müharibənin başlamasında günahkardır: “Putin ilk dəfə deyil ki, NATO-dan şikayətlənir. Donbasın müstəqilliyini elan etməzdən əvvəl də o, öz çıxışında NATO-ya dəfələrlə xəbrdarlıq etdiyini söyləmişdi. Kreml rəhbəri  NATO-nun Rusiyanı ciddiyə almadığını və Kremlin də buna uyğun  hərəkət etməyə məcbur qaldığını açıqlamışdı. Rusiya Prezidenti bu dəfə də eyni fikirləri təkrar səsləndirdi. Azərbaycanda Qərb tərəfdarları Avropanın fanat ordusu kimi davranır. Onlar bütün günahları Rusiyanın üzərinə atır. Eynilə, Rusiya tərəfdarları da bu məsələdə fanatik kimi rəftar edir. Lakin məsələni soyuq başla təhlil etdikdə görürük ki, nə NATO, nə də Rusiya tam günahsız deyil”.

Əhəd Məmmədli: "2022-ci il Azərbaycanda Xənkəndi ili olmalıdır"

Politoloq əlavə edib ki, NATO Çinə qədər genişlənmək istəyir: “Əslində bu müharibədə təkcə bir tərəf günahkar deyil. Hər iki tərəf imperiyalist düşərgədir və onların öz maraqları var. NATO Şərqə doğru genişlənmək istəyir. Bu istəyini isə açıq şəkildə dilə gətirir. Lakin Rusiya da, öz sərhədlərinin təhlükəsizliyini təmin etmək niyyətindədir. Qərb və NATO Şərqə doğru, yəni Çinə qədər irəliləmək istəyir. Rusiya isə keçmiş SSRİ-ni bərpa edərək, imperiyaya çevrilməyi düşünür. Belə olan halda NATO Rusiyanın xəbərdarlıqlarına necə məhələ qoya bilər ki? Bu maraqların qurbanı isə Ukrayna xalqı oldu”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*