Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edərək iki ölkə arasında münasibətlərin gələcək inkişafında maraqlı olduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, Putin təbrik məktubunda ölkələr və xalqlar arasında münasibətlərin ənənəvi olaraq dostluq xarakteri daşıdığını vurğulayıb.
Bu bəyanat son aylarda Moskva ilə İrəvan arasında artan siyasi gərginlik fonunda diqqət çəkir.
Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu açıq şəkildə dəstəkləməsi və Avropa strukturları ilə əməkdaşlığı genişləndirməsi Rusiya tərəfindən narahatlıqla qarşılanır.
Moskva dəfələrlə vurğulayıb ki, Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında tamhüquqlu iştirak etməsi mümkün deyil. Rusiya rəsmiləri belə bir seçim halında İrəvanın enerji daşıyıcıları üzrə güzəştlərdən və digər iqtisadi üstünlüklərdən məhrum ola biləcəyini bildiriblər.
Bununla yanaşı, Ermənistanın Rusiyadan iqtisadi və enerji asılılığı hələ də qalmaqdadır. Ölkədəki qaz şəbəkələrinin Rusiya nəzarətində olması və enerji sahəsində alternativlərin məhdudluğu İrəvanın manevr imkanlarını azaldır.
Ekspertlər hesab edirlər ki, Putinin Paşinyana ünvanladığı təbrik yalnız diplomatik nəzakət deyil, həm də Moskvanın münasibətləri normallaşdırmaq üçün göndərdiyi siyasi siqnal kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Paşinyan son açıqlamalarında Ermənistanın Avrasiya İqtisadi İttifaqında fəaliyyətini “mümkün olduğu müddətdə” davam etdirəcəyini bildirib. Bu isə İrəvanın Avropaya inteqrasiya niyyətindən tam imtina etməsə də, Rusiya ilə münasibətlərdə daha ehtiyatlı siyasət yürütməyə çalışdığını göstərir.
Müşahidəçilərin fikrincə, yaxın aylarda Moskva-İrəvan münasibətlərinin gələcək istiqaməti daha aydın görünəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
