
Qazaxıstanın Manqistau vilayətinin akimi (administrasiyası) Manqustau vilayətinin təbiət möcüzəsi sayılan Bozjira qayalıqlarında VİP otel tikmək planlarından imtina etdiyini açıqlayıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə akimliyin mətbuat xidməti məlumat yayıb. İnformasiyada qeyd edilib ki, 2021-ci ilin əvvəlində Bozjirada mehmanxana kompleksinin və etnik kəndin salınması nəzərdə tutulurdu. Lakin unikal təbii gözəlliyi ilə seçilən bu məkan xüsusi mühafizə olunan təbiət ərazisi olduğundan prezident Kasım-Jomart Tokayev hökumətə tikinti sahəsinə yenidən baxmağı tapşırıb. Müzakirələrə ictimaiyyət nümayəndələri, veteranlar, alimlər, ekologiya sahəsinin mütəxəssisləri qoşulub.
Nəticədə investor bütün irad və təklifləri nəzərə alaraq layihəni qoruqdan 4 km məsafədə həyata keçirmək qərarına gəlib.
Qeyd edək ki, qoruqda VİP otel tikmək planları və tikinti texnikasının ora gəlməsi ilə bağlı xəbərlər qazax ictimaiyyətinin hiddətinə səbəb olub. 2021-ci ilin may ayında Bozjiranın müdafiəsi üçün onlayn petisiya başladılmışdı.
“Bu otelin olması Bozjiranın orijinal gözəlliyinin itirilməsinə gətirib çıxaracaq, onun biosisteminə, traktın təbii və tarixi dəyərinə düzəlməz ziyan vuracaq və onun turistik cazibəsini məhv edəcək”, – deyə petisiyada bildirilir. Onu doqquz mindən çox insan imzalayıb.
Müraciət müəllifləri qeyd ediblər ki, Bozjira traktatı təkcə Manqistaunun deyil, bütün Qazaxıstanın vizit kartıdır, lakin hələ də respublika əhəmiyyətli xüsusi mühafizə olunan ərazilərə daxil edilməyib. Onlar “təbii sərvətləri və əvəzsiz kosmik landşaftları qorumaq” üçün traktata səfər üçün xüsusi qaydaların işlənib hazırlanmasını və qəbul edilməsini təklif ediblər.
