Rusiya Daxili İşlər Nazirliyi qanun layihəsi hazırlayıb. Sənədə əsasən qeyri-qanuni miqrantların nəzarət altında qalma rejiminin yaradılması təklif olunur. Bu, bir sıra qadağaların və məhdudiyyətlərin tətbiqini nəzərdə tutur – xüsusən, miqrantlara avtomobil sürməyi və pul köçürməsini qadağan etmək təklif olunur.
KONKRET.az xəbər verir ki, qanun layihəsində göstərilir ki, qeyri-qanuni miqrantların hüquqi şəxs və fərdi sahibkarlar kimi qeydiyyata alınması dayandırılsın, habelə daşınmaz əmlakın və nəqliyyat vasitələrinin əldə edilməsinə icazə verilməsin.
Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlara sürücülük vəsiqəsinin verilməməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi və nikahlara buraxılmaması təşəbbüsü ilə çıxış edib.
Sənəddən belə çıxır ki, nəzarət edilən şəxslərin hüquq və vəzifələri olacaq. Beləliklə, qeyri-qanuni miqrantlar onlara hansı əsaslarla müəyyən məhdudiyyətlərin tətbiq olunduğu barədə məlumat tələb edə biləcəklər. Onların qalmalarına nəzarət edən vəzifəli şəxslərin hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət etmək hüququ vardır.
Qeyd edək ki, əvvəllər Rusiyada federal səviyyədə miqrantlar üçün üç peşənin qadağan edilməsi təklif edilirdi. Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun dediyi kimi, belə bir qadağa rus dilinin dövlət dili statusuna malik olmadığı ölkələrin vətəndaşlarına şamil edilməlidir.
Rusiya prezidenti Vladimir Putin isə bəyan etmişdi ki, rusların maraqları miqrant axınından üstündür. Onun sözlərinə görə, əgər Rusiyaya miqrant axını lazımdırsa, bu prosesdə layiq olanları seçmək lazımdır.
Natiq Səlim,
KONKRET.az
