2020-ci ilin fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunan panel müzakirələrindən bir il ötür. Tarixi Konfransdan 1 il keçməsinə baxmayaraq, bu debat hər bir azərbaycanlının və eləcə də dünya ictimaiyyətinin yaddaşında uzun müddət qalacaq.
Cavid Osmanov: 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkə başçısının sözü ilə əməlinin vəhdət təşkil etdiyini sübuta yetirdi”
Sözügedən tarixi hadisə ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən millət vəkili Cavid Osmanov deyir ki, panel müzakirələrində Azərbycan Prezidenti İlham Əliyev özünün qətiyyətli, prinsipial mövqeyini və diplomatik üstünlüyünü bir daha nümayiş etdirdi: “Bütün dünya bir daha Azərbaycan Prezidentinin ən qabaqcıl liderlərdən olduğunu açıq şəkildə gördü. Ölkə başçısı faktlara söykənərək, qətiyyətli və diplomatik dildə Ermənistanın baş naziri Nikol Paşinyanı susdurdu. Paşinyanın çox cılız və aciz vəziyyətə düşdüyünü, hətta fikirlərini düzgün ifadə edə bilmədiyini isə bütün dünya müşahidə etdi”.
Millət vəkili deyir ki, bu tarixi müzakirələrdən sonra, MDB dövlət başçılarının Bişkekdə keçirilən sammitində Prezident İlham Əliyev Ermənistanın faşizm siyasəti yürütdüyünü tutarlı faktlarla dünyaya çatdırdı. Həmçinin faşizmə xidmət edən Qaragin Nijdeyə abidə ucaltmaqla, erməni ictimaiyyətinin faşizm siyasətinə uyğunlaşdırıldığını qətiyyətlə vurğuladı. Eyni zamanda Nikol Paşinyanın içkili vəziyyətdə Şuşada – Cıdır düzündə təxribat xarakterli “Qarabağ Ermənistandır!” bəyanatına, Azərbaycan Prezidenti İlham Əliyev daha böyük auditoriyanı əhatə edən “Valday” diskusiya klubunda “Qarabağ Azərbaycandır və nida” deməklə layiqli cavab verdi”.
“44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkə başçısının sözü ilə əməlinin vəhdət təşkil etdiyini sübuta yetirdi: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordu döyüş meydanında Ermənistanı darmadağın etdi. Bununla da, Prezident İlham Əliyev Azərbaycanın şanlı tarixini yazmış oldu” – deyə millət vəkili əlavə edib.
Anar Əliyev: ““Valday” Klubundakı çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” fikirləri, Prezident İlham Əliyevin dahi bir siyasətçi olduğunu dünyaya nümayiş etdirdi”.
“2020-ci il 14-15 fevral tarixlərində keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev enerji təhlükəsizliyi mövzusunda çox geniş çıxış etdi. Ölkə başçısı həmin çıxışında Azərbaycanın, Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı mühüm roldan, qısa müddət ərzində TANAP layihəsinin uğurla başa çatdırılmasından söz açdı. Bütün bunlar Azərbaycanın etibarlı partnyor, ölkə başçısının isə verdiyi sözlərin arxasında dayanan çox ciddi bir siyasi lider olduğunu sübut edir”.
Bu fikrləri mövzunu KONKRET.az-a şərh edən politoloq Anar Əliyev səsləndirib. Anar Əliyev 2019-cu ilin oktyabr ayında Soçidə keçirilən “Valday” beynəlxalq diskusiya klubunda Azərbaycan Prezidentinin gələcəyə istiqamətlənən geniş çıxışına diqqət çəkib. O bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı məsələlərinə xüsusilə önəm verib: “Valday Klubundakı çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” fikirləri, Prezident İlham Əliyevin dahi bir siyasətçi olduğunu dünyaya nümayiş etdirdi. Bu fikirlərin səsləndirilməsindən az sonra, Azərbaycan öz ərazi bütövlüyünü və pozulan sərhədlərini bərpa etdi. Sentyabr ayının 27-də Ermənistan silahlı birləşmələrinin növbəti təxribatlarına cavab olaraq, başladılan haqq mübarizəsi nəticəsində işğalda olan ərazilərimiz azad edildi. Bütün bunlar onu göstərdi ki, Azərbaycan Prezidenti mövcud reallıqları dərk edən, vəziyyəti düzgün qiymətləndirməyi bacaran və çox böyük informasiyaya sahib güclü bir siyasi şəxsiyyətdir”.
Politoloq Azərbaycan Prezidentinin 44 günlük Vətən müharibəsində bir çox xarici informasiya agentliklərinə verdiyi müsahibələrə də diqqət çəkib: “Bu müsahibələrin birində ölkə başçısı “Bizim sözümüz, imzamız qədər keçərlidir”fikirlərini səsləndirdi: “Bu fikirlərin nə qədər reallığa uyğun və həqiqət olduğu, “Qarabağ Azərbaycandır və nida” ifadəsinin gerçəkləşməsi ilə sübuta yetirildi. Bütün bunlar Azərbaycan dövlətinin çox böyük bir siyasi liderin rəhbərliyi ilə gələcəyə doğru inamla və uğurla addımladığını deməyə əsas verir”.
Müşviq Tofiqoğu
KONKRET.az
