Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı son çıxışı və Paşinyanı “siyasi nokaut”a salması dünyanın gündəmindən düşmür. Əliyev səsləndirdiyi fikirlərlə Qarabağ məsələsinin tarixə qovuşduğunu və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməkdən başqa yolu olmadığını dünyaya çatdırdı. Prezidenti eyni zamanda son çıxışı ilə Qərbin siyasi arxitekturasında mühüm rol oynadığını sübuta yetirdi.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyev Azərbaycan Prezidentinin peşəkar və uzaqgörən bir siyasətçi olduğunu deyib və bununla qürur duyduğunu dilə gətirib: “Azərbaycan artıq Qərbin diqqət mərkəzindədir. Həm də Avropanın siyasi arxitekturasında mühüm rol oynamağa başlayıb. Münhen görüşündə Paşinyanın tam iflasa uğradığını deyə bilərik. Çünki onun siyasətdən xəbəri yoxdur. Onun fikirləri təkcə Paşinyanın özünü deyil, bütün Ermənistanı çətin vəziyyətə qoydu. Münhen Konfransı dünyada baş verəcək prosesləri proqnozlaşdıran bir forumdur. Eyni zamanda təhlükəsizlik sahəsindəki bütün siyasətçilər öz mövqelərini burada ortaya qoyurlar. İlham Əliyevin Münhendəki çıxışı onu Avropa İttifaqının arxitekturasını quran siyasi memarlardan birinə çevirdi. Dövlət başçısı peşəkar siyasətçi kimi həm Azərbaycanın mövqeyini nümayiş etdirdi, həm də ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində rol oynayacağını ustalıqla dilə gətirdi. Həmçinin Azərbaycanın maraqlarını beynəlxalq müstəviyə keçirməyi bacardı. Yəni 10 milyonluq əhalisi olan bir ölkənin Prezidentinin “qoca qitə”nin dövlətləri içərisində söz sahibinə çevrilməsi, Avropa liderlərinin Əliyevi təbliğ etməsi olduqca mühüm hadisədir. Bundan sonra Azərbaycanla bərabər İlham Əliyev də Avropanın siyasi arxitekturasında rol oynayan oyunçuya çevrildi. İndiyə qədər bunu ancaq İsrail bacarırdı. Artıq İlham Əliyev Azərbaycanı İsrail qədər güclü bir dövlət kimi təqdim etməyi bacardı”.

Politoloq Ermənistanın artıq tələyə düşdüyünü açıqlayıb: “Qafqazda Rusiya və ABŞ olmaqla iki böyük oyunçu var. Fransa və ya İran kimi dövlətləri İlham Əliyev sonunçu çıxışı ilə oyundan kənarlaşdırdı. Xüsusilə, Blinkenin üçtərəfli görüşü təşkil etməsi həm Şarl Mişelə, həm Rusiyaya, həm də Fransaya bir mesaj idi. Siyasi müstəvidə bu, İlham Əliyevin böyük qələbəsidir. Onun həm çıxışı, həm fikirləri, həm Azərbaycanın milli maraqlarını gündəmə gətirməsi, həm Ermənistanı siyasi cəhətdən küncə sıxışdırması, həm də dünyaya verdiyi mesajlar ölkə başçısını sözün əsl mənasında qalib liderə çevirdi. Bütün bunların arxasında Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi dayanır. Azərbaycan Prezidenti bunu tələb etdi. Orada buraxılış-keçid məntəqəsinin qurulması o deməkdir ki, Ermənistan birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, sərhədlərin delimitasiyasını qəbul edəcək və sülh müqaviləsi imzalayacaq. Bununla da Qarabağ məsələsinə son qoyuldu”.
Cümşüd Nuriyev əlavə edib ki, Paşinyan İlham Əliyevin diplomatik gedişlərini anlamayacaq qədər savadsızdır: “Nikol Paşinyan siyasi cəhətdən yetişmədiyindən, SSRİ-də baş verən hadisələri ortaya qoydu. Amma özlərinin işğal dövründə dağıtdıqları məscidlərdən və digər tarixi abidələrdən danışmadı. Paşinyan İlham Əliyevə rəqib deyil. Amma Azərbaycanın milli maraqlarına görə, Paşinyan kimi “idiot”la eyni masa arxasında oturmağa məcburdur”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
