Qarabağa diplomatik səfər və  Ermənistanın “suverenlik sınağı”backend

Qarabağa diplomatik səfər və Ermənistanın “suverenlik sınağı”

Bəzən bir diplomatik səfər uzun siyasi bəyanatlardan daha çox həqiqəti üzə çıxarır. Sentyabrın 11–12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri də məhz belə hadisələrdən oldu.

Postmünaqişə səmimiyyət testi

58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndənin iştirak etdiyi səfər 2020-ci ildən sonra diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəri idi. Diplomatlar Xankəndidə, Şuşada, Ağdərədə və Kəlbəcərdə oldular, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni nəqliyyat və sosial infrastruktur, Qarabağ Universiteti, istehsal müəssisələri, eləcə də bölgənin tarixi-mədəni irsi ilə tanış oldular. Gəncəsər və Xudavəng komplekslərinə səfər də proqramın tərkib hissəsi idi.

İlk baxışdan burada fövqəladə heç nə yoxdur. Azərbaycanda akkreditə olunmuş diplomatlar Azərbaycan dövlətinin təşkil etdiyi proqram çərçivəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə səfər edirlər.

Lakin məhz bu adi diplomatik hadisə Ermənistanda və erməni siyasi-ictimai məkanının müəyyən hissəsində qeyri-adi dərəcədə sərt reaksiya doğurdu. Keçmiş rəsmilərdən və müxalifət nümayəndələrindən tutmuş ayrı-ayrı ictimai təşkilatlara və ekspertlərə qədər müxtəlif dairələr diplomatların Qarabağa səfərini, xüsusilə Gəncəsər və Xudavəngdə onlara verilən məlumatları hədəfə aldılar. İttihamların əsas xətti diplomatların səfərdə iştirak etməklə guya Azərbaycanın Qarabağla bağlı mövqeyini “legitimləşdirməsi”, erməni mədəni irsi ilə bağlı Azərbaycan mövqeyini qəbul etməsi və 2023-cü il hadisələrinə münasibətdə susması üzərində qurulur. Hətta bəzi diplomatların və iştirakçı dövlətlərin ünvanına sərt ifadələr işlədilib. “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan hətta Ermənistan Xarici İşlər Nazirliyini səfərdə iştirak edən dövlətlərə və beynəlxalq qurumlara diplomatik nota göndərməyə çağırdı.

Beləcə, zahirən mədəni irs haqqında mübahisə təsiri bağışlayan hadisənin arxasında daha fundamental bir problem göründü – Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Azərbaycanın suveren ərazisində xarici diplomatların hərəkəti niyə Ermənistan daxilində siyasi etiraz predmetinə çevrilir?

Məsələnin mahiyyəti də məhz buradadır –

Suverenliyi tanımaq və onun nəticələrini qəbul etmək!

Münaqişədən sonrakı dövrdə Azərbaycan-Ermənistan münasibətlərinin ən mühüm anlayışlarından biri qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Bu prinsip yalnız xəritə üzərində sərhədlərin qəbul edilməsi demək deyil. Suverenliyi tanımaq həm də həmin sərhədlər daxilində digər dövlətin öz yurisdiksiyasını həyata keçirmək hüququnu qəbul etməkdir. Başqa sözlə, suverenlik selektiv anlayış deyil. Bir dövlət digər dövlətin ərazi bütövlüyünü tanıyıb, eyni zamanda onun müəyyən bölgəsində kimin səfər etməsinə, hansı tədbirin keçirilməsinə və yaxud xarici diplomatların həmin ərazidə hansı obyektlərlə tanış olmasına siyasi veto iddiası irəli sürə bilməz.

Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanıyırsa, üçüncü dövlətlərin Azərbaycanda akkreditə olunmuş diplomatlarının Azərbaycanın suveren ərazisinə səfəri niyə siyasi etiraz predmetinə çevrilməlidir? Başqa sözlə, məsələ diplomatların Qarabağa getməsindən daha genişdir –  söhbət Ermənistan siyasi və ictimai şüurunun postmünaqişə reallığını nə dərəcədə qəbul etməsindən gedir. Bu ziddiyyət hazırkı sülh prosesinin də mühüm indikatorlarından biridir. Azərbaycan tərəfdən “Sülh körpüsü” təşəbbüs qrupunun reaksiyasında da məhz bu məqam vurğulanıb: səfərin mübahisə predmetinə çevrilməsinin Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə uzlaşmadığı bildirilib.

Sülh yalnız sərhədi tanımaq deyil, tanınmış sərhədlər daxilində qonşu dövlətin suverenliyinin nəticələrini də qəbul etməkdir. Bu baxımdan Qarabağa səfər adi diplomatik səfər olmaqdan çıxaraq bir növ “postmünaqişə səmimiyyət testi”nə çevrilir. Bir dövlət “Qarabağ Azərbaycandır, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deyirsə, amma diplomatların həmin əraziyə Bakıdan getməsini siyasi problemə çevirirsə, burada hüquqi tanınma ilə siyasi-psixoloji qəbul arasında ciddi boşluq yaranır.

Məhz buna görə Qarabağa son diplomatik səfərə Ermənistanda verilən reaksiyalar sırf Gəncəsər və ya Xudavəng ətrafında tarixşünaslıq mübahisəsi kimi qiymətləndirilə bilməz. Burada daha dərin ziddiyyət meydana çıxır: Azərbaycanın ərazi bütövlüyünün formal tanınması ilə Azərbaycan suverenliyinin real nəticələrinin qəbul edilməsi arasında məsafə. Bu məsafə isə sülh prosesinin gələcəyi baxımından heç də ikinci dərəcəli məsələ deyil.

Əgər Qarabağın Azərbaycan ərazisi olduğu qəbul edilirsə, Azərbaycanda akkreditə olunmuş Fransa səfirinin, Avropa İttifaqı nümayəndəsinin və ya başqa bir dövlətin diplomatının Xankəndiyə, Şuşaya, Ağdərəyə, Kəlbəcərə səfər etməsi hansı hüquqi əsasla Ermənistanın etiraz obyektinə çevrilə bilər?

Əslində, bu diplomatların Qarabağa səfəri onların təmsil etdikləri dövlətlərin illər boyu bəyan etdikləri mövqeyin praktik ifadəsidir: beynəlxalq birlik Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərini qəbul edib. Diplomatların Azərbaycanın digər bölgələrində olduğu kimi Qarabağda da səfərdə iştirak etməsi həmin hüquqi-siyasi reallığın təbii nəticəsidir.

Buna etiraz etmək isə istər-istəməz başqa sual yaradır: problem səfərin özündədir, yoxsa Qarabağın artıq Azərbaycanın tam suveren idarəçiliyində olması faktının qəbulunda?

Qarabağ: mübahisə predmetindən suveren inkişaf məkanına

Son səfərin diqqətdən qaçırılmamalı başqa bir mənası da var. Diplomatlara göstərilən Qarabağ yalnız keçmiş münaqişənin coğrafiyası deyil. Onların gördükləri Xankəndidə tikilən dəmir yolu və avtovağzal kompleksi, Qarabağ Universiteti, istehsal müəssisələri, yaşayış infrastrukturu, Şuşada və digər ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələridir.

Burada mühüm siyasi transformasiya baş verir: Qarabağ tədricən beynəlxalq diplomatik diskursda “münaqişə ərazisi” statusundan çıxaraq Azərbaycanın inkişaf edən regionlarından biri kimi görünməyə başlayır. Məhz bu dəyişiklik bəzi revanşist dairələr üçün bəlkə də səfərin özündən daha narahatedicidir.

Çünki uzun illər ərzində Qarabağ beynəlxalq ictimaiyyətə həll edilməmiş münaqişənin coğrafiyası kimi təqdim olunurdu. İndi isə həmin coğrafiyada universitet fəaliyyət göstərir, yollar, yaşayış məntəqələri, istehsal və nəqliyyat infrastrukturu qurulur və xarici diplomatlar bütün bunları öz gözləri ilə görürlər.

Beləliklə, dəyişən yalnız ərazinin fiziki mənzərəsi deyil. Qarabağın beynəlxalq siyasi qavrayışı da dəyişir. Bunu qəbul etmək postmünaqişə reallığını qəbul etmək deməkdir.

Mədəni irs, yoxsa siyasi suverenlik mübahisəsinin davamı?

Ermənistan ictimai-siyasi məkanında ən sərt reaksiyalar Gəncəsər və Xudavəng komplekslərinin Qafqaz Albaniyasının xristian irsi kontekstində təqdim olunması ilə bağlıdır. Ermənistan tərəfi bu yanaşmanı rədd edir və həmin abidələri yalnız erməni mədəni irsi kimi təqdim edir. Ermənistanın “Peace Bridge” təşəbbüsünün üzvləri də sentyabrın 14-də bununla bağlı narahatlıqlarını açıqlayıblar.

Tarix elmi isə siyasi şüarlardan daha mürəkkəbdir.

Qafqaz Albaniyasının Cənubi Qafqaz tarixində mövcud olmuş dövlət və sivilizasiya məkanı olması elmi dövriyyədə yeni tezis deyil. Azərbaycanın xristian irsinin mühüm təbəqəsinin alban tarixi ilə bağlılığı Azərbaycan tarixşünaslığında uzun illərdir tədqiq edilir. Konkret abidələrin tarixi mənsubiyyəti, onların müxtəlif dövrlərdə dini-institusional transformasiyası və sonrakı dəyişikliklər isə tarix, arxeologiya, epiqrafika, memarlıq və mənbəşünaslığın predmetidir. Bu mübahisənin elmi müstəvidə aparılması mümkündür və aparılmalıdır.

Qəbuledilməz olan başqa şeydir: tarixi-mədəni irs haqqında fərqli elmi mövqenin mövcudluğunu başqa dövlətin suveren hüquqlarını sorğulamaq vasitəsinə çevirmək.

Daha bir prinsipial məsələ var. Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və dini abidələrin qorunmasına görə məsuliyyət Azərbaycan dövlətinin üzərinə düşür. Onların hansı dini və etnik icma ilə bağlı olmasından asılı olmayaraq, bu irsin qorunması dövlətin həm hüquqi, həm də mənəvi öhdəliyidir.

Mədəni irsə münasibətdə ən sağlam prinsip də budur: abidəni qorumaq üçün əvvəlcə onun “bizim”, yoxsa “sizin” olduğunu müəyyənləşdirmək lazım deyil.

Yaddaşın asimmetriyası

Lakin burada Ermənistan siyasi diskursunda daha bir ziddiyyət ortaya çıxır. Azərbaycan ərazisində erməni tarixi-mədəni mövcudluğunun hər bir izi mütləq və toxunulmaz tarixi arqument kimi təqdim edilirsə, nə üçün indiki Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixi mövcudluğuna eyni prinsip tətbiq edilmir?

İrəvanın, Göyçənin, Zəngəzurun və indiki Ermənistanın başqa bölgələrinin tarixi demoqrafiyası öyrənilərkən azərbaycanlı əhalinin mövcudluğu, onların yaşayış məntəqələri, məscidləri, qəbiristanlıqları, toponimləri və digər maddi-mədəni izləri siyasi münasibətə görə yoxa çıxa bilməz.

Tarixi yaddaş etnik seçim prinsipi ilə işləyə bilməz. Əgər mədəni irsin qorunması universal dəyərdirsə, bu prinsip Qarabağdakı xristian abidəsinə də, Ermənistanda mövcud olmuş Azərbaycan məscidinə, qəbiristanlığına və tarixi yaşayış məkanına da eyni dərəcədə şamil edilməlidir. Əks halda mədəni irs artıq mədəniyyət məsələsi olmaqdan çıxaraq siyasi alətə çevrilir: “mənim irsim toxunulmazdır, sənin irsin isə mövcud olmayıb”.

Məhz belə yanaşma postmünaqişə cəmiyyətlərində son dərəcə təhlükəlidir. Çünki ərazi iddiası hüquqi-siyasi müstəvidə mümkünsüzləşdikdə onun tarixi yaddaş və mədəni irs üzərindən davam etdirilməsi üçün imkan yaradır.

Burada beynəlxalq hüququn yanaşması da seçici deyil. 1954-cü il Haaqa Konvensiyası və onun protokollarının fəlsəfəsi mədəni sərvətin münaqişə zamanı qorunması üzərində qurulub. 1999-cu il İkinci Protokol işğal edilmiş ərazilərdə mədəni, tarixi və elmi sübutları gizlətmək və ya məhv etmək məqsədi daşıyan mədəni sərvətin dəyişdirilməsinin qarşısının alınmasını ayrıca nəzərdə tutur. Bu norma mühüm prinsip yaradır: tarix siyasi məqsədə uyğunlaşdırılmaq üçün fiziki olaraq yenidən yazılmamalıdır.

Ona görə də Azərbaycanın Ermənistanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi ilə bağlı qaldırdığı məsələlər də yalnız ikitərəfli siyasi polemika kimi qiymətləndirilməməlidir. Bu irsin vəziyyətinin obyektiv sənədləşdirilməsi və öyrənilməsi gələcək regional barışığın da elementlərindən biri olmalıdır.

Revanşizm yalnız müxalifətin problemidirmi?

Qarabağa səfərə reaksiyanın başqa mühüm tərəfi onun yalnız radikal və ya keçmiş rejimlə əlaqəli qüvvələrlə məhdudlaşmamasıdır.

Əvvəlcə Ermənistan mediasının özündə hökumətin və dövlət qurumlarının səfərə münasibətdə susduğu qeyd olunurdu. Lakin sentyabrın 14-də Ermənistan Milli Assambleyasının vitse-prezidenti, hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Ruben Rubinyan da Hikmət Hacıyevin Gəncəsərlə bağlı fikirlərini “əsassız” və sülhə fayda verməyən bəyanatlar kimi qiymətləndirdi. Rubinyanın hazırda Milli Assambleyanın vitse-prezidenti olması Ermənistan parlamentinin rəsmi məlumatında da göstərilir.

Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki postmünaqişə revanşizmi yalnız “hakimiyyətə qarşı olan radikalların problemi” kimi təqdim etmək asandır. Daha mürəkkəb məsələ revanşist siyasi düşüncənin elementlərinin müxtəlif siyasi və ictimai təbəqələrə nə dərəcədə nüfuz etməsidir.

Burada rəsmi İrəvan qarşısında ciddi seçim dayanır. Əgər Ermənistan hakimiyyəti həqiqətən Azərbaycanla uzunmüddətli sülh istəyirsə, onun vəzifəsi yalnız sülh sazişi üzrə danışıqlar aparmaq deyil. O, eyni zamanda cəmiyyəti yeni regional reallığa hazırlamalıdır. Çünki bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, digər tərəfdən Qarabağda Azərbaycan dövlətinin həyata keçirdiyi hər addımı daxili auditoriya üçün “itirilmiş ərazi” psixologiyası ilə təqdim etmək sülhün ictimai bazasını yaratmır.

Əksinə, keçmişi gələcəyə daşıyır.

Məğlubiyyəti qəbul etmək hələ sülhü qəbul etmək deyil

Burada daha fundamental fərq ortaya çıxır. Müharibənin nəticəsini qəbul etmək ilə sülhü qəbul etmək eyni şey deyil. Müharibənin nəticəsi siyasi və hərbi reallıqdır. Sülh isə şüurlu siyasi seçimdir.

2020-ci ildən, xüsusilə 2023-cü ilin sentyabrından sonra Ermənistanın qarşısında əvvəlki status-kvonu qorumaq imkanları faktiki olaraq aradan qalxdı. Azərbaycan bütün ərazisində suverenliyini bərpa etdi. Bunun ardınca Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanımağa başladı və iki dövlət arasında sülh gündəliyi yeni mərhələyə daxil oldu.

Lakin indi əsas sual budur: Ermənistan yalnız yaranmış reallığı qəbul edir, yoxsa həmin reallıq əsasında yeni münasibətlər sistemi qurmağa da hazırdır?

Bu iki mövqe arasında böyük fərq var. Birinci halda sülh məcburi fasilə kimi qəbul edilir. İkinci halda isə keçmiş münaqişədən gələcəyə doğru siyasi transformasiya baş verir. Qarabağa diplomatik korpusun səfərinə reaksiyalar göstərir ki, Ermənistan cəmiyyətinin müəyyən hissəsində bu transformasiya hələ başa çatmayıb.

Sülh müqaviləsi ilə sülh mədəniyyəti arasında

Cənubi Qafqazın gələcəyi baxımından bəlkə də ən vacib məsələ budur.

Sülh sazişini hökumətlər imzalayır. Sülhü isə cəmiyyətlər yaratmalı və yaşamalıdır.

Diplomatik sənəddə “ərazi bütövlüyünü tanıyıram” yazmaq mümkündür. Lakin qonşu dövlətin ərazisinə köhnə siyasi coğrafiyanın gözü ilə baxmağa davam edilirsə, həmin tanınmanın ictimai-siyasi məzmunu natamam qalır.

Postmünaqişə sülhünün üç səviyyəsi var: hüquqi tanınma, siyasi qəbul və ictimai-psixoloji adaptasiya. Birincisi olmadan sülh mümkün deyil. İkincisi olmadan sülh dayanıqlı deyil. Üçüncüsü olmadan isə keçmiş münaqişənin gələcək nəsillərdə yenidən istehsalı təhlükəsi qalır.

Məhz buna görə Ermənistanın siyasi elitasının məsuliyyəti yalnız Azərbaycanla hansı sənədə imza atacağı ilə ölçülməyəcək. Onun tarixi məsuliyyəti həm də öz cəmiyyətinə nə söyləyəcəyi ilə müəyyənləşəcək.

Qarabağın Azərbaycan ərazisi olduğunu deyib sonra xarici diplomatların Qarabağa getməsinə etiraz etmək olmaz.

Azərbaycanın suverenliyini tanıyıb həmin suverenliyin gündəlik təzahürlərini mübahisələndirmək olmaz.

Sülhdən danışıb cəmiyyətdə “itirilib, amma unudulmayıb” psixologiyasını yaşatmaq da olmaz.

Çünki bu halda münaqişə hüquqi müstəvidə bitsə belə, siyasi şüurda davam edir.

Qarabağa gedən diplomatlar əslində nəyi göstərdilər?

150 diplomatın Qarabağa səfəri Azərbaycanın suverenliyini yaratmadı. Azərbaycanın Qarabağ üzərində suverenliyinin beynəlxalq legitimliyi diplomatların səfərindən asılı da deyil.

Amma həmin səfər mühüm bir məqamı da ortaya sərdi – bir vaxtlar danışıqlar masasında mübahisə predmeti olan ərazilərdə bu gün Azərbaycan dövləti yollar çəkir, universitet yaradır, yaşayış məntəqələri qurur, iqtisadi fəaliyyət təşkil edir, tarixi və dini abidələrin qorunmasına görə məsuliyyət daşıyır və xarici diplomatları öz ölkəsinin digər bölgələrinə apardığı kimi həmin ərazilərə də aparır.Bunun özü postmünaqişə reallığıdır.

Bu reallığa etiraz etmək onu dəyişmir. Əksinə, Ermənistan üçün daha mühüm sualı gündəmə gətirir: ölkə keçmiş münaqişənin siyasi coğrafiyasında yaşamağa davam edəcək, yoxsa qonşularının suverenliyini qarşılıqlı şəkildə qəbul edən yeni Cənubi Qafqazın qurulmasında iştirak edəcək?

Əgər həqiqətən davamlı sülh istənilirsə, seçim ikincinin xeyrinə edilməlidir.

Çünki sülh yalnız silahların susması deyil. Sülh keçmişin ərazi iddialarının başqa adlar, başqa simvollar və başqa narrativlər altında yaşadılmasından imtina etməkdir. Sülh qonşunun tarixinin mövcudluğuna dözümlülük, onun mədəni irsinə hörmət, ən başlıcası isə onun suverenliyini yalnız siyasi bəyanatda deyil, gündəlik siyasi davranışda qəbul etməkdir.

Sülh qonşunun sərhədini xəritədə tanımaqdan başlayır. Amma yalnız onun həmin sərhədlər daxilində suverenliyini qeyd-şərtsiz qəbul etdikdə gerçəkliyə çevrilir.

Qarabağa son diplomatik səfərin Ermənistan üçün əsl “suverenlik sınağı” olmasının səbəbi də məhz budur.

Əməkdar jurnalist Xalid Niyazov alimlik dərəcəsi aldı | Modern.az

Xalid Niyazov,

Bakı Dövlət Universiteti “Qərbi Azərbaycan

Araşdırmaları Mərkəzi”nin direktoru,

Siyasi elmlər doktoru

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*