Turizmdə qiymətlər, xidmət və kadr problemi: Azərbaycan hansı mərhələdədir?backend

Turizmdə qiymətlər, xidmət və kadr problemi: Azərbaycan hansı mərhələdədir?

Azərbaycanda turizm sektorunun inkişafı üçün xidmət keyfiyyətinin yüksəldilməsi, qiymət siyasətində şəffaflığın təmin olunması və turizm mövsümünün ilboyu davam etdirilməsi əsas istiqamətlərdən hesab olunur. Hotel, restoran və digər turizm obyektlərində xidmət standartlarına nəzarətin gücləndirilməsi, turist hüquqlarının daha effektiv qorunması, regionlarda festivalların, mədəni və qastronomik tədbirlərin sayının artırılması sektorun inkişafına töhfə verə bilər.

Lakin ölkənin turizm potensialı geniş olsa da, xidmət səviyyəsinin yüksəldilməsi, qiymətlərin göstərilən xidmətə uyğunlaşdırılması və turizm tədbirlərinin sistemli şəkildə təşkili ilə bağlı problemlər hələ də aktuallığını qoruyur.

Bəs Azərbaycan turizm sektorunda real dinamikanın qarşısını alan əsas amillər hansılardır?

Mövzu ilə bağlı Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda xidmət keyfiyyətinin yüksəldilməsi və sektorun rəqabət qabiliyyətinin artırılması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən davamlı monitorinq və nəzarət mexanizmləri həyata keçirilir.

Onun sözlərinə görə, bu mexanizmlərin müasir tələblərə uyğun şəkildə davamlı təkmilləşdirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var. Ekspert hesab edir ki, əsas məsələ yalnız qiymətlərə nəzarət etmək deyil, göstərilən xidmətin onun qiymətinə uyğunluğunu təmin etməkdir.

“Xüsusilə turistlərin sıx olduğu dövrlərdə bəzi turizm obyektlərində qiymətlərin kəskin dəyişməsi ölkənin turizm imicinə və turist məmnuniyyətinə mənfi təsir göstərə bilər.

Bu baxımdan şəffaf qiymət siyasəti, xidmət standartlarına əməl olunması və istehlakçı hüquqlarının qorunması istiqamətində daha effektiv mexanizmlər formalaşdırılmalıdır. Eyni zamanda, hotel, restoran və digər turizm obyektlərində mütəmadi maarifləndirici və qiymətləndirici monitorinqlərin aparılması xidmət mədəniyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər”, – deyə R.Quliyev qeyd edib.

Assosiasiya rəsmisi turizm mövsümünün yalnız yay ayları ilə məhdudlaşmamasını da vacib hesab edir. Onun fikrincə, ilboyu müxtəlif festivalların, mədəni və qastronomik tədbirlərin keçirilməsi həm xarici turistlərin Azərbaycana marağını artıra, həm də regionlarda daxili turizmin canlanmasına şərait yarada bilər.

“Belə tədbirlərin keçirilməsində dövlət qurumları ilə yanaşı, yerli icmaların, turizm şirkətlərinin və özəl sektorun iştirakı da daha geniş təmin olunmalıdır.

Turizmin davamlı inkişafı üçün xidmət keyfiyyəti, qiymət şəffaflığı, kadr hazırlığı, infrastruktur və effektiv marketinq bir-birini tamamlayan istiqamətlər kimi qəbul edilməlidir. Əsas məqsədimiz Azərbaycana gələn turistin yalnız bir dəfə deyil, yenidən ölkəmizə səfər etmək istəyəcəyi yüksək xidmət mühiti formalaşdırmaq olmalıdır”, – deyə R.Quliyev vurğulayıb.

Azərbaycan Ekoturizm Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Samir Dübəndi isə hesab edir ki, monitorinqlərin gücləndirilməsi və qiymətlərə nəzarətlə bağlı təkliflər irəli sürülərkən bu mexanizmlərin konkret olaraq hansı qurum tərəfindən həyata keçiriləcəyinin dəqiq müəyyənləşdirilməsi vacibdir.

“Məncə, burada əsas məsələ yalnız monitorinqlərin sayını artırmaq deyil. Xidmət keyfiyyəti kadr hazırlığı, standartlar, istehlakçı hüquqlarının müdafiəsi, şəffaf qiymət siyasəti, sağlam rəqabət və real nəzarət mexanizmlərinin birlikdə işləməsindən asılıdır.

Dövlət Proqramının özündə də turistlərin gözləntiləri ilə real təcrübələri arasında, xüsusilə qiymət, gigiyena və müştəri xidməti üzrə fərqlərin olduğu qeyd edilir. Bu isə tənzimləmə, nəzarət və kadr hazırlığının gücləndirilməsini tələb edir”, – deyə S.Dübəndi bildirib.

Ekspert festivalların və digər kütləvi turizm tədbirlərinin artırılmasının faydalı vasitə olduğunu, lakin bunun təkbaşına turizmin davamlı inkişafını təmin etmədiyini vurğulayıb.

“Festival yalnız nəqliyyat əlçatanlığı, hotel və restoran infrastrukturu, düzgün marketinq, münasib qiymətlər, yerli turizm məhsulları və tədbirdən əvvəl və sonra turistin regionda qalmasını təmin edən proqramlarla əlaqələndirildikdə davamlı iqtisadi nəticə yarada bilər.

Dövlət Proqramında da qastronomiya festivalları və turizm əhəmiyyətli tədbirlərin təşviqi nəzərdə tutulur. Lakin bunlar daha geniş turizm siyasətinin yalnız bir hissəsidir”, – deyə o əlavə edib.

S.Dübəndinin sözlərinə görə, turizm mahiyyət etibarilə qurumlararası sahədir. Buna görə də nəqliyyat, iqtisadiyyat, miqrasiya, gömrük, ekologiya, mədəniyyət, yerli icra strukturları və özəl sektor arasında davamlı koordinasiya olmadan yalnız bir qurumun fəaliyyəti sektorun qarşısında duran bütün məsələlərin həllinə kifayət etmir.

O qeyd edib ki, turizm sahəsində dövlət siyasətini və tənzimləməni həyata keçirən Dövlət Turizm Agentliyinin qarşıya qoyulan məqsədləri reallaşdırmaq üçün yetərli institusional imkanlara, eləcə də işlək dövlət–özəl və dövlət–ictimai əməkdaşlıq mexanizmlərinə malik olması vacibdir.

Ekspertin fikrincə, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” bu istiqamətdə yeni mərhələ üçün çərçivə yaradır. Proqramda qurumlararası koordinasiyanın, tənzimləmə və nəzarət mexanizmlərinin, xidmət keyfiyyətinin, kadr potensialının, marketinqin və dövlət–özəl əməkdaşlığının təkmilləşdirilməsi nəzərdə tutulur.

Beləliklə, ekspertlərin fikirlərindən görünür ki, turizmin inkişafı yalnız turist sayının artırılması ilə məhdudlaşmır. Xidmət səviyyəsi, qiymət və keyfiyyət nisbəti, kadr potensialı, infrastruktur, tədbirlərin sistemli təşkili və qurumlararası koordinasiya sektorun dayanıqlı inkişafında bir-birini tamamlayan əsas amillərdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*