İşğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarının tətbiqi həm regionun müasir simasının formalaşdırılmasına, həm də dayanıqlı inkişaf modelinin qurulmasına xidmət edir. Xüsusilə alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və ekoloji tarazlığın bərpası beynəlxalq platformalarda da diqqətlə izlənilir.
Bəs Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə tətbiq etdiyi bu model Ümumdünya Şəhərsalma Forumu – WUF çərçivəsində beynəlxalq maraq doğura bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi layihələr WUF çərçivəsində xüsusi maraq doğura bilər:

Zeynal Əmrəliyev
“Azərbaycan artıq şəhərsalma planının əsas hissəsini tətbiq edib. Hazırda Zəngilan, Füzuli və Şuşa şəhərlərində sıfırdan yaşıllıqların salınması prosesi həyata keçirilir. Məlum olduğu kimi, Zəngilan vaxtilə dünyada analoqu az olan zəngin meşə örtüyünə malik idi. Təəssüf ki, Ermənistanın 30 illik işğalı dövründə həmin meşələr tamamilə məhv edilib. Hazırda isə Azərbaycan bu təbiətin bərpasını həyata keçirir.
Şuşada da şəhərsalma prosesi digər bölgələrdən fərqli şəkildə aparılır və burada tarixi-mədəni irsin qorunması ilə yanaşı, yaşıllıqların bərpasına xüsusi önəm verilir”.
Z. Əmrəliyev qeyd edib ki, Azərbaycanın əsas strateji hədəflərindən biri 2050-ci ilə qədər bölgədə tam şəkildə yaşıl enerjiyə keçidi təmin etməkdir:
“Burada əsas məsələ külək və günəş enerjisindən maksimum səviyyədə istifadə olunmasıdır. Məsələn, Cəbrayıl rayonunda günəş, Kəlbəcər və Laçın rayonlarında isə külək enerjisindən istifadə prioritet istiqamətlərdəndir. Məqsəd bölgənin enerji təminatında təbii resursların payını maksimum səviyyəyə çatdırmaqdır”.
Ekspert hesab edir ki, Azərbaycanın tətbiq etdiyi “ağıllı kənd” və “yaşıl enerji” modeli digər dövlətlər üçün də faydalı təcrübəyə çevriləcək:
“Digər ölkələr şəhərsalma və kəndsalma proseslərində Azərbaycanın tətbiq etdiyi ağıllı kənd modelindən, yaşıl enerjiyə keçid strategiyasından faydalana bilərlər. Bu layihələr həm ekoloji baxımdan, həm də dayanıqlı inkişaf nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
