Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMAbackend

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

İşğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri davam edir. Bu prosesdə Prezidentin xüsusi nümayəndəlikləri mühüm koordinasiya funksiyası həyata keçirir. Eyni zamanda rayon və şəhər icra hakimiyyətləri, mərkəzi icra orqanlarının ərazi strukturları, dövlət agentlikləri və digər qurumlar da fəaliyyət göstərir.

Bəs bir ərazidə bu qədər idarəetmə strukturunun paralel fəaliyyəti nə dərəcədə səmərəlidir? Qarabağ və Şərqi Zəngəzurda rayon icra hakimiyyətlərinin gələcək taleyi necə müəyyənləşə bilər?

Mövzu ilə bağlı Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, əsas məsələ qurumların sayından daha çox onların funksiyalarının dəqiq müəyyənləşdirilməsidir.

Pensiya almaq istəyənlərin diqqətinə | KONKRET

Ekspertin sözlərinə görə, idarəetmə strukturunda çoxsaylı qurumların mövcudluğu avtomatik olaraq problem yaratmır. Əsas risk eyni funksiyanın müxtəlif qurumlar arasında bölüşdürülməsi və nəticəyə görə məsuliyyətin qeyri-müəyyən qalmasıdır:

“Azərbaycan kimi ərazi və əhali baxımından böyük olmayan ölkədə idarəetmə strukturunun həddindən artıq çoxpilləli olması ayrıca iqtisadi və institusional məsələdir. İdarəetmədə əsas prinsip mümkün qədər çox qurum yaratmaq yox, funksiyaları mümkün qədər aydın bölüşdürmək olmalıdır.

Struktur nə qədər sadə, funksional və şəffaf qurularsa, qərarvermə bir o qədər sürətlənir, məsuliyyətin kimə aid olduğu daha aydın görünür, inzibati xərclər optimallaşır və büdcə yükünün artmasının qarşısını almaq mümkün olur. Eyni funksiyanın müxtəlif qurumlar tərəfindən paralel həyata keçirilməsi isə həm resursların dağılmasına, həm də vətəndaş və sahibkar üçün “kim cavabdehdir?” sualının yaranmasına gətirib çıxara bilər”.

A.İbrahimov qeyd edib ki, məsələ korrupsiya riskləri baxımından da institusional əhəmiyyət daşıyır:

“Hər əlavə idarəetmə pilləsi, təkrarlanan səlahiyyət, çoxsaylı razılaşdırma və icazə mexanizmi potensial olaraq əlavə inzibati təmas nöqtəsi yaradır. Strukturun sadələşdirilməsi, səlahiyyətlərin elektronlaşdırılması, qərarvermənin şəffaflaşdırılması və bir funksiyanın bir əsas məsul qurum üzrə müəyyənləşdirilməsi belə risklərin azalmasına xidmət edə bilər.

Burada məqsəd dövlət aparatını mexaniki şəkildə ixtisar etmək deyil. Funksiyası və nəticəsi olmayan və ya bir-birini təkrarlayan strukturlar müəyyənləşdirilməli, idarəetmə sistemi daha rasional qurulmalıdır”.

Ekspert hesab edir ki, bu yanaşma xüsusilə Qarabağ və Şərqi Zəngəzur üçün aktualdır. Çünki həmin ərazilərdə xüsusi nümayəndəliklərlə yanaşı, rayon və şəhər icra hakimiyyətləri, mərkəzi icra orqanlarının ərazi strukturları, dövlət agentlikləri, publik hüquqi şəxslər, infrastruktur və kommunal qurumlar da müxtəlif funksiyalar həyata keçirir.

“Burada əsas problem qurumların çoxluğu deyil. Əsas məsələ eyni ərazi üzrə çoxsaylı qurumların səlahiyyətlərinin bir-birinə hansı həddə toxunması, hansı funksiyanın kimə aid olması və nəticəyə görə kimin cavabdeh qalmasıdır”, – deyə A.İbrahimov vurğulayıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması bərpa və yenidənqurma mərhələsinin çevik koordinasiyasına xidmət edən xüsusi idarəetmə mexanizmidir.

“Bu mexanizmin əsas məqsədi quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır. Xüsusi nümayəndə Prezidentə birbaşa tabedir və müəyyən edilmiş ərazi hüdudlarında dövlət başçısını təmsil edir”.

Ekspertin fikrincə, bu baxımdan xüsusi nümayəndəliklə rayon icra hakimiyyətini eyni funksiyanı daşıyan iki struktur kimi qiymətləndirmək düzgün olmaz. Lakin onların fəaliyyət istiqamətlərinin kəsişdiyi məqamlar varsa, həmin səlahiyyətlərin yenidən nəzərdən keçirilməsi mümkündür.

“Rayon icra hakimiyyətləri avtomatik olaraq nə saxlanılmalı, nə də ləğv edilməlidir”

A.İbrahimov hesab edir ki, Qarabağ və Şərqi Zəngəzurda rayon icra hakimiyyətlərinin gələcək statusu ilə bağlı mexaniki qərar qəbul etmək əvəzinə funksional audit aparılmalıdır:

“Rayon icra hakimiyyətlərinin avtomatik şəkildə saxlanılması və ya mexaniki şəkildə ləğv edilməsi institusional islahat sayıla bilməz. Əvvəlcə həmin ərazilərdə rayon icra hakimiyyətlərinin hansı funksiyalarının xüsusi nümayəndəliklər, hansı funksiyalarının mərkəzi icra orqanlarının ərazi strukturları, hansı funksiyalarının bələdiyyələr və digər qurumlar tərəfindən daha səmərəli həyata keçirilə biləcəyi müəyyənləşdirilməlidir.

Bunun üçün rayonlar üzrə funksional audit aparılmalıdır. Audit yalnız struktur və ştat sayını deyil, bütün idarəetmə zəncirini əhatə etməlidir: səlahiyyət, qərarvermə, maliyyə, kadr, informasiya, satınalma, xidmət göstərilməsi, monitorinq və hesabatlılıq”.

Onun sözlərinə görə, eyni funksiyanı həyata keçirən bir neçə qurum müəyyənləşdirilərsə, həmin qurumların hər birinin rolu ayrıca qiymətləndirilməlidir.

Qarabağda idarəetmə modeli nə vaxt dəyişə bilər?

Ekspert hesab edir ki, xüsusi nümayəndəliklərin mövcudluğu ilə gələcək daimi idarəetmə modeli bir-birinə alternativ kimi təqdim edilməməlidir.

“Bərpa mərhələsində xüsusi nümayəndəlik güclü koordinasiya funksiyasını daşıyacaq. Ərazilərdə məskunlaşma və iqtisadi fəaliyyət dərinləşdikcə onun funksiyalarının bir hissəsi mərhələli şəkildə daimi idarəetmə institutlarına ötürülər. Beləliklə, idarəetmə modelinin özü ərazinin inkişaf mərhələsinə uyğun dəyişə bilər”.

A.İbrahimov hesab edir ki, rayon icra hakimiyyətlərinin gələcək taleyinin müəyyənləşdirilməsi üçün bir sıra meyarlar əsas götürülə bilər. Bunlara əhalinin daimi məskunlaşma səviyyəsi, sosial xidmətlərin sabitliyi, iqtisadi aktivlik, infrastrukturun tamamlanma dərəcəsi, dövlət qurumlarının real funksional yükü, xüsusi nümayəndəliyin koordinasiya ehtiyacının səviyyəsi, qurumlararası təkrarçılıq, yerli idarəetmə potensialı və maliyyə mexanizmlərinin hazır vəziyyəti daxildir.

“Bu meyarlar əsasında hər bir ərazi üçün eyni vaxtda və eyni formada deyil, mərhələli institusional keçid həyata keçirilməsi nəzərdən keçirilə bilər”, – deyə ekspert bildirib.

A.İbrahimov beynəlxalq təcrübədə çoxsəviyyəli idarəetmənin əsas prinsiplərindən birinin funksiyaların müxtəlif idarəetmə səviyyələri arasında aydın bölüşdürülməsi olduğunu qeyd edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı da dövlət səviyyələri arasında siyasətin formalaşdırılması, tənzimləmə, maliyyələşdirmə, xidmətlərin göstərilməsi, monitorinq və qiymətləndirmə kimi funksiyaların dəqiq müəyyənləşdirilməsini vacib hesab edir.

Ekspertin fikrincə, Qarabağ və Şərqi Zəngəzur üçün əsas idarəetmə funksiyalarının kimə aid olduğunu göstərən xüsusi “funksional xəritə” hazırlamaq mümkündür.

“Hər bir əsas dövlət xidməti və idarəetmə funksiyası üzrə beş məsələ dəqiq göstərilməlidir: qərarı kim qəbul edir, maliyyəni kim təmin edir, icranı kim həyata keçirir, nəzarəti kim aparır və nəticəyə görə kim cavabdehdir. Eyni funksiyanın bir neçə qurumun səlahiyyət dairəsinə daxil olduğu hallarda isə əsas məsul qurum ayrıca müəyyən edilməlidir”.

Onun sözlərinə görə, mərkəzi səviyyədə milli təhlükəsizlik, dövlət siyasəti, strateji planlaşdırma, ümummilli infrastruktur və milli standartlar saxlanıla bilər. Ərazi və regional səviyyədə regional inkişaf, iri infrastruktur və bir neçə inzibati vahidi əhatə edən məsələlər, yerli səviyyədə isə gündəlik kommunal xidmətlər, abadlıq, yerli yollar, tullantıların idarə edilməsi və vətəndaşa birbaşa xidmətlər həyata keçirilə bilər.

“Dövlət idarəçiliyində sadə struktur zəif dövlət demək deyil. Əksinə, səlahiyyətləri dəqiq müəyyən edilmiş, qərarvermə kanalları qısa, məsuliyyəti aydın və nəzarət mexanizmləri şəffaf olan struktur daha idarəolunan dövlət sistemi yaradır”.

Ekspertin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda əsas hədəf dövlət qurumlarının sayını sadəcə azaltmaq deyil:

“Əsas hədəf idarəetmə zəncirini sadələşdirmək, səlahiyyətlərin təkrarını aradan qaldırmaq, qərarvermə ilə resursu eyni səviyyədə uyğunlaşdırmaq və vətəndaşın qarşısında məsul qurumu aydın müəyyən etməkdir.

Bir vətəndaşın və ya sahibkarın konkret məsələ ilə bağlı hansı quruma müraciət etməli olduğunu bilməsi, həmin qurumun isə məsuliyyət zəncirini aydın göstərməsi idarəetmənin keyfiyyət göstəricilərindən biridir”.

A.İbrahimov əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni idarəetmə sistemi gələcəkdə daha geniş dövlət idarəçiliyi islahatları üçün də nümunə rolunu oynaya bilər.

“Dünyada çoxsəviyyəli idarəetmə, desentralizasiya, regional koordinasiya və institusional sadələşdirmə üzrə kifayət qədər təcrübə mövcuddur. Məsələ həmin təcrübəni Azərbaycanın hüquqi, iqtisadi və idarəetmə xüsusiyyətlərinə uyğunlaşdırmaqdır.

Eyni funksiyanı yerinə yetirən, eyni əraziyə xidmət göstərən və mahiyyət etibarilə eyni idarəetmə funksiyasını daşıyan qurumların paralel saxlanılması yalnız onların arasında obyektiv və ölçülə bilən funksional fərq olduğu halda əsaslandırıla bilər. Belə fərq yoxdursa, institusional sistemin sadələşdirilməsi gündəmə gələ bilər”.

Beləliklə, ekspertin yanaşmasına görə, Qarabağ və Şərqi Zəngəzurda rayon icra hakimiyyətlərinin gələcəyi ilə bağlı əsas məsələ onların sadəcə saxlanılması və ya ləğvi deyil, hansı funksiyanı hansı qurumun daha səmərəli həyata keçirə biləcəyinin müəyyənləşdirilməsidir. İdarəetmə modelinin gələcəkdə ərazilərin məskunlaşma, iqtisadi inkişaf və sosial sabitlik səviyyəsinə uyğun mərhələli şəkildə dəyişdirilməsi də mümkün variant kimi nəzərdən keçirilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*