Qarabağı abadlaşdırmaq üçün nə qədər vəsaitə ehtiyac var? – Şərhbackend

Qarabağı abadlaşdırmaq üçün nə qədər vəsaitə ehtiyac var? - Şərh

İşğaldan azad olunan ərazilərdə mükəmməl infrastruktur qurulsa, təhlükəsizliklə bağlı məsələlər həllini tapdıqdan sonra perspektivlər açılacaq. Amma biz bilməliyik ki, ilkin mərhələdə Qarabağa milyrdlarla manat qoymaq lazım gələcək. Sözsüz ki, hökumət bu xərcləri üzərinə götürəcək, çünki başqa yolumuz yoxdur. Yəni ilk illərdə biz bu ərazilərə yatırımlar etməliyik. Sonrakı illərdə isə oradan gəlirlər gəlməlidir.

KONKRET.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a iqtisadçı Natiq Cəfərli deyib.

O, xatırladıb ki, işğaldan azad olunan ərazilərin güclü iqtisadi potensialı var: “Aqrar sahədə, turizmdə bu ərazilər böyük imkanlara malikdir. Amma bunun üçün biz həmin bölgələri artıq XXI əsr şəhərlərinə çevirməliyik. Zatən düşmən şəhərləri darmadağın edib, daşı-daş üstündə qoymayıb. Hər bir şəhərin öz ruhunu, qədim tərəflərini saxlamaqla oranı XXI əsr şəhərlərinə çevirməliyik. Burada böyük potensial yaranacaq. Üstəlik xarci şirkətlərin də marağı özünü göstərəcək. Çünki böyük investisiyalar layihələri olacaq. Bu bölgənin aqrar sahədə də böyük potensialı var. Azərbaycanın digər bölgələrində suvarma sistemi vardısa, indi bu problemini də həll etmək mümkün olacaq. Nəzərə alın ki, 44 günlük müharibədən sonra kifayət qədər böyük su resursları da əldə olunub. Bu həm də o bölgələrdə aqrar sahə üçün yeni fürsətlər açır. Odur ki, potensial böyükdür, amma ilk illərdə Azərbaycan büdcəsindən bu ərazilərə milyardlarla manat pul qoyulması lazım olacaq”.

Natiq Cəfərlinin hesablamalarına görə, yaxın 3 ildə Azərbaycan dövlət büdcəsindən əlavə olaraq işğaldan azad edilən bölgələrin infrastruktur və yenidən qurulma işlərinə 3-4 milyard pul ayırması lazımdır: “Bir sözlə, yaxın 3 ildə 10-15 milyard manat vəsaitə ehtiyac yaranacaq. Bu maliyyə ilə təhlükəsizlik, bərpa, infrastruktur işlərini ilkin mərhələdə həll oluna bilər. Sonra isə prosesə biznes, xarici investorlar qoşulmalıdır. Çünki yalnız büdcə hesabına bu işləri başa çatdırmaq olmaz”.

Mütəxəssis həmçinin qeyd edib ki, işğaldan azad olunan bölgələrlə bağlı mərkəzləşdirilmiş sistem olmalıdır: “Açığı, biz bu bölgələrlə bağlı tələbə şəhərçikləri haqqında düşünməliyik, universitetlərimizin bəzilərini ora köçürmək və ya nüfuzlu dünya universitetlərinin orada filiallarının açılması haqqında düşünməliyik. Universitetlər indi dünyada həm də iqtisadi potensial yaradan obyektə çevrilib. Bunun haqqında düşünmək olar. Bu məsələlərə kompleks yanaşmaq lazımdır. Obrazlı desək Ağdam şəhərində emal müəssisəsi olacaqsa, əvvəlcədən elə mexanizm qurulmalıdır ki, onun xammalı Füzulidən, Cəbrayıldan və ya Zəngilandan gəlsin. Bu mənada mərkəzləşdirilmiş bərpa və inteqrasiya mərkəzindən bu işləri həyata keçirmək lazımdır. Şəhərlərimizin ayrı-ayrılıqda bərpası mümkündür, amma bu effekt verməyəcək. Əksinə, düşünülmüş, sistemli və ardıcıl addımların atılması çox vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*