Bazar günü Pakistanın Kəraçi şəhərində beynəlxalq hava limanında törədilən bombalı hücum nəticəsində ikisi Çin vətəndaşı olmaqla üç nəfər ölüb. Hücum Şanxay Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən sammitindən bir neçə gün əvvəl baş verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti Bəlucistan Azadlıq Ordusu üzərinə götürüb. Bəlucistan Qurtuluş Ordusu jurnalistlərə göndərdiyi elektron məktubda hücumun bombaya ilişmiş avtomobillə həyata keçirildiyini və başda mühəndis olmaqla Çin vətəndaşlarını hədəf aldığını bildirib. Hücum nəticəsində ümumilikdə 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Çin rəsmisi açıqlamasında deyib: “Çinin Pakistandakı səfirliyi və baş konsulluğu bu terror aktını qətiyyətlə pisləyir, həlak olanlara dərin hüznlə başsağlığı verir, hər iki ölkədən yaralananlara və onların ailələrinə başsağlığı verir.
Çin rəsmiləri Pakistan təhlükəsizlik rəsmiləri ilə əməkdaşlıq etdiklərini bildiriblər. Pakistanın baş naziri Şahbaz Şərif istintaqın davam etdiyini bildirib. Şərif X sosial media platformasında verdiyi açıqlamada vurğulayıb ki, “Pakistan çinli dostlarımızı qorumaqda qərarlıdır. Onların təhlükəsizliyini və rifahını təmin etmək üçün əlimizdən gələni edəcəyik” Qeyd edək ki, Pakistan paytaxt İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi etmək üçün hazırlıqlara başlayıb. Pakistan bu sammitdə son 10 ildə ilk dəfə Hindistanın xarici işlər nazirini qəbul edəcək. Sammitdə bir çox yüksək çinli rəsmilərin iştirakı gözlənilir. Yeri gəlmişkən, Bəlucistan Azadlıq Ordusu Bəlucistan əyalətini Pakistandan ayırmağı hədəfləyən bir təşkilatdır. Təşkilatın avqust ayı ərzində həyata keçirdiyi hücumlar nəticəsində 70 nəfər həyatını itirib. Təşkilat xüsusi olaraq Çin şirkətlərini və Çin vətəndaşlarını hədəf alır. Daha əvvəl çinli mühəndisləri və Çin konsulluğu işçilərini öldürən təşkilat Çini “müstəmləkəçi güc” olaraq görür. Təşkilatın hərəkətləri Çinin regiona yatırdığı bir çox investisiyalara, o cümlədən Çin sədri Si Cinpinin “Bir kəmər və yol” layihəsinin bir hissəsi olan Çin-Pakistan İqtisadi Dəhlizinə təsir göstərir.
Natiq Səlim,
KONKRET.az