Qazaxlı jurnalist Tokayevdən onu polisdən qorumağı xahiş etdibackend

Qazaxlı jurnalist Tokayevdən onu polisdən qorumağı xahiş etdi

Çimkəndli jurnalist Marina Nizovkina Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə polisin təzyiqi ilə bağlı müraciət edib.

KONKRET.az xəbər verir ki, o, özünün Facebook səhifəsində müvafiq videomüraciət yerləşdirib.

“Mən fəal vətəndaş mövqeyinə malik jurnalistəm, yol təhlükəsizliyi, Çimkənddəki tıxaclar, həm sürücülərin, həm də polis əməkdaşlarının qayda pozuntuları barədə çox yazıram. Son vaxtlar jurnalist işimdə özümü təhlükəsiz hiss etmirəm. Biz, şəhər sakinləri, çox vaxt Çimkəndin yollarında uşaqların öldüyü çoxlu qəzaların şahidi oluruq, buna susmaq mümkün deyil. Amma polisin təzyiqi ilə üzləşirəm, təqib qurbanı olmamaq üçün ehtiyatla yazmağa məcburam”.

Jurnalistin sözlərinə görə, oktyabrın ortalarında o, patrul polisi alayının rəhbərliyinin Çimkənd Polis İdarəsinə qarşı iddiaları ilə bağlı məhkəmələrə getməyə başlayıb: “İşçilər qeyri-qanuni hesab etdikləri qərara etiraz ediblər. Bütün məhkəmə proseslərinin nəticələri ilə bağlı yekun materialı yazacaqdım, amma dəhşətli təzyiqlərə məruz qaldım. Mənim yazdıqlarımda heç bir böhtan yoxdur. Amma buna baxmayaraq, indi özümü təhlükəsiz hiss etmirəm. Öz təhlükəsizliyimdən və ailəmin təhlükəsizliyindən qorxuram. Niyə rayonda polis işçisi azyaşlı oğlumun sənədlərini məndən tələb etməlidir? İnanıram ki, indi fəaliyyətim təzyiq və təhdid altında olacaq. Axşam işdən evə gec getməyə, maşın sürməyə qorxuram, çünki müxtəlif təxribatlar ola bilər.

Hörmətli Prezident, sizdən xahiş edirəm ki, Çimkent polisiylə bağlı ölçü götürəsiniz. İnanıram ki, bizim polislər obyektiv olacaq”.

Noyabrın 8-də bildirilib ki, Çimkənd Polis İdarəsinin rəisinin birinci müavini jurnalisti şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqda ittiham edib. Bir neçə gün sonra məhkəmə Nizovkinanın sözlərində böhtan əlaməti tapmadıqlarına görə işi dayandırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*