Qəbul imtahanında ikinci şansın üstünlüyü nədir? – Ekspert AÇIQLADIbackend

Qəbul imtahanında ikinci şansın üstünlüyü nədir? - Ekspert AÇIQLADI

İkinci şans qəbul imtahanlarının birincidən daha asan olduğu ilə bağlı abituriyentlər arasında müxtəlif fikirlər səsləndirilir. Bəziləri hesab edir ki, ikinci imtahanda suallar daha rahatdır, digərləri isə bunun sadəcə psixoloji amillərlə bağlı olduğunu düşünür.

Bəs həqiqətən də ikinci cəhd daha asan keçirilir, yoxsa bu, hazırlıq səviyyəsinin artmasının nəticəsidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, ikinci imtahanın daha asan görünməsinin əsas səbəbi abituriyentlərin ilk imtahandan sonra öz üzərlərində daha ciddi işləmələridir.

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

Onun sözlərinə görə, birinci blok imtahanında aşağı nəticə göstərən abituriyentlər növbəti imtahana qədər olan vaxtdan səmərəli istifadə edərək biliklərini möhkəmləndirirlər:

“Birinci cəhddə istədiyi nəticəni əldə edə bilməyən abituriyentlər ikinci imtahana qədər daha ciddi hazırlaşırlar. Onların əlavə vaxtı olur və bu müddətdə zəif tərəflərini gücləndirirlər. Nəticədə mövzulara daha yaxşı yiyələnirlər. Abituriyent suallara hakim olduqda, təbii ki, həmin suallar ona daha asan görünür.”

Ekspert qeyd edib ki, imtahanların çətinlik dərəcəsi ilə bağlı qiymətləndirmədə daha çox müəllimlərin rəyi nəzərə alınmalıdır:

“Qəbul imtahanlarından sonra müəllimlərin fikrini daha obyektiv hesab edirəm. Onların ümumi qənaəti belə idi ki, hər iki imtahanın çətinlik səviyyəsi demək olar eynidir. Cüzi fərqlər olsa da, ümumi səviyyə qorunub saxlanılıb.”

R.Nurəliyev əlavə edib ki, ilk blok imtahanında, xüsusilə III ixtisas qrupu üzrə tarix fənnindən sualların nisbətən asan olması da müəllimlər tərəfindən qeyd edilib. Bununla belə, ümumi yanaşmada imtahanların çətinlik səviyyəsi arasında ciddi fərq müşahidə edilməyib.

Ekspert vurğulayıb ki, eyni səviyyədə tərtib olunan suallar yaxşı hazırlaşan abituriyent üçün rahat, kifayət qədər hazırlaşmayanlar üçün isə çətin görünür. Onun fikrincə, ikinci imtahanın daha asan olduğu barədə formalaşan təsəvvür əsasən abituriyentlərin hazırlıq səviyyəsinin yüksəlməsi və ilk imtahandan qazandıqları təcrübə ilə bağlıdır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*