“Qələbə yaxınlaşdıqca, düşmən azğınlaşır” – Kritik durumbackend

“Qələbə yaxınlaşdıqca, düşmən azğınlaşır” – Kritik durum

“Arxada qalan hər gün Azərbaycanı qələbəyə yaxınlaşdırmaqla yanaşı, düşmənlərimizi də azğınlaşdırır. Bu dəfə söhbət döyüş meydanındakı açıq düşmənlərdən deyil, bizə qarşı iyrənc təbliğat kampaniyası aparan daha məkrli düşmənlərdən gedir. Xüsusilə də Qərb ölkələrindəkilərdən…”

KONKRET.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Qərb dövlətlərində Azərbaycana qarşı aparılan əks-təbliğata diqqət çəkib:

“Rusiyadakı Solovyovkimilər və onların başına toplaşan quzğun sürüsü ilə bağlı hər şey aydındır və belələrinin təbliğatının dəyəri də uzaqbaşı elə özləri qədərdir. Digər tərəfdən, məlumdur ki, onlar öz dövlətlərinin konkret siyasi sifarişini yerinə yetirirlər. Sabah digər tapşırıq gələndə tamamilə başqa nağıllar danışacaqlar.

Qərb ölkələrindəki erməni təbliğatçıları isə tamamilə başqa bir mövzunun predmetidir. Əvvəla ona görə ki, həmin ölkələrdə belə təbliğat ictimai rəyə, son nəticədə də siyasi qərarlara təsir göstərir. İkincisi, onların təbliğatı Rusiyadakıların gördüyü işdən prinsipial fərqli olmaqla yanaşı, həm də dəfələrlə daha məkrlidir.

Rusiya təbliğatçıları da, onların çıxış elədiyi telekanallar da öz ölkələrinin əhalisində ikrah doğurduğundan, belələrinin işinin effekti sıfır səviyyəsindədir. Digər tərəfdən antidemokratik Rusiyada ictimai rəyin siyasi qərarlara heç bir təsiri yoxdur. Bir nəfər qərar verir, qalanları isə onu icra, imitasiya və ya sabotaj edir”.

Ərəstun Oruclu Qərb ölkələrində vəziyyətin Rusiyadan tamamilə fərqli olduğunu bildirib:

“Demokratik Qərb cəmiyyətlərində insanlar yazılanlara və deyilənlər daha çox inanırlar. Xüsusilə də söhbət onların heç bir məlumatı olmadığı ölkələrdən və onların arasındakı münasibətlərdən, münaqişələrdən gedəndə. Ona görə də onların rəyi ilə manipulyasiya eləmək çox da çətin deyil.

Təbliğatçılar, lobbiçilər də bunu yaxşı anladıqlarından ən həyasız yalanlara əl atırlar. Sadə bir misal: ABŞ-ın Ermənistandakı keçmiş səfiri, stajlı erməni lobbiçisi Con Evans Tvitter hesabında yazır ki, mümkündür ermənilərin Gəncəyə atdığı raket təsadüfən yaşayış binasına düşüb, Stepanakert isə daim bombardman altındadır.

Elə həmin Tvitter hesabının divarında asılmış tvitində isə o, qondarma soyqırım haqda yazdığı cızmaqarasını artıq Amazondan almaq mümkün olduğunu reklam edir. Adam bir növ baş verən faciəni öz maddi marağı naminə istismar edir və bilir ki, sadə amerikalıların böyük əksəriyyəti buna diqqət yetirməyəcək.

Belə nümunələrdən onlarla göstərmək olar, amma əsas məsələ onlara öz iyrənc niyyətlərini reallaşdırmağa imkan verməməkdir. Ona görə də yazdıqlarına reaksiya vermək və belələrini ifşa eləmək lazımdır. İnsanlar bir çox hallarda reaksiyaları da izləyirlər və onda bu insan faciələri üzərində alverçilərə etimad itir.

Bunu da qeyd edim ki, bu gün elə həmin Tvitterdə yüzlərlə fədakar azərbaycanlı gənc çox yüksək səviyyədə iş aparır. Onlar Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, düşmənin və onun havadarlarının apardığı iyrınc təbliğatı da ifşa eləməklə əvəzsiz iş görürlər. Bu, bizim savaşımızın çox önəmli bir parçasıdır”.

mənbə:teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*