Rusiyanın Ukraynaya müharibə elan etməsi dünyanın düzənini və gündəmini dəyişib. Bir ços siyasi ekspertlər və analitiklər müharibənin sonucları haqda müxtəlif fikirlər səsləndirirlər. Bəzi analitiklər hesab edirlər ki, müharibə Rusiyanı 3-4 ildən sonra çökdürəcək. Digərləri isə Ukraynanın məğlubiyyətinin yeni dünya düzənində böyük dəyişikliklərə səbəb olacağı haqda fikirlər irəli sürürlər.
Dünyanın gündəmini zəbt edən mövzu ilə bağlı KONKRET.az-a özəl açıqlama verən politoloq Zərdüşt Əlizadə bir sıra maraqlı məqamlara toxunub. Politoloq hesab edir ki, bu mərhələdə Rusiya qələbə qazanıb. Amma sonuc Kreml üçün çox kədərli olacaq: “Çünki Rusiyanın dövlət quruluşu səmərəsizdir. Hakim-siyasi zümrəsi millətə yad olan oğru ünsürlərdən təşkil edilib. Dövlət quruluşu rus xalqının yaradıcı qüvvəsini məhv etməklə məşğuldur. İnsan azadlıqları və vətəndaş hüquqları tapdalanıb. Rusiya əməli olaraq faşist dövlətinə çevrilib. Bu dövlətin başında xəstə təfəkkürlü şəxs əyləşib. Təhlükəsizlik Şurasının iclası göstərdi ki, struktur tamamilə iradəsiz, səriştəsiz və savadsız insanlardan təşkil olunub. Ona görə də, bu dövlətin gələcəyi yoxdur”.
Zərdüşt Əlizadə əlavə edib ki, Rusiyanın hədsiz təbii sərvətləri var: “Məhz bu təbii sərvətlərin hasilatı və satışı Rusiya dövlətinin yaşamasına imkan verir. Amma vaxtilə Sovet dövründə əldə edilən böyük elmi-sənaye və bəşəri potensial sürətlə aşınır, təhsili məhv olur. Belə bir şəraitdə Rusiya Ukraynaya qarşı təcavüz edib. Bütün dünya bu təcavüzü tanıyır və pisləyir. Rusiyaya qarşı artan xəttlə müxtəlif cəza tədbirləri və sanksiyalar tətbiq ediləcək. Düşünürəm ki, ən sərt cəza tədbiri Qərb dövlətlərinin öz tamahlarını kənara qoyub Rusiya hakim-siyasi elitasının son 30 ildə xalqdan oğurlayaraq Avropaya yerləşdirdiyi böyük mülikiyyəti müsadirə etməsi olardı. Bu, Rusiyanın hakim sinfinin Putini hakimiyyətdən kənarlaşdırmasına məcbur edə bilər. Amma hava limanlarına, banklara qarşı cəza tədbirlərinin tətbiqi , yaxud SVİFT-dən çıxarmaqla hədələnmələrin Rusiya iqtisadiyyatına təsir imkanları çox az olacaq. Çünki Rusiya çox böyük dövlətdir. İkincisi də, Moskvanın digər bazarları (Cənub bazarı, Çin və sairə) mövcuddur. Həm də Rusiya dünyada yeganə avtoritar dövlət deyil. Onun avtoritar müttəfiqləri və tərəf müqabilləri də mövcuddur”.
Politoloqun sözlərinə görə, proseslərin gedişi Ukrayna ordusunun və cəmiyyətinin müqavimət gücündən asılı olacaq: “Ukrayna ordusu iki-üç gün də müqavimət göstərə bilsə, o zaman Rusiya istəyinə bu cür asanlıqla nail olmayacaq. Rusiya Putinin dili ilə öz məqsədlərini açıq şəkildə izah edib. Ukraynanın bir dövlət kimi ordusunu təcrid etmək, silahsızlaşdırmaq istəyir. Eyni zamanda Putin Zelenskini hakimiyyədən uzaqlaşdırıb onun yerinə hansısa bir rus müqəvvasını əyləşdirmək niyyətindədir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az