Gürcüstanın paytaxtı Tbilisidə dəfələrlə dələduzluq və saxta sənəd hazırlamaq ittihamı ilə bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
KONKRET.az 24News.ge-yə istinadən xəbər verir ki, şübhəli şəxs Tbilisidəki lombardlardan birində saxta kodlu mobil telefonu girov qoymağa çalışarkən saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sübut kimi götürülmüş qutunu açdıqda, içərisində real telefon əvəzinə gipsdən hazırlanmış, mobil telefona bənzər əşyanın olduğunu müəyyən ediblər.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs digər şəxslə birlikdə müxtəlif lombardlarda mobil telefonlara bənzəyən altı saxta əşyanı girov qoyub. Bununla da şirkətlərə əhəmiyyətli zərər vurulduğu bildirilir.
Əməliyyat-istintaq tədbirləri nəticəsində bir nəfər saxlanılıb. Cinayətdə iştirak etdiyi bildirilən digər şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Sübut kimi dələduzluq yolu ilə əldə edilmiş pulun bir hissəsi, mobil telefon imitasiya modelləri və saxta zəmanət sənədləri götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci, 19-180-ci və 362-ci maddələri ilə istintaq aparılır. Sözügedən maddələr üzrə 9 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.\\oxu.az
