“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına(TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər Türk dünyasının qarşısında yeni mərhələnin dayandığını göstərir”.
KONKRET.az Bu sözləri siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
F. Şahbazlı bildirib ki, Prezidentin TDT-nin çox böyük beynəlxalq nüfuza malik təşkilat kimi xarakterizə etməsi və bu qurumu aparıcı beynəlxalq təşkilatlardan birinə çevirmək üçün çağırış etməsi mühüm siyasi mesajlardır:
“Burada söhbət yalnız mövcud reallığın təsvirindən getmir, həm də qarşıya konkret strateji hədəf qoyulur. Türk Dövlətləri Təşkilatı artıq yalnız ortaq tarix, dil və mədəniyyət əsasında fəaliyyət göstərən platforma deyil. Onun qarşısında bu potensialı beynəlxalq siyasətdə real təsir imkanına çevirmək vəzifəsi dayanır”.
Onun sözlərinə görə, Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır:
“Prezident çıxışında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir. O, özünün təşkilata üzv ölkələrə çoxsaylı səfərlərini və TDT-yə üzv dövlətlərin başçılarının Azərbaycana səfərlərini xatırladaraq, münasibətlərin intensivliyinə və səmərəliliyinə diqqət çəkdi. Dövlət başçısı eyni zamanda bildirdi ki, Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilələr və bəyannamələr imzalayıb. Yəni bu, ikitərəfli qarşılıqlı əlaqələrin ən yüksək səviyyəsidir və həmin müqavilələr uğurla həyata keçirilir”.
F. Şahbazlı qeyd edib ki, Prezidentin Azərbaycanın ikitərəfli gündəliyinin ilk növbədə Türk dünyası ölkələrinə yönəldiyini vurğulaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycanın Türk dünyasına münasibəti sadəcə tarixi və mədəni yaxınlıqla izah oluna bilməz. Burada artıq formalaşmış siyasi etimad, müttəfiqlik münasibətləri və qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq modeli var. Bu baza TDT-nin daha güclü institusional platformaya çevrilməsi üçün mühüm imkan yaradır”.
Siyasi şərhçinin fikrincə, Prezidentin regional təhlükəsizlik məsələsini xüsusi vurğulaması da TDT-nin gələcək roluna dair mühüm mesajdır:
“Dünyada təhlükəsizlik arxitekturasının sürətlə dəyişdiyi bir vaxtda Türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı yeni məzmun qazanmalıdır. Bu gün təhlükəsizlik yalnız hərbi təhlükələrlə məhdudlaşmır. İnformasiya, kiberməkan, enerji, nəqliyyat, transmilli cinayətkarlıq və yeni texnologiyalarla bağlı risklər də diqqətdə olmalıdır. Buna görə TDT çərçivəsində təhlükəsizlik üzrə koordinasiyanın gücləndirilməsi strateji əhəmiyyət daşıyır”.
F. Şahbazlı hesab edir ki, TDT-nin gələcəyində gənclər amili də ən az təhlükəsizlik və iqtisadi əməkdaşlıq qədər əhəmiyyətlidir:
“Prezidentin gənc nəslin vətənpərvərlik və milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması ilə bağlı fikri çox vacibdir. TDT-nin gələcəyini yalnız dövlətlərarası sənədlərlə təmin etmək mümkün deyil. Bu birlik gələcək nəsillərin də düşüncəsində və münasibətlərində yaşamalıdır”.
O bildirib ki, bunun üçün konkret mexanizmlərdən istifadə edilməlidir: “Prezident xususilə bildirdi ki, TDT çərçivəsində məhz gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməli, müntəzəm tədbirlər, forumlar, konfranslar keçirilməlidir. Məqsəd bəllidir: gənc vətəndaşlarımız bir-biri ilə ünsiyyət qursunlar. Onlar qohum xalqlara bizim nəslin münasibət göstərdiyi kimi münasibət göstərsinlər”.
F. Şahbazlı əlavə edib ki, Prezidentin milli-mənəvi dəyərlər, ənənələr və həyat tərzinə sadiqliklə bağlı fikirləri də məhz bu yanaşmanı tamamlayır:
“Türk dünyasının gücü yalnız coğrafiya və iqtisadi rəqəmlərlə ölçülə bilməz. Bizi birləşdirən ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər böyük üstünlükdür. Lakin bu üstünlüyü qorumaq və gələcək nəsillərə ötürmək lazımdır. Gənclərin bu prosesdə rolu əvəzsizdir”.
Siyasi şərhçi Prezidentin BMT sistemi ilə bağlı səsləndirdiyi fikrin də TDT-nin beynəlxalq rolunun artırılması çağırışı ilə əlaqəli olduğunu vurğulayıb:
“Azərbaycanın Qarabağ təcrübəsi beynəlxalq hüquq və beynəlxalq mexanizmlərin effektivliyinin nə qədər mühüm olduğunu göstərdi. Prezidentin BMT ilə bağlı fikri də bu tarixi təcrübənin fonunda başa düşülməlidir. TDT-nin beynəlxalq məsələlərdə daha böyük rol oynaması çağırışı, əslində, Türk dövlətlərinin ümumi maraqlar üzrə daha koordinasiyalı mövqe ortaya qoymasının vacibliyini göstərir”.
F. Şahbazlı hesab edir ki, Prezident İlham Əliyevin çıxışındakı bütün tezisləri birləşdirən əsas xətt Türk dünyasının yeni inkişaf mərhələsidir:
“Artıq əsas məsələ ‘Türk dünyası birlikdədirmi?’ sualı deyil. Ortaq tariximiz, mədəniyyətimiz və dəyərlərimiz bəllidir. Bu gün qarşıda daha ciddi sual dayanır: biz bu ortaq potensialı necə real siyasi, iqtisadi və strateji gücə çevirəcəyik?
Məncə, Prezident İlham Əliyevin bugünkü çıxışının əsas mesajı məhz budur. TDT yalnız ortaq keçmişin deyil, ortaq gələcəyin təşkilatına çevrilməlidir. Bunun üçün isə ortaq dəyərləri, siyasi iradəni, iqtisadi imkanları, təhlükəsizlik əməkdaşlığını və ən əsası, gənc nəsli vahid strateji baxış ətrafında birləşdirmək lazımdır”.
