Avstriyanın çörək istehsalı ilə məşğul olan ailə biznesinin sahibi Martin Auerin oğlu Tim Auerin istehsal etdiyi çörəklər ABŞ-da çox məşhurlaşıb.
KONKRET.az xəbər verir ki, o, Der Spiegel jurnalına açıqlamasında bu barədə danışıb. O, bir neçə gün əvvəl Nyu-Yorkun SoHo rayonunda Rye adlı çörək dükanı açıb. Burada çovdar çörəyinin bir ədədi 60 dollara satılır. Çörəyi almaq üçün növbələr yaranır. Bu hadisə mediada böyük əks-səda doğurub, qiymətin yüksək olması ilə bağlı narazılıqlar səsləndirilib və şirkət diqqət çəkmək, reklam yaratmaq cəhdində ittiham olunub.
Martin Auer şirkətinin Avstriyada 40-dan çox çörək mağazası fəaliyyət göstərir. Ölkədə çörəyin qiyməti Nyu-Yorkla müqayisədə dəfələrlə aşağıdır. Auerin oğlu bildirib ki, ailə uzun illərdir ABŞ bazarına çıxmaq məsələsini müzakirə edib. Onun sözlərinə görə, ulu nənələri belə vaxtilə Nyu-Yorka köçmək istəyib.
Martin Auer 2014-cü ildə Avstriyanın Die Presse qəzetinə verdiyi açıqlamada Nyu-Yorkda şirkətinin məhsullarını “daha yüksək qiymətə” sata biləcəyini bildirmişdi. O zaman bir çörəyin qiymətinin təxminən 15 dollar ola biləcəyini söyləmişdi.
Almaniyanın Business Insider portalının yazdığına görə, Almaniyada üzvi çovdar çörəyinin bir ədədinin qiyməti 7 avrodan aşağıdır.
Portal yekun olaraq qeyd edib ki, Avstriya çörəyinin Nyu-Yorkda 60 dollara satılması hələ də müzakirə mövzusudur.
Ağagül Mürsəlov,
KONKRET.az
