Eyni məhsulun müxtəlif mağazalarda fərqli qiymətə təklif olunması istehlakçıların tez-tez qarşılaşdığı hallardan biridir.
Bəs qiymətlər arasındakı fərq hansı amillərlə bağlıdır və satıcılar məhsulu istənilən qiymətə sata bilərlərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, azad bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən qiyməti tənzimlənməyən mal və xidmətlərin satış qiyməti sahibkar tərəfindən sərbəst müəyyən edilir.

“Azad bazar iqtisadiyyatında qiymətlər sərbəstdir. Dövlət tərəfindən qiyməti tənzimlənməyən mal və xidmətlər biznes qurumları tərəfindən istənilən qiymətə satıla bilər. Əsas məsələ qanunvericiliyin tələblərinə, o cümlədən vergi öhdəliklərinə əməl edilməsidir”, – deyə ekspert bildirib.
E.Hüseynov qeyd edib ki, Azad İstehlakçılar Birliyinə daxil olan müraciətlər arasında eyni məhsulun müxtəlif satış nöqtələrində fərqli qiymətlərə təklif olunması ilə bağlı şikayətlər də var. Xüsusilə Bakıətrafı ərazilərdə bu məsələ ilə bağlı vətəndaşlardan müraciətlər daxil olur.
Ekspert zavod çörəyinin belə müxtəlif mağazalarda fərqli qiymətlərə satıla biləcəyini vurğulayıb:
“Vətəndaşlar bildirirlər ki, zavod çörəyi bir yerdə bir qiymətə, digər yerdə isə başqa qiymətə satılır. Əlbəttə, bu mümkündür və bazar iqtisadiyyatı şəraitində normal haldır. Eyni vəziyyət sərinləşdirici içkilərə də aiddir. Məsələn, kafedə içkinin qiyməti mağazadakından fərqli ola bilər”.
Ekspertin sözlərinə görə, məhsulun satış qiymətinə mağazanın yerləşdiyi ərazi, icarə və digər xərclər, satış məkanının xüsusiyyətləri, xidmət səviyyəsi, eləcə də sahibkarın kommersiya siyasəti təsir edə bilər. Bu səbəbdən dövlət tərəfindən qiyməti tənzimlənməyən eyni məhsulun müxtəlif satış nöqtələrində fərqli qiymətlərə satılması, bir qayda olaraq, qanunauyğun hesab olunur.
E.Hüseynov bəzi dərman vasitələrinin isə dövlət tərəfindən qiymət tənzimlənməsinə məruz qaldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu kateqoriyaya daxil olan dərmanların müəyyən edilmiş yuxarı pərakəndə satış qiymətindən baha satılması qanun pozuntusu hesab olunur. Belə hallarla qarşılaşan istehlakçılar aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər.
“Əhali bilməlidir ki, qiyməti dövlət tərəfindən tənzimlənməyən mallar müxtəlif satış yerlərində fərqli qiymətə satıla bilər. Hətta qiyməti dövlət tərəfindən tənzimlənən dərman bir aptekdə digərindən daha ucuz ola bilər. Aşağı qiymətə satmağa icazə var”, – deyə E.Hüseynov əlavə edib.
Beləliklə, istehlakçılar eyni məhsulu almazdan əvvəl bir neçə satış nöqtəsində qiymətləri müqayisə etməklə daha sərfəli seçim edə bilərlər. Dövlət nəzarəti isə əsasən qiyməti tənzimlənən məhsullar üzrə müəyyən edilmiş qaydalara əməl olunmasına yönəlir.
Aynurə İsmayıl
KONKRET.az
