Qurban bayramı cəmiyyətdə həmrəylik, paylaşmaq və ehtiyacı olan insanlara dəstək kimi dəyərləri təbliğ etsə də, hər il bayramdan sonra küçələrdə yaranan antisanitar vəziyyət, nizamsız heyvan kəsimi və “qurban payı” adı altında aparılan satışlar ciddi müzakirələr doğurur. Ekspertlər hesab edir ki, bəzi hallarda bayramın mənəvi mahiyyəti arxa plana keçir, proses isə kommersiya xarakteri almağa başlayır.
Bəs Qurban bayramının əsl mahiyyəti unudulurmu?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, Qurban bayramı dini və mənəvi baxımdan müqəddəs günlərdən biridir:

“Bu bayramın əsas fəlsəfəsi insanların bir-birinə dəstək olması, ehtiyacı olanlarla paylaşmasıdır. Amma təəssüf ki, bəzi hallarda Qurban bayramı sanki “ət bayramı” kimi təqdim edilir. Bayramdan sonra küçələrdə yaranan mənzərə isə çox ürəkbulandırıcı olur. Kəsim yerlərində qana bulaşmış ərazilər, tullantılar, zibil qutularına atılan heyvan qalıqları həm ekoloji, həm də sanitar baxımdan ciddi problem yaradır”.
Ekspert qeyd edib ki, uşaqların gözü qarşısında heyvanların kəsilməsi onların psixologiyasına mənfi təsir göstərir:
“Bəzi məhəllələrdə və həyətlərdə uşaqların gözü qarşısında heyvanlar bağlanılır, səs-küy yaranır və kəsim prosesi açıq şəkildə həyata keçirilir. Bu, psixoloji baxımdan uşaqlarda sarsıdıcı təsir formalaşdırır. Halbuki burada əsas məqsəd ət nümayiş etdirmək deyil, mənəvi paylaşmanı ön plana çıxarmaqdır”.
İlkin Şirinov bildirib ki, aidiyyəti qurumlar bu məsələyə daha ciddi nəzarət etməlidir:
“İnsanların istifadə edə biləcəyi xüsusi kəsim məntəqələri təşkil olunmalıdır. Çünki bəzi qəssabxanalar bilərəkdən heyvanları insanların gözü qarşısında saxlayır və həmin gün vəziyyətdən kommersiya məqsədilə istifadə edirlər”.
Ekspertin sözlərinə görə, bəzi hallarda “qurban payı” adı altında vətəndaşlar aldadılır:
“Adi günlərdə insanlar mağazadan necə ət alırsa, Qurban bayramında da eyni formada kilo ilə ət satılır. Bu artıq qurbanlıq sayılmır. Qurbanlıq bir neçə nəfərin birgə heyvan alıb onu ehtiyacı olan insanlara paylamasıdır. Bəzi işbazlar isə bundan qazanc vasitəsi kimi istifadə edir”.
O, əlavə edib ki, satış zamanı heyvanın ucuz hissələri də yüksək qiymətlə hesablanır:
“Bu gün mal əti 17-18 manata satılırsa, bəzi qəssablar heyvanın qarını, içalatı, piy hissələrini də eyni qiymətlə çəkiyə daxil edirlər. “Qurbanlıqdır, hər hissəsindən olmalıdır” adı ilə vətəndaşlara baha satırlar. Bu isə açıq şəkildə aldatma halıdır. Belə yanaşma nə dini, nə də mənəvi baxımdan qurban anlayışına uyğun gəlir”.
Aynurə İsmayıl
KONKRET.az
