Bir çox vətəndaş deputatların yalnız müəyyən vaxtlarda bölgələrə səfər edib seçicilərlə görüşməsini kifayət qədər effektiv saymır. Onların problemləri yerində görməməsi, rayon həyatından uzaq olması barədə iradlar səsləndirilir. Bəs deputatların əsas fəaliyyət mərkəzinin Bakı olmasının səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bu, deputatların iş rejimi ilə əlaqəlidir.
Onun sözlərinə görə, Milli Məclisdə həftə ərzində bir neçə dəfə plenar iclaslar keçirilir və deputatlar həmin iclaslarda iştirak etməlidirlər. Eyni zamanda komitə iclasları da olur ki, onların əksəriyyəti Bakıda baş tutur.
“Deputatların regionlarda uzun müddət qalması iş qrafikinə uyğun gəlmir. Çünki onların əsas fəaliyyəti parlamentdə cəmləşib. Həftə ərzində hər gün komitə iclasları ola bilər və bu da Bakıda olmağı zəruri edir”, – deyə Akif Nağı vurğulayıb.
Bununla belə, partiya sədri deputatların seçicilərlə mütəmadi görüşlərinin vacibliyini də qeyd edib:
“Deputatlar öz seçiciləri ilə tez-tez görüşməli, onların arzu və istəklərini dinləməli, problemlərin həllinə çalışmalıdırlar. Bu, əsas vəzifələrindən biridir. Lakin daimi olaraq hansısa rayonda yaşayıb vaxtaşırı Bakıya iclaslara gəlmək praktik baxımdan mümkün deyil”.
Aynurə İsmayıl
KONKRET.az

