Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınmayan (“kupça”sız) çoxmənzilli binalarda mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunub. Xüsusilə, bu gün Bakı və Abşeron ərazisində bir çox yaşayış binalarındakı mənzillər çıxarışlarla təmin olunmadığından müqavilə əsasında satışa çıxarılır. Bəs görəsən onların satışının həyata keçirilməsi necə tənzimlənəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan daşınmaz əmlak üzrə ekspert Elnur Azadov bildirib ki, dövlət tərəfindən istismara qəbul aktı almayan binalar hər hansısa bir səbəbdən riskli hesab edilir: “Ona görə də həmin binalara mülkiyyət hüququ verilmir. Bütün Azərbaycan üzrə təxminən 2 minə yaxın yeni tikili bina var. Həmin binaların 60-dan çoxu isə yaşayış olsa da, müxtəlif səbəblərdən istismara qəbul olunmur. Burada səbəblər fərqlidir. Vergi öhdəliklərinin icra olunmaması, layihədən kənara çıxılması, əlavə mərtəbə inşa edilməsi, yanğın mühafizəsi normaya uyğun çəkilməməsi kimi səbəblərdən həmin binalara çıxarış verilmir. Binaların dayanıqlılığı ilə bağlı hər hansı təhlükə varsa, həmin binalar riskli hesab olunur. Əgər hər hansı bir bina dövlət tərəfindən qeydiyyata alınmayıbsa, bu satışı həyata keçirən tikinti şirkətləri müqaviləni dəyişir. Bəzi binalar inşa dövründə, hətta inşa edildikdən sonra belə çıxarış almamış olur. Bu zaman tikinti şirkəti müqaviləni əvəzləmək və təkrar satış etməklə ondan həm də gəlir götürür. Yəni tikinti şirkətləri tərəfindən bir mənzilin bir neçə vətəndaşa satılması məhz buna istinadən mümkündür. Azərbaycanda isə bunun qarşısını ala biləcək hüquqi-normativ qanun yoxdur”.

Ekspert əlavə edib ki, bu gün bir çox vətəndaş zamanında yeni tikilən, lakin istismara qəbul olunmayan binalardan mənzil alıb və bir neçə il orada yaşayıb: “Qeyd etdiyim kimi, 60-dan çox bu tipli binalar var ki, 10-15 ildir vətəndaşlar məskunlaşıb və həmin mənzillər satılıb. Tətbiq olunması nəzərdə tutulan qanun bunun qarşısını ala biləcəkmi? Əksinə həmin tikinti şirkətlərinin işi ciddi şəkildə yoxlanılmalı, yararlı binaların xırda nöqsanları aradan qaldırılmalıdır. Zamanla inşa olunan, lakin həqiqətən də risk mənbəyi olan binalar isə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün sökülməli, yerində yeniləri inşa edilməlidir”.
Fidan Ali,
KONKRET.az
