Rusiya imperatorunun övladları niyə şirniyyata həsrət qalır, süfrədən isə ac qalxırdılar?backend

Rusiya imperatorunun övladları niyə şirniyyata həsrət qalır, süfrədən isə ac qalxırdılar?

Avropada belə bir təsəvvür formalaşmışdı ki, Rusiya çarının övladları qızıl qablarda təqdim olunan ən bahalı təamlarla qidalanırlar. Onlara təmtəraqlı geyinmiş nökərlər xidmət edir, qarşılarına ən nəfis yeməklər düzülür və istədikləri hər şey dərhal yerinə yetirilir.

  • Əslində isə sarayda dəbdəbəli zallar, qızıl qablar və çoxsaylı xidmətçilər olsa da, imperatorun övladlarının süfrəsində heç də belə mənzərə hökm sürmürdü. Onlara adi sıyıqlar, qaynadılmış tərəvəzlər və ət verilirdi. Şirniyyat isə uşaqların gündəlik qida rasionuna daxil deyildi.

Bəs dünyanın ən varlı imperatorlarından birinin övladları niyə belə sadə yeməklərlə kifayətlənməli, hətta süfrəyə qoyulan yeməkdən əlavə pay istəyə bilməzdilər? Bu qaydaları kim müəyyənləşdirmişdi və çar ailəsinin müəllimi Pyer Jilyar bu barədə nə yazırdı?

İmperatriçənin sərt tərbiyə prinsipləri

Çar ailəsinin qızlarına fransız dilini öyrədən Pyer Jilyar isveçrəli idi. Onun vətənində də Rusiya imperator ailəsinin həyatı haqqında müxtəlif söhbətlər dolaşırdı. İnsanlar düşünürdülər ki, çarın övladları yalnız ən bahalı yeməklərlə qidalanır, dəbdəbə içində yaşayır və heç nədən məhrum olmurlar.

Lakin Jilyar Rusiya sarayına gəldikdən sonra tamamilə fərqli mənzərə ilə qarşılaşdı. Sarayın xarici görünüşü və mərasimlər həqiqətən də təmtəraqlı idi. Ancaq qızıl qablarda və zərif servislərdə uşaqlara ən sadə yeməklər təqdim edilirdi. Süfrədə sıyıq, qaynadılmış tərəvəz və ət olurdu. Xüsusi təamlar, mürəkkəb souslar və müxtəlif şirniyyatlar isə uşaqların gündəlik həyatında demək olar ki, yox idi.

  • Hətta bəzi rus zadəganlarının övladları çar uşaqlarından daha zəngin qidalanırdılar. Bu ziddiyyət müəllimi təəccübləndirmişdi. Məlum oldu ki, bütün bunlar sonuncu Rusiya imperatriçası Aleksandra Fyodorovnanın tərbiyə prinsipləri ilə bağlıdır. Aleksandra Fyodorovna Almaniyanın Darmştadt şəhərində dünyaya gəlmiş, İngiltərə kraliçası Viktoriyanın nəvəsi kimi böyümüşdü. O, uşaqlıqdan sadə qidalanmağa, süfrədə ölçülü davranmağa və israfçılıqdan uzaq durmağa alışmışdı.

Onun düşüncəsinə görə, yemək ilk növbədə orqanizmin ehtiyaclarını ödəmək və insana enerji vermək üçün lazım idi. Qidalanmanı dəbdəbəyə çevirmək, xüsusilə də uşaqları bahalı təamlara öyrəşdirmək düzgün deyildi.

İmperatriça hesab edirdi ki, uşaqlar üçün sadə yeməklər daha münasibdir. Buna görə də onların gündəlik menyusuna sıyıqlar, qaynadılmış və pörtlədilmiş tərəvəzlər, eləcə də ət daxil edilmişdi. Aleksandra Fyodorovna fransız mətbəxinin mürəkkəb souslarla hazırlanan ağır yeməklərinin uşaqlar üçün uyğun olmadığını düşünürdü. Belə təamlar əsasən böyüklər üçün təşkil olunan ziyafətlərdə təqdim edilirdi. İmperatorun övladları isə ayrıca yemək yeyir, məhdud və eyni tipli menyu ilə kifayətlənirdilər.

Çarın övladları niyə şirniyyata həsrət qalırdılar?

İmperatriçənin qida ilə bağlı qaydalarından ən çox təəccüb doğuranı uşaqların şirniyyatdan məhrum edilməsidir. Həmin dövrdə bir çox varlı torpaq sahibinin ailəsində uşaqları müxtəlif tortlar, konfetlər və desertlərlə əzizləyirdilər. Aristokrat ailələrin övladları bahalı şirniyyatları gündəlik həyatlarının adi hissəsi kimi qəbul edirdilər.

Ancaq imperatorun uşaqları üçün vəziyyət fərqli idi. Aleksandra Fyodorovna şirniyyatın sağlam böyümək üçün zəruri olmadığını düşünürdü. Onun fikrincə, uşağa fayda verməyən bir şeyə ehtiyac olmadığı halda, onu gündəlik vərdişə çevirmək düzgün deyildi.

Maraqlıdır ki, sarayda şirniyyat qıtlığı yox idi. Əksinə, istənilən qədər konfet və digər şirniyyat tapmaq mümkün idi. Lakin uşaqlar analarının icazəsi olmadan onlara toxuna bilməzdilər.

  • İmperatorun qızları ad günlərində və ya adlarının qeyd olunduğu bayramlarda hədiyyə edilən konfet qutularını uzun müddət saxlayır, sonra isə şirniyyatları öz aralarında bölüşdürürdülər. Bu mənzərə onların şirniyyata nə qədər az öyrəşdiklərini göstərirdi.

Onlar üçün əsas məsələ sarayda nə qədər şirniyyatın olması deyil, ananın qoyduğu qaydaların dəyişməzliyi idi. Aleksandra Fyodorovna övladlarının var-dövlətə arxalanaraq ərköyün böyüməsindən qorxurdu. İstəyirdi ki, uşaqları malik olduqları sərvətin onları başqalarından üstün etmədiyini erkən yaşlarından anlasınlar.

Süfrədən əlavə yemək istəmək olmazdı

İmperator ailəsinin uşaqları üçün müəyyənləşdirilən ən sərt qaydalardan biri də yemək zamanı əlavə pay istəmək qadağası idi. Süfrəyə gətirilən yemək uşaqların qarşısından yalnız bir dəfə keçirilirdi. Hər kəs həmin vaxt öz payını götürməli idi. Kim yeməyi götürməyə geciksə və ya kifayət qədər yeyə bilməsə, növbəti yeməyin gətirilməsini gözləməli olurdu.

Bu qaydanın hətta imperatorun varisi, çareviç Aleksey üçün də istisnası yox idi. Bir dəfə Aleksey yemək qabı onun yanından keçərkən öz payını götürməyə macal tapmamışdı. Nəticədə süfrədən ac qalxmalı olmuşdu. Dünyanın ən qüdrətli imperiyalarından birinin gələcək hökmdarı öz sarayında yeməkdən məhrum qalmışdı. İmperatriça hətta ən çox sevdiyi oğluna belə güzəştə getmirdi. O hesab edirdi ki, uşaqlar bu yolla səbirli olmağı, özlərini idarə etməyi və mövcud qaydalara əməl etməyi öyrənəcəklər. Bu prinsip digər məsələlərdə də tətbiq edilirdi. Uşaq qarşısına qoyulan yeməyi bəyənmirdisə, onun üçün ayrıca başqa yemək hazırlanmazdı. Yeməkdən imtina edən uşaq ac qalmaq bahasına da olsa, qərarının nəticəsi ilə üzləşməli idi.

Beləliklə, Aleksandra Fyodorovna övladlarına uşaqlıqdan qənaətcillik, təmkin və özünüidarə vərdişləri aşılamağa çalışırdı. Onun üçün əsas məsələ uşaqların nə qədər zəngin yaşaması deyil, bu zənginliyin onların xarakterinə necə təsir etməsi idi.

Böyüklər dəbdəbəli ziyafətlərdə, uşaqlar isə sadə süfrədə

Rusiya imperator sarayında təşkil edilən rəsmi ziyafətlər ölkənin hər yerində məşhur idi. Bahalı servis dəstləri, müxtəlif yeməklər, nəfis təamlar, çoxsaylı qonaqlar və dəqiq müəyyənləşdirilmiş süfrə qaydaları saray mərasimlərinin ayrılmaz hissəsi idi.

Həmin ziyafətlərin menyuları bu günə qədər gəlib çatıb. Onlara nəzər saldıqda yeməklərin müxtəlifliyi və təqdimatın dəbdəbəsi diqqət çəkir. Lakin böyüklər üçün nəzərdə tutulan bu dünya imperatorun uşaqları üçün əlçatan deyildi. Onlar günün istənilən vaxtında sarayın zəngin süfrəsindən istədiklərini götürə bilməzdilər. Hətta qırmızı kürünü belə nadir hallarda və müəyyən edilmiş miqdarda dadırdılar. Təsəvvür edin: imperator yüzlərlə qonağı qəbul edir, onların qarşısına ən bahalı yeməklər düzülür, öz övladları isə başqa bir süfrədə sadə sıyıq və bir tikə ağ çörəklə kifayətlənirdilər.

Bu ziddiyyət rus aristokratiyasının bir hissəsində narazılıq doğururdu. Bəzi zadəganlar imperatriçanı həddindən artıq sərt davranmaqda günahlandırır, onun alman tərbiyəsinin rus ailə ənənələrinə uyğun olmadığını iddia edirdilər. Onların fikrincə, çar uşaqlarını hətta yemək məsələsində belə məhdudlaşdırmaq qəddarlıq idi.

Aleksandra Fyodorovna isə fərqli düşünürdü. O, övladlarının zənginliyin gətirdiyi rahatlığa həddindən artıq bağlanmasını istəmirdi. Onun fikrincə, insanın sahib olduğu imkanlar nə qədər çox olsa da, özünü məhdudlaşdırmağı bacarması vacib idi.

Sadə həyat tərzi onları xoşbəxt edirdimi?

Çar ailəsinin uşaqları bu qaydalarla böyüdükləri üçün sadə qidalanmanı və gündəlik məhdudiyyətləri həyatlarının adi hissəsi hesab edirdilər. Onlar bahalı yeməklərin qiymətini və özlərinin digər uşaqlarla müqayisədə nə qədər fərqli şəraitdə yaşadıqlarını, görünür, hər zaman düşünmürdülər.

Onların gündəlik həyatında sərt döşəklərdə yatmaq, səhərlər soyuq su ilə yuyunmaq və səhər yeməyində sıyıq yemək kimi vərdişlər də var idi. Sarayın dəbdəbəsi onların şəxsi həyatında həmişə rahatlıq və təmtəraq demək deyildi.

  • 1917-ci ildə monarxiyanın süqutundan sonra ailənin həyatı daha da çətinləşdi. Sonradan Yekaterinburqda həbsdə saxlanıldıqları dövrdə onların qidalanması da əvvəlki saray qaydalarından tamamilə fərqli şəraitə düşdü. Bununla belə, sadə yeməklərə öyrəşmiş olmaları həmin keçidi nə dərəcədə asanlaşdırmışdı, bunu qəti şəkildə demək çətindir. Ən acı həqiqət isə budur ki, uşaqları var-dövlətin korlamasından qorumağa çalışan Aleksandra Fyodorovnanın bütün səyləri onları tarixin ən faciəli hadisələrindən xilas edə bilmədi.

1918-ci ilin iyulunda imperator II Nikolay, Aleksandra Fyodorovna və övladları Yekaterinburqda güllələndilər. Onların hekayəsi təkcə çar ailəsinin süfrə qaydaları haqqında deyil. Bu, həm də dəbdəbənin arxasında gizlənən sərt tərbiyə anlayışının, valideynlərin övladlarına aşılamaq istədikləri dəyərlərin və tarixin amansızlığının hekayəsidir.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*