Rusiyada bəzi şirkətlər müəssisələrini pilotsuz uçuş aparatlarının hücumlarından qorumaq üçün öz hava hücumundan müdafiə sistemlərini yaratmağa başlayıblar.
KONKRET.az-ın xəbərinə görə, The Wall Street Journal yazır ki, bir sıra Rusiya şirkətləri müdafiə sənayesi müəssisələrində çalışan mühəndislərə pilotsuz uçuş aparatlarına qarşı müdafiə vasitələri hazırlamaları üçün ödəniş edir. Bəzi şirkətlər isə hava hücumundan müdafiə sistemlərini Müdafiə Nazirliyindən və ya müdafiə sənayesi müəssisələrindən icarəyə götürür.
Nəşrin Rusiya biznes və müdafiə sektoruna yaxın mənbələrinə görə, şirkətlərdən bəziləri xarici texnologiyaları da nümunə götürür. Onların diqqətində olan sistemlərdən biri Ukraynanın SkyFall şirkətinin hazırladığı P1-SUN dron-ələkeçiricisidir.
P1-SUN “Şahid” tipli dronların və digər hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub.
İstehsalçı şirkətin məlumatına görə, bu dronlar istifadəyə verildiyi ilk aylarda yüzlərlə “Şahid”i məhv edib.
WSJ-nin mənbələri bildiriblər ki, bəzi Rusiya şirkətləri üçün daha ucuz variant müdafiə sənayesi müəssisələrində çalışan mühəndislərə öz hava hücumundan müdafiə sistemlərini hazırlatmaqdır. Bu zaman bəzi hallarda xarici nümunələrdən istifadə edilir.
Digər variant isə hazır hava hücumundan müdafiə sistemlərinin icarəyə götürülməsidir.
Nəşrin iki mənbəsinin sözlərinə görə, bəzi müəssisələr hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi və onlara texniki xidmət göstərilməsi üçün Rusiya Müdafiə Nazirliyinə və müdafiə sənayesi şirkətlərinə aylıq ödəniş edirlər.
Sistemlər müəssisələrdə yerləşdirildiyi müddətdə onların texniki xidmətini hərbçilər və ya təlim keçmiş mütəxəssislər həyata keçirirlər.
Hava hücumundan müdafiə sistemlərinin özəl müəssisələrin ərazisində yerləşdirilməsi əvvəllər də məlum idi. Lakin indiyədək şirkətlərin bu sistemlərdən istifadə üçün ödəniş etdiyi barədə məlumat açıqlanmamışdı.
Günay Əli
KONKRET.az
