Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyrat İdarəsinin (HUR) rəhbəri Oleq İvaşenko Rusiyanın hərbi-iqtisadi resursları və müharibəni nə qədər davam etdirə biləcəyi barədə açıqlama verib.
KONKRET.az xəbər verir ki, Oleq İvaşenko “Ukrinform”a müsahibəsində bildirib ki, Rusiyanın mövcud resursları 2027-ci ilə, hətta 2028-ci ilə qədər müharibəni aparmağa bəs edə bilər.
Kəşfiyyat rəhbəri qeyd edib ki, Moskvanın bu imkanlardan məhrum edilməsi üçün tərəfdaşlarla birgə səylər və sanksiyaların daha sərt işləməsi tələb olunur. O, Rusiyanın hərbi maşını üçün zəruri olan elektron komponentlərin, dəzgahların və xüsusi kimyəvi maddələrin üçüncü ölkələr və vasitəçi şirkətlər vasitəsilə çatdırılma kanallarının mövcudluğuna diqqət çəkib.
Eyni zamanda, İvaşenko Rusiyanın iqtisadi baxımdan genişmiqyaslı müharibənin əvvəlinə nisbətən xeyli zəiflədiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının əsas problemləri əmək ehtiyatlarının çatışmazlığı, federal büdcə kəsirinin artması və bank sektorundakı pisləşən vəziyyətdən ibarətdir.
Natiq Səlim,
KONKRET.az
