Rusiyanın 201-ci bazasının mindən çox hərbçisi Tacikistanda hərbi təlimlərə başlayıb. Adıçəkilən hərbi bazanın rəsmi Moskvanın öz sərhədlərindən kənarda sahib olduğu ən böyük hərbi obyekt olduğunu nəzərə alsaq, bu təlimlər dünya tərəfindən birmənalı qarşılanmır. Bəs Rusiyanın hərbi təlimlərində pərdəarxası məqamlar ola bilərmi?.
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Rusiya vaxtaşırı hərbi təlimlər keçirir. Bu tip təlimlər müxtəlif ad altında aparılır: “Bu, terrorizmə, qeyri-qanuni silahlı birləşmələrə, eyni zamanda narkotacirlərə qarşı keçirilən təlimlər də ola bilər. Məlum olduğu kimi Tacikistanda Rusiyanın 201-ci bazası yerləşir və bu ölkənin sərhədinə nəzarət edir. Hal-hazırda bu ərazilərdə həyata keçirilən təlimlər Ukraynadakı müharibəyə xarici muzdlu terrorçu qruplaşmaların, yaxud könüllülərin cəlb olunması ilə əlaqəlidir. Təlimlərin məqsədi həm də Rusiya ordusunun təcrübəsini artırmaqdır. Eyni zamanda Rusiya Əfqanıstandan hansısa bir təhlükənin olacağından narahatdır. Bu narahatçılıq Orta Asiyada cənub sərhədləri ilə bağlıdır və Əfqanıstan bölgə üçün qeyri-sabitlik mənbəyi olaraq qalır. Hal-hazırda Əfqanıstanda hakimiyyətdə olan Taliban BMT-nin və bir çox dünya dövlətlərinin terror təşkilatları sırasında yer alıb. Bu məsələlərdə Rusiya regional gücə sahib olan bir dövlətdir və onun öz maraqları var”.

Politoloq əlavə edib ki, Ukrayna savaşının başlanmasından sonra terrorçu qruplaşmaların və digər könüllülərin münaqişə bölgəsinə cəlb olunması müşahidə edilib: “Rusiya həm bunun, həm də cənub sərhədlərində hər hansı təhdid və təhlükənin yaranmasının qarşısını almaq üçün də bu cür təlimləri həyata keçirə bilər. Amma təəssüf ki, hal-hazırda Ukraynadakı savaş bölgəsinə bu cür qrupları dəvət edən dövlət də elə Rusiyanın özüdür. Bu yaxınlarda Rusiya prezidenti tərəfindən Suriyadan 16 min PKK, PYD, o cümlədən İŞİD-ə yaxın qrupların, həmçinin Bəşər Əsədin özünün şəxsi beşinci ordusuna daxil olan silahlıların Rusiya tərəfindən Ukrayna döyüş meydanına gətirildiyi haqda xəbərlər də yayılıb”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
