“Samur hər şeydən üstündür”: Rusiya Sibiri fəth etməklə yerli xalqları məhvə sürüklədibackend

“Samur hər şeydən üstündür”: Rusiya Sibiri fəth etməklə yerli xalqları məhvə sürüklədi

1699-cu ildə Buxara taciri Taçimko Yatipov Verxotur gömrüyündən 228 samur quyruğunu keçirməyə çalışırdı. O, qiymətli xəzləri yastıqların içərisinə tikərək gizlətmişdi.

Həmin dövrdə yakut voyevodası Pyotr Qolovin isə cəmi dörd il ərzində yerli əhalidən 100 mindən çox samur dərisi yığmışdı. Müqavimət göstərən sakinləri ət üçün istifadə olunan dəmir qarmaqlardan asır, kəndləri əmlakla birlikdə yandırırdı.

XVII əsrin sonunda Sibirin ucsuz-bucaqsız ərazilərində 120 dildə danışan, 500-dən çox tayfa qrupuna bölünən 200 mindən artıq yerli əhali yaşayırdı. Tarixçi B. O. Dolqixin Moskva çarlığının reyestrləri əsasında apardığı hesablamalara görə, həmin dövrdə qeydiyyatda 14 265 tatar, 16 260 xantı və mansı, 15 285 samoyed və nenets, 36 235 tunqus və evenk, 28 470 yakut, 37 175 buryat və kalmık, 23 000 itelmen, 11 000 koryak, 8 500 çukçi, 4 775 yukagir, 4 300 nivx, 4 000 eskimos və 3 540 ainu var idi.

İşğaldan əvvəl Sibir

Rusiyanın yürüşlərindən əvvəl Sibir əhalisini əsrlər boyu geniş ticarət şəbəkələri Bizansla, Cənubi Asiya dövlətləri ilə və Şərqi Asiyanın iqtisadi sistemləri ilə əlaqələndirirdi.

Hələ XIV əsrdə Novqorod tacirləri Peçora və Yuqra ərazilərinin yerli sakinlərindən sincab dəriləri alırdılar. 1499-cu ildə isə III İvanın 4 min nəfərlik ordusu artıq Ural dağlarını aşaraq hərbi yürüşlər həyata keçirirdi.

Lakin Zamanla Sibir xanlığının süqutu bu torpaqların sistemli şəkildə işğalına yol açdı.

1581-ci ildə ataman Yermak Timofeyeviçin rəhbərliyi altında cəmi 800 kazak Küçüm xanın Sibir xanlığını məğlub etdi. Yürüş Stroqanovların Solvıçeqodskdakı sənaye-tacir ailəsi tərəfindən maliyyələşdirilmişdi.

Yermak dərhal Moskvaya – çar IV İvana hədiyyə göndərdi: 2 400 samur, 800 qara tülkü və 2 000 qunduz dərisi.

İngilis diplomatı Giles Fletcher 1589-cu ildə çar xəzinəsinə hər il 19 020 xəz dərisinin daxil olduğunu qeyd edirdi.

Moskva nəzarəti gücləndirmək üçün 1600-cü ildə Nenets torpaqlarında, Taz çayı üzərində Manqazeya ostroqunu saldı. Beləliklə, Sibirin şimalı nəhəng vergi toplama mexanizminə çevrildi.

Yerli əhalidən alınan əsas müstəmləkə vergisi “yasak” adlanırdı. Bu sistemin monqol-tatar Ordasının vergi və tabeçilik praktikasını xatırlatdığı qeyd olunur.

Bu proses sovet və sonrakı Rusiya tarixşünaslığında təqdim edildiyi kimi, “dinc tabeolma” və ya “vəhşi xalqların Moskvaya könüllü birləşməsi” deyildi.

İnsan ləyaqəti xəz hesabına çevriləndə

Çar Rusiyasının bürokratik aparatı insanları sürətlə xəz ekvivalentinə çevirdi.

Nəzarəti möhkəmləndirmək üçün ostroqlardan ibarət hərəkətli sərhəd xətti yaradıldı: Manqazeya, Tobolsk, Turuxansk (1607), Yakutsk (1632), Olekminsk (1635) və digər məntəqələr.

Bu sistemdə “amanat” adlanan girov mexanizmi mühüm rol oynayırdı. Rus yasak yığanları, andlı xidmətçilər və boyar uşaqları yerli tayfa rəhbərlərinin ailə üzvlərini girov götürür, onları ostroqlardakı həbsxanalarda saxlayırdılar. Vergi ödənilərkən həmin girovlar qohumlarına göstərilirdi.

Yerli ağsaqqallardan silah gücünə çara sədaqət andı tələb olunurdu.

Bununla yanaşı, yerli qadınların kazakların və xəz ovçularının ehtiyacları üçün məcburi şəkildə toplanması və alınıb-satılması ilə bağlı “yasir” sistemi də mövcud idi. Sənədlərdə evenk qadınının müstəmləkə bazarlarında yeddi samur dərisinə alına bildiyi qeyd olunur.

Vergi sistemi tabe edilmiş əraziləri volost və uluslara bölür, borcluların ciddi uçotunu aparmaq üçün xüsusi yasak kitabları tutulurdu.

İlkin norma əmək qabiliyyətli bir kişidən ildə 10-12 samur dərisi idi. Bəzi ərazilərdə bu rəqəm 18, hətta 22 dəriyə çatırdı.

1675-ci ildə Verxoturya, 1678-ci ildə isə Manqazeya voyevodalarına ayrıca göstəriş verilmişdi ki, ərazilərindən keçən tacirlərdən ən keyfiyyətli qara tülkü və göy tülkü dərilərini alsın və ya müsadirə etsinlər.

Samur tükənəndə

Xəzinənin gəlirlərini artırmaq naminə heyvanların kütləvi şəkildə məhv edilməsi çox keçmədən nəticəsini verdi.

1627-ci ildə Manqazeya və Turuxansk məmurları rəsmi şəkildə bildirdilər ki, bölgədə samur demək olar ki, tamamilə “ovlanıb tükədilib”.

XVII əsrin ortalarına doğru Qərbi Sibirdə samurun kəskin azalması səbəbindən yasak norması məcburən üç samura endirildi.

Rus hakimiyyətinin ilk əsri ərzində Qərbi Sibirdə xəzli heyvanların ehtiyatlarının 75 faiz azaldığı bildirilir.

Dövlət xüsusi ovçulardan əldə edilən bütün xəzlərin onda birini vergi kimi götürür, ən keyfiyyətli samurları isə gömrük məntəqələrində sabit qiymətlərlə məcburi qaydada satın alırdı.

Ən yaxşı xəzlərə ilk sahib olmaq üçün Ticarət Nizamnaməsi rəsmi yasak yığımı başa çatana qədər ruslarla yerli əhali arasında özəl ticarəti qadağan edirdi. Qadağanı pozanların malları müsadirə olunur, özləri isə qamçı ilə cəzalandırılırdı.

Odlu silah, dəmir, tütün və spirt dövlət inhisarında idi. Bununla belə, voyevodalar andiçmə və vergi qəbulu mərasimlərində yerli sakinləri mütəmadi olaraq “dövlət şərabı” ilə sərxoş edirdilər.

1702-ci ildə I Pyotrun göstərişi ilə hazırlanmış rəsmi maliyyə hesabatına görə, yalnız 1698-ci ildə dövlət 100 892 yasak dərisi, 16 864 onda bir vergisi kimi alınmış dəri və 3 072 müsadirə edilmiş dəri toplamışdı.

1699-cu ildə ümumi yığım 162 335 dəriyə çatmışdı.

Özəl xəz ticarətinin həcmi isə dövlət gəlirlərindən xeyli çox idi. Məsələn, 1641-ci ildə Yakutskda onda bir vergi 7 997 samura bərabər idi. Onların dəyəri 9 700 rubl hesablanırdı. Bu isə yalnız bir ostroq vasitəsilə özəl tacirlərin 70 mindən çox samuru, təxminən 87 300 rubl dəyərində xəz çıxardığını göstərirdi.

Moskva dövlətində 280-dən artıq müxtəlif daxili verginin olduğu bir vaxtda xəz tələbatı o qədər artmışdı ki, 1741-ci ildə yakutlar yasakı ödəmək üçün hətta Yakutsk bazarından samur dərisi pulla almağa məcbur olmuşdular.

1822-ci ilə qədər yalnız Tobolsk quberniyasında 342 835 rubl həcmində yasak borcu toplanmışdı.

“İnsan ölməsin” – xəzinə üçün

Çar Boris Qodunovun 1601-ci il fərmanı və Sibir Prikazının 1695-ci il göstərişi yasak ödəyənlərin işgəncə ilə öldürülməsini qadağan edirdi.

Lakin bu qadağanın arxasında humanizm yox, soyuq maliyyə hesablaması dayanırdı: ölü yerli sakin çar xəzinəsinə artıq samur verə bilməzdi.

Nəzarət məsələsi gündəmə gələndə isə bu “pragmatik məhdudiyyətlər” çox vaxt qüvvəsini itirirdi.

1642-ci ildə yakutların üsyanı Qolovinin əlaltısı Poyarkovun rəhbərliyi ilə son dərəcə amansız şəkildə yatırıldı. Nəticədə 1642-1682-ci illər arasında yakut əhalisinin sayının 70 faiz azaldığı bildirilir.

Lakin təkcə yakutlar müqavimət göstərmirdi.

Kolıma çayında ataman Semyon Dejnyov yukagir başçısı Alayın cavabını qeydə almışdı:

“Çara yasak verməyəcəyik. Çünki bu torpaq bizimdir, insanlarım da mənimdir.”

İşğalçıdan da amansız düşmən

Bəzən təbiətin özü də Moskva hakimiyyətinin Sibirdəki siyasətindən daha dağıdıcı nəticələr doğururdu.

1633-cü ildə Manqazeyada başlayan çiçək epidemiyası yasak toplayanları boş çadırlarla üz-üzə qoydu. Vergi ödəyənlərin bir qismi öldü, digərləri tundraya qaçdı.

1691-ci ildə çiçək xəstəliyi yukagir xalqını demək olar ki, tamamilə məhv etdi.

1715-ci ildə eyni xəstəliyin yayılması koryaklardan ibarət birləşmiş ordunu Olyutor ostroqunun mühasirəsini dayandırmağa məcbur etdi.

Kamçatkada Vladimir Atlasovun 1697-1699-cu illərdə 12 min çukçi, 8 min koryak və 8 min kamçadal – itelmenə qarşı apardığı hərbi kampaniya nəticədə yarım əsrlik müharibəyə çevrildi.

Yerli əhalinin ümidsizliyi o həddə çatdı ki, kamçadallar arasında kütləvi intiharlar başladı. Bu, Senatı yerli əhalinin özünə qəsd etməsini qadağan edən xüsusi fərman verməyə məcbur etdi.

Çukçilər isə ən uzun müddət müqavimət göstərdilər. Onlar pravoslavlığı və yasakı inadla rədd edir, hətta 1770-ci ildə Anadyr ostroqunu yandırdılar.

Sibirin yerli xalqlarının tədricən məhvi

Sibirin yerli əhalisinin məhv edilməsi bir dəfəlik hadisə deyil, uzunmüddətli proses idi.

Cənubda 1651-ci ildə Sevastyan Samsonovun yürüşləri və 1658-ci ildə İvan Poxabovun Oka bölgəsində törətdiyi talan buryatların kütləvi şəkildə Monqolustana qaçmasına səbəb oldu.

Avropalılarla təmasdan əvvəl sayı 12-13 min nəfər olan itelmenlərin əhalisi 1769-1770-ci illərdəki çiçək epidemiyası və itelmen qadınlarının kazaklarla məcburi nikahları nəticəsində kəskin şəkildə azaldı.

Koryaklar XVIII əsrdə əhalisinin yarıdan çoxunu itirdi.

1897-ci ildə sayı 1 841 nəfər olan udegeylər 1906-cı il epidemiyası zamanı Andiqa, Maadiqa və Syaдиqa kimi bütöv nəsillərin yox olması ilə üzləşdilər.

Kerek xalqının sayı 1970-ci ildə cəmi 15 nəfərə, XXI əsrin əvvəllərində isə 3-8 nəfərə qədər azalmışdı.

İmperiya xalqları necə “təsnif etdi”?

Dövlət vergi yığımına mane olan xaosu imperiya bürokratiyasının yaratdığı yeni sosial təsnifat sistemi ilə nizamlamağa çalışırdı.

Mixail Speranskinin 1822-ci il “Yerli xalqların idarə olunması haqqında Nizamnaməsi” Sibir yerli əhalisini üç hüquqi kateqoriyaya böldü: oturaq, köçəri və səyyar.

Bundan sonra etnik mənsubiyyət bürokratiya üçün əsas meyar deyildi. “İnorodets” – yəni “başqa xalqdan olan” ifadəsi zaman keçdikcə qırğızlar və yəhudilər də daxil olmaqla müxtəlif qruplara şamil edildi və tam vətəndaş hüquqlarından məhrum edilmiş imperiya təbəəsini ifadə edən inzibati terminə çevrildi.

“Üstün irqin” mədəniyyət gətirməsi ideyası bəzən absurd nəticələrə də gətirib çıxarırdı.

1828-ci ildə Moskva Kənd Təsərrüfatı Məktəbindən Kamçatkaya yerli əhaliyə taxıl və tərəvəz yetişdirməyi öyrətmək üçün bağban göndərilmişdi. Təbii ki, bu təşəbbüs iqlim şəraiti səbəbindən tam uğursuzluqla nəticələndi.

Siyasi sürgünlərin və Yakutsk ekspedisiyası kimi akademik tədqiqatların topladığı etnoqrafik biliklər isə tədricən imperiyanın idarəetmə və təsnifat alətinə çevrildi.

1876-cı ildə Sankt-Peterburqda keçirilən III Beynəlxalq Şərqşünaslar Konqresində Nikolay Yadrintsev yerli xalqların məhv olmasını Amerika hindilərinin faciəsi ilə müqayisə edirdi. Onun fikrincə, hər iki halda əsas səbəb yerli əhalinin torpaqlarından sıxışdırılıb çıxarılması idi.

Akademik Vasili Vasilyev isə imperiya baxışını əks etdirən istehzalı mövqe nümayiş etdirərək yerli xalqların yox olmasını faciə deyil, onların uğurlu “ruslaşdırılması” prosesi kimi qiymətləndirirdi.

Nəhayət, Transsibir magistralının çəkilməsi ilə güclənən slavyan kəndlilərinin kütləvi köçü bölgənin demoqrafik xəritəsini daha da dəyişdirdi. Nəticədə Sibirin yerli xalqlarının ümumi əhalidə payı 16 faizdən aşağı düşdü.

Sovet hakimiyyəti: süngü və marksizm

Sonra hakimiyyətə bolşeviklər gəldi – əllərində süngü, dillərində isə marksist doktrina.

1924-cü ildə Yan Qamarnik və Karl Luksun rəhbərliyi altında Uzaq Şərq İnqilab Komitəsinin yanında Şimalın Yerli Xalqlarına Yardım Komitəsi yaradıldı. 1925-ci ildə Xabarovskda Şimal Xalqları Pedaqoji İnstitutu fəaliyyətə başladı.

Xalq Maarif Komissarı Anatoli Lunaçarski hesab edirdi ki, “kiçik xalqların” nümayəndələri rus dilində normal oxuyub danışa bilmirlər və onları maarifləndirərək feodalizmdən birbaşa sosializmə keçirmək lazımdır.

Bolşevik təbliğatçıları maral sürülərinin arxasınca hərəkət edən “köçəri sovetlər” yaratmış, yerli əhaliyə sinfi mübarizə haqqında mühazirələr oxumuşdular.

Vəziyyətin absurdluğu Çukotkada, Uelen kəndində kulminasiya nöqtəsinə çatmışdı. Yerli çukçilər radio antennasını sovetlərin totem dirəyi hesab etmişdilər.

İdarəetmə siyasətinin əsas prinsiplərindən biri “parçala və hökm sür” idi. Altay və buryat milli-kommunistlərinin iri tayfalararası muxtariyyətlər yaratmaq cəhdləri də rədd edilirdi.

Kollektivləşmə və “qırmızı taun”

Kollektivləşmə tundraya son dərəcə amansız şəkildə daxil oldu.

Xoseda-Xard kimi mədəniyyət bazaları və “qırmızı çadırlar” missioner kilsələrinin yerini aldı. “Mübariz dinsizlər İttifaqı” isə şamanlara qarşı mübarizəyə başladı.

Maralçılar “kulak” elan edilirdi. Bunun nəticəsində köçərilər Sibirdəki maral sürülərinin üçdə birindən çoxunu kəsdilər.

Altay bölgəsində 1929-1932-ci illər arasında kəndlilər mal-qaranın yarıdan çoxunu məhv etdilər.

Yakutiyada kollektivləşmə silahlı üsyanlara, yanğınlara və mal-qaranın kütləvi şəkildə kəsilməsinə səbəb oldu.

Tayqa sanki açıq səma altında nəhəng bir kəsimxanaya çevrildi. İnsanla maral arasında minilliklər ərzində formalaşmış münasibət isə adi muzdlu əməyin standart mexanizminə endirildi.

İnternat məktəbləri və itirilmiş nəsil

Sovet “humanizminin” ən dağıdıcı vasitələrindən biri internat məktəbləri sistemi oldu.

Hər sentyabr helikopterlər tundranı dolaşaraq uşaqları köçəri düşərgələrdən toplayır, onları ailələrindən ayıraraq qapalı internatlara aparırdı.

Bu məktəblərdə uşaqlara doğma dillərində danışmaq, milli geyimlər geyinmək və adət etdikləri qidaları yemək qadağan edilirdi.

Beləliklə, bir nəsil formalaşdı: onlar ruslaşa bilmədilər, amma öz mədəniyyətləri ilə də əlaqələrini itirdilər.

Dil siyasəti 1920-ci illərdə latınlaşdırmadan 1937-ci ildə bütün yazı sistemlərinin kiril əlifbasına keçirilməsinə, 1938-ci ildə isə rus dilində məcburi təhsilin tətbiqinə qədər dəyişdi.

1959-cu ildə valideynlərə formal olaraq təhsil dilini seçmək hüququ verildi. Lakin illər ərzində yaradılmış sosial damğalama nəticəsində yerli əhali öz doğma dillərindən könüllü şəkildə imtina etməyə başladı.

İkinci Dünya müharibəsi Şimalın kiçik xalqlarının demoqrafiyasına da ağır zərbə vurdu.

Nanay və ulçların ümumi əhalisinin 8 faizindən çoxu Qızıl Orduya səfərbər edildi. Yakutiyanın Dyarkan kəndindən 99 kişi cəbhəyə getdi və onların 59-u həlak oldu.

Bu, ciddi gender disbalansına səbəb oldu: 1959-cu ildə hər 100 kişiyə 107 yetkin qadın düşürdü.

Bu arada yaşayış məntəqələrində sovet hakimiyyəti cəbhənin ehtiyacları üçün sonuncu ət və balıq ehtiyatlarını belə müsadirə edir, ailələri aclıq qarşısında qoyurdu.

Xruşşovun “ümidverici olmayan kəndləri”

1960-cı illərdə Nikita Xruşşov “yaşayış məntəqələrinin böyüdülməsi” proqramını – yəni “perspektivsiz kəndlərin ləğvi” siyasətini həyata keçirdi.

Yüzlərlə ənənəvi yaşayış məntəqəsi xəritədən silindi, yerli əhali isə minimal sanitar şəraiti belə olmayan standart taxta baraklara köçürüldü.

Ənənəvi yarangalar məhv edildi.

Baykal-Amur magistralının tikintisi, Norilsk kimi nəhəng sənaye mərkəzlərinin salınması və Kolıma bölgəsində QULAQ sisteminin genişləndirilməsi milyonlarla köçkün və məhbusun regiona gətirilməsi ilə nəticələndi.

Podkamennaya Tunquska üzərində yerləşən Katonqa kəndində evenklər sovet sosial ödənişlərinə möhtac, cəmiyyətin ən aşağı təbəqəsinə çevrildilər.

Çukotkada isə alkoqol əsas sosial vasitəyə çevrilərək insanların statusunu, mübadilə münasibətlərini və kənd iyerarxiyasını müəyyənləşdirməyə başladı.

Postsovet dövrü: problemlər davam edir

Postsovet keçidi də yerli xalqlar üçün vəziyyəti köklü şəkildə yaxşılaşdırmadı.

Mətnə görə, bu gün Sibirdə yetkin əhalinin 75-80 faizi siqaret çəkir. İrkutskda İİV-ə yoluxma səviyyəsi Moskva ilə müqayisədə üç dəfə yüksəkdir.

Sibirdə kişilərin orta ömür uzunluğu 59 il göstərilir. Bu, Rusiya üzrə orta göstəricidən – 64 ildən aşağıdır.

Bu gün isə Şimalın ondan çox azsaylı xalqı rəsmi olaraq fiziki yox olmaq təhlükəsi ilə üz-üzədir.

Sibir tarixinin bu mənzərəsi yalnız ərazi uğrunda mübarizədən bəhs etmir. Burada torpaq, təbii sərvətlər, vergi, assimilyasiya, zorakılıq, epidemiya və mədəniyyət siyasətinin yüzilliklər ərzində necə bir-birinə bağlandığını görmək mümkündür.

Bir vaxtlar Sibirin sonsuz meşələrində və tundralarında yaşayan yüzlərlə tayfa qrupu öz torpaqlarında siyasi qərarların subyekti idi. Sonrakı əsrlərdə isə onların böyük hissəsi imperiyanın əvvəlcə vergi, daha sonra isə inzibati və ideoloji sisteminin obyektinə çevrildi.

Beləliklə, Samur uğrunda başlayan iqtisadi ekspansiya zamanla torpaq, insan və mədəniyyət üzərində nəzarət sisteminə çevrildi.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*