Şəhərin tək mərkəzli modeldən çoxmərkəzli (polisentik) modelə keçidi də strateji prioritetlərdən biridir.
KONKRET.az trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.
R.Nəbiyev diqqətə çatdırıb ki, məqsəd məktəb, səhiyyə, iş və mədəniyyət obyektlərinə daha qısa məsafədə çıxışın təmin olunmasıdır.
“Ənənəvi yanaşmanın əksinə olaraq, daha çox yol tikmək tıxac problemini avtomatik həll etmir. Buna görə Bakı şəhər mobilliyi sistemli şəkildə qurulub: yollar avtobus şəbəkəsini, avtobuslar dəmir yolunu, dəmir yolu isə metro sistemini tamamlayır, – deyə o əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.
