“Şəhər təsərrüfatına yolun nə olduğunu bilməyənlər rəhbərlik edir”: Tıxac problemi insanları təngə gətiribbackend

"Şəhər təsərrüfatına yolun nə olduğunu bilməyənlər rəhbərlik edir": Tıxac problemi insanları təngə gətirib

Onlayn təhsilin ləğv edilməsi ilə Bakıda səhər və axşam saatlarında nəqliyyat sıxlığının daha da artacağı gözlənilir.

Belə bir vəziyyətdə şəhərdə ciddi tıxacların qarşısının alınması üçün AYNA və digər aidiyyəti qurumlar hansı konkret addımları atmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Bakıda nəqliyyat sıxlığının həm obyektiv, həm də subyektiv səbəbləri var.

Sərdar Cəlaloğlu — Vikipediya

Onun sözlərinə görə, avtomobillərin sayının artması, Bakının mərkəzindəki qədim küçələrin genişləndirilməsinin mümkün olmaması, inzibati binaların əsasən paytaxtda yerləşməsi və turist axınının artması yolların yüklənməsinə səbəb olan obyektiv amillərdir:

“Maşınlar artır. Bakının mərkəzində qədim küçələrdir. Bu küçələri genişləndirmək mümkün deyil. İnzibati binaların çoxu Bakıda yerləşir. Turist axını da var. Yollar yüklənir. Bunlar dünyada da mövcud olan obyektiv səbəblərdir”.

ADP sədri hesab edir ki, Bakıda nəqliyyat probleminin yaranmasında subyektiv amillər də mühüm rol oynayır.

“Düşünülmüş şəkildə yolların keçiricilik qabiliyyəti aşağı salınır. Məsələn, şəhərin mərkəzində küçənin bir tərəfində park xidməti, digər tərəfində isə velosiped yolu ayrılıb. Ortada kiçik zolaq qoyulub. Bakıda 1 milyona yaxın maşın var, 5-6 min də skuter var. 1 milyon maşının problemini həll etmək mümkün olduğu halda velosiped və skuter üçün xüsusi yerlər ayrılır. Nəticədə həmin yolda iki zolaq olduğu halda, bu gün bir zolaq qalıb. Bununla da nəqliyyatın keçiriciliyi iki dəfə çətinləşdirilib”.

Sərdar Cəlaloğlu bəzi yolların bir-biri ilə əlaqələndirilməsinin də vacib olduğunu bildirib:

“Bəzi yollar kəsikdir, döngələrdədir. Yolların qabağı açılıb birləşdirilməlidir ki, ara küçələrdən də hərəkət mümkün olsun”.

Onun sözlərinə görə, şəhərin mərkəzində parklanma probleminin həlli üçün iri qarajların tikilməsi də vacibdir:

“Şəhərin mərkəzində yolun kənarındakı parklanmanı əvəz edən böyük, nəhəng qarajlar tikilməlidir. Qarajların qiymətləri ağlabatan olmalıdır. Bunun baha olması da vətəndaşları məcbur edir ki, küçələrin kənarlarında maşınlarını saxlasınlar”.

ADP sədri hesab edir ki, Bakıda tıxacların yaranmasına səbəb olan bir sıra süni problemlər də mövcuddur. O, şəhərə giriş və çıxış yollarında hərəkətin təşkilinin də buna uyğun tənzimlənməli olduğunu vurğulayıb:

“Məsələn, şəhərdən çıxan yolların sürəti ilə şəhərə girən yolların sürəti eynidir. Məntiqlə, şəhəri boşaltmaq üçün çıxan yollarda sürət bir qədər yüksək ola bilər ki, şəhər boşalsın. Bəzən isə girən yollarda sürət daha yüksək olur”.

Sərdar Cəlaloğlu bildirib ki, Bakının nəqliyyat problemlərinin həlli üçün qərarlar daha rasional yanaşma və sahə üzrə mütəxəssislərin iştirakı ilə qəbul edilməlidir.

“Çox təəssüflər olsun ki, Azərbaycanda ümumiyyətlə dövlət idarəçiliyində səriştəlilik və müəyyən sahə üzrə mütəxəssislərin cəlb olunması məsələsində problemlər var. Yolun nə olduğunu bilməyən insanlar rəhbərlik edirlər. Bakıda mövcud problemlərin böyük əksəriyyəti sırf subyektiv amillərlə bağlıdır”, – deyə o, qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*