Şəhid və qazi ailələri kommunal xərclərdən azad oluna bilərmi? – AÇIQLAMAbackend

Şəhid və qazi ailələri kommunal xərclərdən azad oluna bilərmi? - AÇIQLAMA

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq torpaqlarımızın işğaldan azad olunmasına nail olub. Bu gün müzakirə olunan məsələlərdən biri şəhid və qazi ailələrinin kommunal xərclərdən azad edilməsidir. Müharibə bitdikdən sonra şəhid və qazi ailələri kommunal xərclərdən azad oluna bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, şəhid və qazilərlə bağlı ayrıca qanun qəbul edilməlidir:

“Onların hüquq və sosial təminatı ilə bağlı xüsusi dövlət proqramı həyata keçirilməlidir. İndiki şəraitdə nə qədər imkan varsa, bir o qədər də addımlar atılmalıdır. Müharibə və koronavirusa görə müəyyən iqtisadi çətinliklər yaşadıq. Amma bütün bu çətinliklər aradan qaldırıldıqdan sonra bununla bağlı addımlar atılmalıdır. Bu gün şəhid ailələrinin kredit borcları silinib. Müharibədə iştirak edənlərinki isə dondurulub. Düzdür, ara-sıra bəzi bankların güzəşt etməməsi ilə bağlı xəbərlər çıxır. Əslində kredit borclar dondurulmalıdır. Çünki müharibə olan insan necə borc ödəyə bilər? Bu baxımdan da məntiqlə kredit borcları dondurulmalıdır”,

Deputat Vüqar Bayramov vurğulayıb ki, şəhid ailələri və qazilər Azərbaycan dövlətinin hər zaman diqqətində olan vətəndaşlarıdır:

“Ölkə başçısı da qeyd etdi ki, şəhid ailələrinə və qazilərimizə diqqət daha da artırılacaq. Bildiyiniz kimi, şəhid ailələrinin mənzillə təmin edilməsi ilə bağlı proqram həyata keçirilir. Şəhid ailələri və qazililərimizin məşğulluğunun gücləndirilməsi məsələləri diqqət mərkəzindədir. Ona görə də, Azərbaycan əldə etdiyi qələbədən sonra bu istiqamətdəki məsələləri daha da inkişaf etdirmək imkanında olacaq. Xüsusən də, şəhid ailələri və qazilərimiz üçün işlə təmin edilmə məsələsinin aktivləşdirilməsini təklif edirik.

Bu istiqamətdə əvvəlki illərdə də işlər görülüb. Xüsusilə də, bu vətəndaşlarımızın işlə təmin edilməsinə üstünlük verilir. Artıq post-müharibə dövründə həmin ailələrin gəlirlərinin artırılması və əmək qabiliyyəti olan qazilərimizin işlə təmin edilməsi istiqamətində daha geniş işlər görüləcək. Bu da əslində ailələrin gəlirlərinin və sosial təminatının gücləndirilməsi baxımından olduqca vacibdir. Təbii ki, gəlirlər nə qədər çox olarsa, ona uyğun olaraq da xərcləmələr, kommunal istiqamətdə ödənişlər etmək imkanına malik olunur. Bu, daha dayanaqlı gəlir mənbələridir. Ona görə də, düşünürəm ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərimizə olan imtiyazlar, dəstək davam etdiriləcək, hətta daha da genişləndiriləcək. Bütün bunların fonunda təbii ki, ölkə rəhbərliyinin tapşırığı ondan ibarətdir ki, həmin vətəndaşların daha çox işlə təmin olunması priroritet olacaq. Artıq növbəti mərhələdə dövlət tərəfindən reallaşacaq məşğulluq proqramlarına daha çox şəhid ailələlərinin üzvləri və qazilərimizin cəlb ediləcəyi gözlənilir. Bu da onların sosial təminatının daha çox yaxşılaşdırılmasına xidmət edəcək”.

Nərgiz Mirzəyeva,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*