Ölkənin ən böyük mobil operatorlarından biri sayılan “Azercell Telekom” MMC-nin Vətən müharibəsi şəhidini məhkəməyə verməsi ilə bağlı iddialar yayılıb. Belə ki, adıçəkilən mobil operatorun Gəncə şəhidi, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Məmmədov Araz Adil oğlunu məhkəməyə verməsi barədə mətbuatda informasiyalar yer alıb. Buna səbəb kimi isə şəhidin “Azercell”ə borcunun olması əsas gətirilib.
KONKRET.az məsələnin mahiyyətini araşdırmaq üçün “Azercell Telekom” MMC-yə sorğu ilə müraciət edib.
Şirkətdən belə cavab verilib ki, məqalədə adıçəkilən şəhidimizə qarşı “Azercell Telekom” MMC tərəfindən hər hansı məhkəmə iddiası qaldırılmayıb. Yayılan məlumatlar isə həqiqətə uyğun deyil və əsassız dərc edilib.
Şirkətdən o da bildirilib ki, “Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsindən dərhal sonra, hələ 2020-ci ilin dekabr ayında ordumuza ehtiram əlaməti olaraq müharibədə şəhidlik zirvəsinə ucalan abunəçilərin borclarını tam şəkildə bağışlayıb. Bu barədə məlumat KİV vasitəsilə təqdim edilib və şirkətin rəsmi internet səhifəsində, sosial media hesablarında dərc olunub.

Müşviq Tofiqoğlu,
Sevinc Paşayeva,
KONKRET.az
