SENSASİON AÇIQLAMA: “Kremlə dron hücumunu Rusiyanın kəşfiyyat orqanları təşkil edib”backend

SENSASİON AÇIQLAMA: "Kremlə dron hücumunu Rusiyanın kəşfiyyat orqanları təşkil edib"

Kremlə dron hücumlarının təşkil edilməsi dünyanın gündəmini dəyişib. Belə ki, bu hadisə Rusiyanın hiddətinə səbəb olub və indi hər kəs Moskvanın Zelenskinin iqamətgahını vuracağını gözləyir. Lakin hadisəyə münasibət heç də birmənalı deyil. Bir çox siyasi ekspertlər bu hadisənin təxribat olduğunu və Rusiyanın daxilindən təşkil edildiyini söyləyirlər. 

Mövzu ilə bağlı tanınmış politoloq Zərdüşt Əlizadə KONKRET.az-ın suallarını cavablandırıb:

– Necə düşünürsüz, Kremlə hücum Ukrayna tərəfindən gerçəkləşdirilib, yoxsa bütün bunlar Rusiyanın oyunudur?

Mən Bakıda əyləşmişəm, xəbərləri izləyirəm və video görüntülərə baxıram. Məntiqi baxımdan Ukraynanın təcavüzə uğrayan, bombalanan, dağıdılan bir dövlət kimi Rusiyanın istənilən nöqtəsinə zərbə endirmək hüququ var. Lakin digər tərəfdən Ukraynanın bu cür imkanları demək olar ki yoxdur. Vaxtilə Hava Hücumundan Müdafiə Qoşunlarının zabiti olmuşam. Komanda Qərargah təlimlərini tərcümə etmişəm. Ona görə də Hava Hücumundan Müdafiə Qoşunlarının qabiliyyətinə yaxşı bələdəm. Fikrimcə, həmin dronlar Ukrayna ərazisindən Moskvaya çata və o cür dəqiqliklə Kremlin üzərində peyda ola bilməzdi. Üstəlik, indiki mərhələdə bu dronları Rusiya Hava Hücumundan Müdafiə Qoşunlarının vurmaq imkanı sıfıra bərabərdir. Hesab edirəm ki, bu hadisə bir təxribatdır. Rusiyanın kəşfiyyat orqanları bu məsələni özləri təşkil ediblər. Dronları özləri havaya buraxıblar və sonra da vuraraq məhv ediblər. Beləliklə də Ukraynanı günahlandırmağa çalışırlar. Bu hadisədən istifadə edərək Ukrayna tərəfindən gözlənilən və Rusiya üçün ağır nəticələnəcək əks hücumların qarşısını almaq istəyirlər.

Zərdüşt Əlizadə: “Ermənilərə indiki halda xətər yetirməyimiz Vətənə xəyanətdir” | KONKRET

– Rusiya Zelenskinin iqamətgahını vurmaqla hədələyir. Sizcə Putin bu addımı atacaq?

Rusiya Ukraynaya hücum edib, ərazisinin təxminən 30-40 faizini viran qoyub. Onun ən böyük Atom stansiyasını işğal edib, yaşayış yerlərini, məktəblərini bombalayıb. Rusiya bundan artıq nə etməlidir? Ukraynanın əxlaqi, siyasi və hüquqi əsasları var ki, Rusiyanın istənilən mərkəzinə zərbə endirsin. Amma Kremlin Zelenskinin iqamətgahını vurmaq ehtimalını yüksək hesab etmirəm. Onsuz da Zelenski iqamətgahında əyləşmir. Yəqin ki, onun mənzil qərərgahının yerləşdiyi binanın altında hansısa gizli sığınacaq var. Zelenski vaxtının böyük hissəsini orada keçirir. Sadəcə hansısa xarici qonaq gələndə üzə çıxır və Ukrayna xalqına öz yerində olduğunu göstərir. Belə sığınacaqlar Kremlin özündə də mövcuddur. Ona görə də, Rusiya Zelenskinin iqamətgahını vursa belə, bunun heç bir nəticəsi olmayacaq. Müharibə vəziyyətində olan ölkədə Ali Baş Komandanın təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlər görülür.

– Necə düşünürsünüz, 9 may Qələbə Günü ərəfəsində Ukrayna tərəfindən Rusiyanın müxtəlif bölgələrinə dron hücumları olacaqmı?

Təbii ki, bu, mümkündür. Rusiya Ukrayna tərəfinin belə hücumlarını gözləməlidir. Rusiya Ukraynada 100 mindən çox insanın həyatına son qoyub, Beş yüzdən çox uşaq qətlə yetirilib. Əraziləri bombardman edilib. Ona görə də, Ukraynanın adekvat addım atması tam qanunauyğundur. Rusiya hansı haqla Ukraynadan onun ərazisinə toxunmamağı tələb edə bilər? Təbii ki, bu, məntiqsizdir. Amma döyüşlərin Rusiya ərazisində davam etdirilməsi mümkün deyil. Krımı çıxmaq şərti ilə Rusiyanın özününkü elan etdiyi ərazilərdə Ukrayna heç bir əməliyyat aparmayacaq. Çünki bu, rəsmi Kiyevə lazım deyil. Ukraynanın məqsədi öz ərazi bütövlüyünün tanınmasına və müharibənin dayandırılmasına nail olmaqdır. Bunun üçün də Ukrayna ərazisinə girən rus qoşunlarını məhv etmək, Kremlin hərbi texnikalarını sıradan çıxarmaq və onun işğal etdiyi əraziləri hərbi və ya siyasi yolla geri qaytarmaq lazımdır.

Müşviq Tofiqoğlu,

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*