Fars körfəzində gərginliyi artıracaq yeni iddia gündəmə gəlib. İranın SEPAH üzvlərinin Küveytin strateji əhəmiyyətə malik Bubiyan adasına daxil olması ilə bağlı yayılan məlumatlar regionda təhlükəsizlik balansı və İran–Körfəz ölkələri münasibətlərinin gələcəyi ilə bağlı ciddi müzakirələrə səbəb olub. Ekspertlər hesab edirlər ki, bu hadisə diplomatik böhrandan tutmuş ərəb-fars qarşıdurmasının dərinləşməsinə qədər bir sıra risklər yarada bilər. Görəsən, Bubiyan adası ətrafında yaranan gərginlik Yaxın Şərqdə yeni siyasi və hərbi qarşıdurmanın başlanğıcına çevrilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, hadisənin regionun təhlükəsizlik balansına birbaşa təsiri mümkündür:

“Təhlükəsizlik balansına təsiri var. Küveytin mövqeyi BMT-nin nizamnaməsinə görə özünü müdafiə etmək hüququ verir. Bu mənada Bubiyan adasının strateji mövqeyi Körfəz dəniz yollarına ciddi təsir göstərir. Hadisə ərəb-fars qarşıdurmasına qədər gedib çıxa bilər. Diplomatik böhran, regional ittifaqların sərtləşməsi və İranın imicinə qarşı ABŞ və müttəfiqlərinin bölgədə formalaşdırmaq istədiyi yeni düzən də bu proseslərə təsir edən amillərdir”, – deyə o, vurğulayıb.
Siyasi şərhçinin sözlərinə görə, Bubiyan adası coğrafi baxımdan strateji əhəmiyyət daşıdığı üçün burada baş verən hər hansı insident təkcə Küveyt və İran arasında deyil, bütövlükdə Körfəz regionunda təhlükəsizlik gündəmini dəyişə bilər. Xüsusilə ABŞ-nin bölgədəki hərbi və siyasi təsirinin gücləndiyi bir dövrdə belə hadisələr yeni diplomatik gərginliklərə yol açacaq. Qeyd edək ki, Bubiyan adası Küveytin ən böyük adası hesab olunur və Fars körfəzində mühüm logistika və hərbi-strateji nöqtələrdən biri sayılır.
Aynurə İsmayıl
KONKRET.az
