Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, ABŞ və onun NATO-dan olan müttəfiq ölkələri Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmağa çalışırlar.
KONKRET.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Narışkin deyib ki, Dağlıq Qarabağda əldə olunan atəşkəs ABŞ-ı qıcıqlandırıb. Onun sözlərinə görə, Rusiyanın birbaşa səyi ilə Dağlıq Qarabağda atəşkəsə dair anlaşma ABŞ və müttəfiqləri sözün əsl mənasında əsəbiləşdirib. “Nə Vaşinqton, nə də Avropa bölgədəki mövcud qüvvələr nisbətinə dözmək istəmirlər. Bunu pozmaq üçün Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmağa yenidən cəhd etməkdən yaxşı bir şey düşünmədilər”.
Narışkin daha sonra deyib: “ABŞ və Qərb bu hərəkətlərinin məsuliyyətini dərk etmir və yaxud dərk etmək istəmir. Axı onların bu çağırışları son nəticədə müharibənin alovlanmasına və minlərlə insanın ölümünə səbəb ola bilər. Görünür, ABŞ və Qərbi insanların faciəsi yox, geosiyasi maraqları daha çox narahat edir”.
