Şəxs vəfat etdikdə onun kredit borcunu kim və necə ödəyir? – VACİB AÇIQLAMAbackend

Şəxs vəfat etdikdə onun kredit borcunu kim və necə ödəyir? - VACİB AÇIQLAMA

Bankdan kredit götürən şəxsin vəfat etməsi cəmiyyətdə tez-tez müzakirə olunan və müxtəlif suallar doğuran mövzulardandır. Bir çox hallarda “borc silinirmi, yoxsa ailə üzvlərinə ötürülürmü?” sualı aktuallaşır. Bəs qanunvericilik və bank praktikası bu vəziyyəti necə tənzimləyir? Kredit götürən şəxs dünyasını dəyişərsə, onun bank qarşısındakı öhdəlikləri hansı mexanizmlərlə həll olunur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, banklar bu kimi halları əvvəlcədən nəzərə alaraq kredit müqavilələrində riskləri müxtəlif mexanizmlərlə tənzimləyirlər.

“Banklar kredit verərkən adətən girov və ya zaminlik tələb edir. Kiçik məbləğli kreditlərdə girov tələb olunmasa da, zaminlik şərti qoyulur. Eyni zamanda, kredit alan şəxsin kartı həmin bankdadırsa, banka daxil olan vəsait borcun ödənilməsinə yönəldilə bilər”.

İqtisadçı qeyd edib ki, uzunmüddətli kreditlərdə isə əksər hallarda həyat sığortası tətbiq olunur.

“Kredit götürən şəxs vəfat edərsə, ilk növbədə borcun ödənilməsi üçün həyat sığortasına müraciət edilir. Həyat sığortası olmadıqda bank borcu zamindən tələb edir. Zamin də ödənişdən imtina edərsə, növbəti mərhələdə girov hesabına borcun bağlanması gündəmə gəlir”.

Xalid Kərimlinin sözlərinə görə, nə girov, nə zamin, nə də həyat sığortası mövcud deyilsə, bu zaman bank ölən şəxsin mirasının olub-olmadığını araşdırır.

“Əgər miras varsa və varislər həmin mirasa sahib çıxırlarsa, borcun ödənilməsi də məhz həmin miras hesabına tələb olunur. Varislər mirası qəbul etmədikləri halda isə onlardan birbaşa borcun ödənilməsi tələb edilmir”.

İqtisadçı vurğulayıb ki, “şəxs vəfat etdi, borc silindi” kimi bir anlayış mövcud deyil və bankların krediti bağışlaması praktikada tətbiq olunmur. Bank borcun ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün mərhələləri ardıcıllıqla icra edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*