Kubanın 300-dən çox hərbi pilotsuz uçuş aparatı (PUA) əldə etdiyi və onlardan ABŞ-ın regiondakı strateji obyektlərinə qarşı mümkün hücumlarda istifadə edilməsi planlarını müzakirə etdiyi iddia olunur.
“Axios” nəşri məxfi kəşfiyyat məlumatlarına istinadən xəbər verir ki, rəsmi Havana bu dronlarla ABŞ-ın Quantanamo dəniz bazasını, hərbi gəmilərini və adadan təxminən 90 mil məsafədə yerləşən Florida ştatının Ki-Uest (Key West) bölgəsini hədəf almaq ssenarilərini nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, ABŞ-ın yüksək rütbəli rəsmilərindən birinin sözlərinə görə, bu kəşfiyyat hesabatı Vaşinqton üçün hərbi əməliyyatlara başlamaq üçün əsas (bəhanə) ola bilər. Ağ Ev Kubanın 2023-cü ildən bəri Rusiya və İrandan müxtəlif təyinatlı zərbə dronları aldığını, onları adanın strateji nöqtələrində yerləşdirdiyini və İraq, Suriya, eləcə də Yaxın Şərqdəki İran təcrübəsini mənimsəməyə çalışdığını bildirir.
Məsələ ilə bağlı MKİ (CIA) tərəfindən verilən rəsmi açıqlamada qurumun direktoru Con Retkliffin (John Ratcliffe) bu yaxınlarda Kubaya gözlənilməz səfər etdiyi və Havana rəhbərliyinə düşmənçilik xarakterli addımlardan çəkinmələri barədə birbaşa xəbərdarlıq etdiyi təsdiqlənib. MKİ rəsmisi vurğulayıb: “Direktor Retkliff açıq şəkildə bildirdi ki, Kuba artıq ABŞ-ın düşmənləri üçün regionumuzda təhdid yaradacaq bir plasdarm rolunu oynaya bilməz”.\\nocomment.az
