Son aylarda İranda etiraz aksiyalarının səngiməsi ölkədə vəziyyətin sabitləşməsi kimi təqdim olunsa da, ekspertlər bu “sakitliyin” zahiri xarakter daşıdığını bildirirlər. Bəs, hazırkı “sakitlik” dövrünü gələcək daha böyük partlayışın xəbərçisi saymaq olarmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, etirazların azalması problemlərin həll olunduğu demək deyil:
Onun sözlərinə görə, hökumət aksiyalara qarşı çox sərt tədbirlər görüb və minlərlə insan həyatını itirib. Bu isə cəmiyyətdə qorxu mühiti yaradaraq açıq etirazların qarşısını müvəqqəti olaraq alıb.
Politoloq vurğulayıb ki, iqtisadi və sosial problemlər əvvəlki kimi qalır və İranın sosial vəziyyətində ciddi yaxşılaşma müşahidə olunmur.
“Hazırda etirazlar formaca səngiyib, amma mahiyyətcə narazılıq davam edir. İnsanlar açıq şəkildə küçələrə çıxmasalar da, cəmiyyətdə gərginlik hökm sürür. Etirazlara səbəb olan amillər aradan qalxmadığı üçün bu proses gələcəkdə yenidən alovlana bilər,” – deyə Əli Mustafa bildirib.
Politoloq ABŞ və İran arasında mümkün danışıqların uğursuzluqla nəticələnəcəyi halda vəziyyətin daha da gərginləşə biləcəyini də istisna etməyib. Onun fikrincə, əgər hərbi qarşıdurma ehtimalı artsa və rejim zəifləsə, bu, yeni etiraz dalğasına şərait yarada bilər.
“Xalq son hadisələr zamanı ciddi təzyiqlərə məruz qalıb və etirazlar zorla yatırılıb. Əgər ABŞ-la danışıqlar alınmasa və müharibə riski yaransa, düşünmürəm ki, cəmiyyət rejimi dəstəkləsin. Əksinə, fürsət yaranarsa, xalq yenidən ayaqlana bilər,” – politoloq əlavə edib.
Əli Mustafa hesab edir ki, hazırkı vəziyyət sadəcə zahiri sakitlikdir. Xarici müdaxilə və ya daxili böhranın dərinləşməsi fonunda etirazların yenidən genişmiqyaslı şəkildə baş qaldırması mümkündür.
Beləliklə, ekspertin qənaətinə görə, İranda müşahidə olunan nisbi sakitlik uzunmüddətli sabitlikdən çox, gələcəkdə baş verə biləcək yeni sosial partlayışların xəbərçisi kimi qiymətləndirilə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

