Azərbaycanda pensiya sistemi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, “bir nəfər – bir pensiya” prinsipinin yumşaldılması və bəzi həssas kateqoriyalara eyni anda iki pensiya verilməsi məsələsi ictimai maraq doğurur.
Bəs mövcud qanunvericilik bu istiqamətdə dəyişə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda Azərbaycanda “bir nəfər – bir pensiya” prinsipi qüvvədədir və rəsmi yanaşmaya görə vətəndaş yalnız bir əsasla pensiya ala bilər. Əgər şəxsin həm yaşa , həm əlilliyə, həm də ailə başçısını itirməyə görə pensiya hüququ yaranırsa, o zaman yalnız daha sərfəli olan bir növ seçilir və eyni anda iki pensiya təyin edilmir.

Ekspert qeyd edib ki, bu qayda tam sərt mexanizm deyil. Belə ki, bəzi həssas qruplar üçün əlavə sosial dəstək alətləri mövcuddur:
“Şəhid ailə üzvləri, müharibə əlilləri, Çernobıl əlilləri və digər kateqoriyalar pensiya ilə yanaşı Prezident təqaüdü, sosial müavinət və ya xüsusi təminat ala bilirlər. Bu ödənişlər hüquqi baxımdan ikinci pensiya hesab olunmasa da, faktiki olaraq vətəndaşın gəlirinə əlavə kimi çıxış edir.”
Akif Nəsirli beynəlxalq təcrübəyə də toxunub.
“Rusiya modelində bəzi kateqoriyalar – hərbi əlillər, müharibə veteranları, kosmonavtlar və radiasiya qəzasından zərər çəkənlər həm dövlət, həm də sığorta pensiyası almaq hüququna malikdirlər. Azərbaycanda isə bu tip istisnaların tətbiqi ilə bağlı hələlik rəsmi qanun layihəsi ictimai müzakirəyə təqdim olunmayıb.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ikinci pensiya hüququnun verilməsi ilə bağlı təkliflər olub. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, pensiya sistemi sığorta prinsipinə əsaslanır. Yəni vətəndaş işləyib sosial ödəniş edibsa, buna uyğun pensiya alır. Əlavə sosial dəstək isə ayrıca təqaüd və müavinətlər vasitəsilə təmin olunmalıdır.”
Onun sözlərinə görə, hazırda Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığı da nəzərə alınaraq “bir nəfər – iki pensiya” modelinə keçid planlaşdırılmır. Bunun əvəzində xüsusi statuslu şəxslər üçün Prezident təqaüdlərinin məbləği mərhələli şəkildə artırılır ki, bu da faktiki olaraq əlavə gəlir rolunu oynayır.
Ekspert hesab edir ki, yaxın perspektivdə mümkün dəyişikliklər olsa belə, bu yalnız xüsusi kateqoriyalara şamil edilə bilər:
“Gözlənilən dəyişikliklər ümumi qaydanın ləğvi deyil, daha çox hərbi əlillər və şəhid ailələri kimi xüsusi statuslu şəxslərə yönəlmiş məhdud istisnalar ola bilər. Hamıya iki pensiya verilməsi isə büdcə yükü səbəbindən real görünmür.”
Beləliklə, hazırkı vəziyyətə görə Azərbaycanda “bir nəfər – bir pensiya” prinsipi qüvvədə qalır. İkinci pensiya ilə bağlı müzakirələr davam etsə də, rəsmi səviyyədə bu modelin tətbiqi gündəmdə deyil. Bunun əvəzinə dövlət daha çox ünvanlı təqaüd və sosial müavinət mexanizmlərini genişləndirməyə üstünlük verir.
Aynurə İsmayıl
KONKRET.az
