Putin Yaxın Şərqdə Baydenə sarsıdıcı cavab zərbəsi endirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Tehrana səfəri, türkiyəli və iranlı həmkarları ilə səmərəli görüşü bu yaxınlarda Yaxın Şərqə gələn, lakin əliboş qayıdan Co Baydenə cavab zərbəsi olub. Bu barədə Çin nəşri olan “Global Times” yazı dərc edib.
Nəşr Putinin İrana səfərinin dünya səhnəsində böyük ictimai etiraz doğurduğunu diqqətə çatdırıb. Məqalə müəllifləri oxucuların diqqətini Amerika prezidenti Co Baydenin bu yaxınlarda Yaxın Şərqə səfər etməsinə yönəldiblər:
“Bu, Putinin səfəri özünü ABŞ-ın regionda təsirini gücləndirmək cəhdlərindən sonra verilən cavab zərbəsi kimi göstərdi”, – çinli jurnalistlər vurğulayıblar.
“Baydenin Yaxın Şərqə çox az nəticə verən iddialı səfəri fonunda Putinin İrana gəlişi “ABŞ-ın üzünə endirilən bıçaq zərbəsi” kimi görünür”, – Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin eksperti bildirib.
Nəşrin yazdığına görə, Qərbin çoxsaylı məhdudiyyətlərinə baxmayaraq, Rusiyanı təcrid etmək cəhdləri uğursuzluqla nəticələnib. Və Putinin İrana səfəri buna sübut olub.
“Son illər Rusiya region ölkələri ilə praqmatik münasibətlər qurub və orada özünün mövcudluğunu təmin edib. İran və Səudiyyə Ərəbistanı kimi regionun böyük ölkələri isə ABŞ-dan daha müstəqil xarici siyasət yürütməyə başlayıblar ki, bu da Ağ Ev diplomatiyasının regionda əhəmiyyətini xeyli azaldıb” – “Global Times”ın jurnalistləri bildiriblər.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanı ilə neft danışıqlarında uğursuzluğa düçar olub. İsrailli ekspert Yakov Kedmi Ər-Riyaddan gələn “neft silləsi”nin Moskvanın real gücünü və təsirini necə göstərdiyini sübuta yetirib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
