Sumqayıt məktəblərindəki insidentlərlə bağlı RƏSMİ AÇIQLAMA: Hadisələr bu cür baş verib…backend

Sumqayıt məktəblərindəki insidentlərlə bağlı RƏSMİ AÇIQLAMA: Hadisələr bu cür baş verib...

Sumqayıt məktəblərində bir neçə insident qeydə alınıb.

KONKRET.az xəbər verir ki, hadisələrdən biri Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilən 2012-ci il təvəllüdlü H.B.-nin qapalı kəllə-beyin travması aldığı bildirilib.

Digər insident isə 11 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məlumata görə, 2014-cü il təvəllüdlü K.M. dərs zamanı sinif yoldaşı ilə mübahisə edərkən yıxılıb və baş nahiyəsindən xəsarət alıb.

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən KONKRET.az-a bildirilib ki, 5 fevral tarixində 33 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdləri arasında yaranan mübahisə zamanı bir şagird digərinə xəsarət yetirib. Hadisə dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, xəsarət alan şagirdə ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım xidmətinə, hüquq-mühafizə orqanlarına, eləcə də valideynlərə məlumat verilib. Şagird tibb müəssisəsinə aparılıb.

Qurumdan əlavə edilib ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hər iki şagirdin fiziki və psixoloji vəziyyəti məktəb rəhbərliyi və təhsil idarəsi tərəfindən izlənilir. Mövcud qaydalar çərçivəsində müvafiq tədbirlər görülür və araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə açıqlanacaq.

Təhsil idarəsi eyni zamanda uşaqların yeniyetməlik dövründə olduğunu və araşdırmanın davam etdiyini nəzərə alaraq ictimaiyyəti mövzuya həssas yanaşmağa, paylaşımlarda rəsmi açıqlamalara istinad etməyə çağırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*