ABŞ prezidenti Donald Tramp süni intellekt sahəsinin aparıcı şirkətlərindən biri olan “Anthropic”in baş direktoru Dario Amodey ilə gec saatlarda şam yeməyində görüşəcək.
KONKRET.az xəbər verir ki, buna səbəb əslində son illər süni intellektin təhlükə mənbəyinə çevrilməsidir. Üzdə görünən isə odur ki, süni intellekt şirkətlərindən birinin rəhbəri olan Amodey superintellekt riskləri səbəbindən qabaqcıl süni intellekt texnologiyalarının inkişafının yavaşladılmasına çağırışları ilə tanınır. Tramp isə Vaşinqtonun bu sahədə Pekinə uduzmamalı olduğunu və inkişafın dayandırılmasına yol verməyəcəyini bildirir.
Görüş “Anthropic” şirkəti ilə Tramp administrasiyası arasında aylardır davam edən açıq qarşıdurmadan sonra baş tutacaq.
Görüş barədə ilk məlumatı yayan və daha sonra Trampın özü tərəfindən təsdiqlənən ABŞ-ın “Axios” nəşrinin məlumatına görə, bu, iki şəxsin qapalı şəraitdə ilk üzbəüz görüşü olacaq.
Çikaqoda qolf turnirində iştirak etdikdən sonra Vaşinqton yaxınlığındakı bazaya gələn Tramp jurnalistlərlə söhbətində gününün kifayət qədər gərgin keçdiyini zarafatla qeyd edib və Amodey ilə gecə görüşündən danışıb.
“Bu axşam “Anthropic” şirkətinin rəhbəri ilə şam yeməyim var. Günlərimiz uzun keçir, amma deyəsən, öhdəsindən gəlirəm. Elə deyilmi?” – deyə Tramp bildirib.
“Beləliklə, bu axşam Dario ilə şam yeməyim var. Bildiyiniz kimi, o, “Anthropic” şirkətindən olan və böyük hörmət qazanan bir şəxsdir”, – ABŞ prezidenti əlavə edib.
Trampın Amodeyə dəvəti federal apellyasiya məhkəməsinin Pentaqonun “Anthropic”i təchizat zənciri üçün risk hesab etməsi ilə bağlı qərarını təsdiqləməsindən iki gün sonra gəlib. Bu qərar ABŞ Silahlı Qüvvələrinə şirkətin süni intellekt modellərindən istifadə etməyi qadağan edir.
“Anthropic” şirkəti fevral ayında öz süni intellekt modellərinin tam avtonom silah sistemlərində və ya genişmiqyaslı daxili müşahidə sistemlərində istifadəsinə icazə verməkdən imtina etdikdən sonra Tramp administrasiyasının sanksiyaları ilə üzləşib.
Tramp daha əvvəl də Amodeyi tənqid edib. O, “Anthropic” rəhbərinin süni intellektin inkişafında fasilə verilməsinə çağırışından sonra onun “mükəmməl balaca mələk olmağa çalışdığını” deyib.
Amodey cümə axşamı Ağ Evdə Çin lideri Si Cinpin şərəfinə təşkil olunan dövlət naharında da iştirak etməyib. Süni intellekt sənayesinin bir sıra aparıcı nümayəndələrinin dəvət olunduğu tədbirdə Amodeyin əsas rəqiblərindən biri – OpenAI şirkətinin baş direktoru, ChatGPT-nin yaradıcısı Sem Altman da iştirak edib.
“Anthropic”in baş direktoru Dario Amodey sentyabrın 23-də BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində süni intellektə həsr olunmuş Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə çıxış edib.
İnsanların gələcəkdə süni intellekt üzərində nəzarəti itirə biləcəyi ilə bağlı narahatlıqlar və texnologiyanın inkişafının yavaşladılmasına dair çağırışlar getdikcə artsa da, Tramp fərqli mövqe nümayiş etdirir.
ABŞ prezidenti hesab edir ki, OpenAI, Anthropic, Google və Meta kimi aparıcı şirkətlər inkişafı dayandıra bilməzlər. Onun fikrincə, ABŞ şirkətlərinin fasilə verməsi Çinə bu sahədə üstünlük əldə etmək imkanı yarada bilər.
Bazar günü qabaqcıl süni intellekt modelləri ilə bağlı çoxsaylı təhlükəsizlik insidentləri, o cümlədən kommersiya və hökumət saytlarına haker hücumları barədə suala cavab verən Tramp bu narahatlıqları rədd edib.
“Mən bundan narahat deyiləm”, – deyə respublikaçı prezident bildirib.
Tramp və ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun çərşənbə axşamı süni intellekt sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri ilə də görüşəcəyi gözlənilir.
Ağagül Mürsəlov,
KONKRET.az
