Şuşadan dünyaya verilən mesajlar: Prezident hansı strateji siqnalları göndərdi?backend

Şuşadan dünyaya verilən mesajlar: Prezident hansı strateji siqnalları göndərdi?

Qlobal geosiyasi balansın sürətlə dəyişdiyi, regional münaqişələrin beynəlxalq təhlükəsizlik sisteminə ciddi təsirlər göstərdiyi bir dövrdə dövlətlərin verdiyi siyasi mesajlar əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. Belə bir şəraitdə beynəlxalq forumlar yalnız fikir mübadiləsinin aparıldığı platforma deyil, həm də ölkələrin strateji prioritetlərini, xarici siyasət kursunu və gələcək hədəflərini dünyaya çatdırdığı mühüm siyasi tribunaya çevrilir. Azərbaycanın ev sahibliyi etdiyi Şuşa Qlobal Media Forumu da artıq media gündəmini aşaraq regional və qlobal proseslərin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformalardan biri kimi çıxış edir.

Bu il keçirilən IV Şuşa Qlobal Media Forumu da istisna olmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun açılış mərasimində səsləndirdiyi fikirlər təkcə informasiya mühiti ilə bağlı məsələləri deyil, həm də regional təhlükəsizlik, Mərkəzi Asiya ilə əməkdaşlıq, Yaxın Şərqdə baş verən hadisələr, Avropa institutları ilə münasibətlər və Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı mühüm mesajları əhatə etdi. Çıxışda səslənən tezislər göstərdi ki, rəsmi Bakı dəyişən beynəlxalq şəraitdə balanslaşdırılmış, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasət kursunu davam etdirməkdə qərarlıdır.

Prezidentin forum çərçivəsində verdiyi mesajlar ölkənin qarşıdakı dövrdə regional əməkdaşlıq, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və beynəlxalq tərəfdaşlıqlar istiqamətində hansı prioritetlərə üstünlük verəcəyinə dair də mühüm siqnallar kimi qiymətləndirilir.

Bəs dövlət başçısının IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi mesajlar Azərbaycanın geosiyasi strategiyası və xarici siyasətinin gələcək istiqamətləri baxımından hansı məqamları ön plana çıxarır?

Politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında bildirib ki, IV Şuşa Qlobal Media Forumu bu il də yalnız media sahəsinə həsr edilmiş beynəlxalq tədbir deyil, Azərbaycanın xarici siyasət prioritetlərinin təqdim olunduğu mühüm siyasi platforma kimi çıxış etdi.

ABŞ və Rusiya danışıqlarda üstün tərəf olduqlarını göstərməyə çalışırlar”- Züriyyə  Qarayeva | news365.az

Onun sözlərinə görə, Prezident İlham Əliyevin çıxışında regional təhlükəsizlik, Mərkəzi Asiya ilə əməkdaşlıq, Yaxın Şərqdə baş verən proseslər və Avropa institutları ilə münasibətlər fonunda verilən mesajlar Bakının hazırkı geosiyasi kursunun əsas konturlarını ortaya qoydu.

“Çıxışın əsas istiqamətlərindən biri Mərkəzi Asiya ilə inteqrasiyanın daha da gücləndirilməsi oldu. Prezident Azərbaycanın bu regionla vahid iqtisadi və siyasi məkan formalaşdırdığını vurğulamaqla nəqliyyat və logistika layihələrinin strateji əhəmiyyətini ön plana çıxardı. Bu yanaşma Orta Dəhlizin imkanlarının genişləndirilməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində Bakının qətiyyətini nümayiş etdirir. Bununla Azərbaycan Avropa ilə Asiyanı birləşdirən əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilmək strategiyasını ardıcıl şəkildə davam etdirdiyini nümayiş etdirir”.

Züriyyə Qarayeva qeyd edib ki, Prezidentin Yaxın Şərqdəki gərginliklə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır.

“Dövlət başçısının region ölkələrini məsuliyyətli davranmağa çağırması və İran ətrafında yaranmış böhranın qlobal qarşıdurmaya çevrilməsinin yolverilməz olduğunu vurğulaması Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır.

Regionda yeni hərbi eskalasiya yalnız təhlükəsizlik baxımından deyil, həm də enerji ixracı, beynəlxalq nəqliyyat marşrutları və iqtisadi layihələr üçün ciddi risklər yarada bilər. Məhz buna görə də Bakı sabitliyin qorunmasını öz milli maraqlarının vacib elementi hesab edir”.

Ekspert Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasına münasibətlə bağlı səsləndirdiyi fikirləri də Azərbaycanın prinsipial mövqeyinin ifadəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, dövlət başçısı bu qurumun Azərbaycana münasibətində ikili standartların mövcudluğunu açıq şəkildə dilə gətirsə də, bu, Bakının Avropa ilə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir.

“Azərbaycan Avropa İttifaqı ilə enerji təhlükəsizliyi, ticarət, nəqliyyat və digər strateji istiqamətlər üzrə əməkdaşlığı davam etdirir. Bu isə onu göstərir ki, rəsmi Bakı beynəlxalq münasibətlərdə emosional deyil, praqmatik yanaşmaya üstünlük verir və tərəfdaşlıq formatlarını qarşılıqlı maraqlar əsasında inkişaf etdirir”.

Züriyyə Qarayevanın qənaətincə, IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq regional prosesləri kənardan izləyən ölkə deyil, geosiyasi gündəmin formalaşmasında fəal iştirak edən aktorlardan biridir. Onun sözlərinə görə, forum çərçivəsində verilən mesajlar Azərbaycanın həm regional əməkdaşlığın genişləndirilməsinə, həm də mürəkkəb beynəlxalq proseslər fonunda balanslı, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirmək niyyətini bir daha təsdiqlədi.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*