Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yenidən artması ehtimalı gündəmə gəlib. Sürücülərin yanacaq, texniki xidmət və digər xərclərinin yüksəlməsi fonunda tariflərin dəyişib-dəyişməyəcəyi sərnişinlər arasında da maraq doğurur.
Bəs artan xərclər taksi qiymətlərinə yenidən təsir göstərəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, taksi xidmətləri şəhər nəqliyyat sistemində mühüm rol oynayır.

Ekspertin sözlərinə görə, gedişlərin sayının artması və nəqliyyat axınının intensivləşməsi fonunda taksi xidmətlərinə olan tələbat və sektorun yükü də artır:
“Gedişlərin artması ilə bağlı məlumatlar mütəmadi olaraq gündəmə gəlir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün nəqliyyat axınının təmin olunmasında və hərəkətin intensivliyinin tənzimlənməsində taksilərin kifayət qədər böyük rolu var”.
Aslan Əsədov qeyd edib ki, taksi sektorunda yaranan əlavə xərclər müəyyən mərhələdə xidmət haqlarına da təsir göstərə bilər:
“Taksilərdə hər hansı kiçik nüansın belə qiymət artımına səbəb olması son nəticədə infrastruktur və nəqliyyat sistemi baxımından müəyyən mənfi təsirlər yarada bilər. Taksi xidmətlərində qiymət artımı birbaşa təsir göstərməsə belə, digər sahələrə də dolayı yolla mənfi təsir edə bilər”.
Ekspert hesab edir ki, taksi tariflərinin dəyişməsi yalnız sürücülərin gəlirləri və sərnişinlərin xərcləri ilə məhdudlaşmır. Belə dəyişikliklər şəhər nəqliyyatına, sərnişinlərin nəqliyyat seçimlərinə və ümumi nəqliyyat axınının formalaşmasına da təsir göstərə bilər.
Beləliklə, sürücülərin yanacaq, texniki xidmət və digər xərclərinin artması gələcəkdə taksi tariflərinə əlavə təzyiq yarada bilər. Lakin hazırda ölkə üzrə bütün taksilər üçün vahid və məcburi qiymət artımı ilə bağlı hər hansı rəsmi qərar yoxdur.
Aynurə İsmayıl
KONKRET.az
