Ali Məhkəmədə oğurluqda və dələduzluqda ittiham edilən Rəşvin Məmmədzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Rəşvin Məmmədzadə müxtəlif vaxtlarda “Tap.az” elan saytından istifadə edərək zərərçəkmiş şəxslərlə tanış olub, özünü işgüzar, imkanlı və müxtəlif sahələrdə əlaqələri olan şəxs kimi təqdim edib. O, zərərçəkmiş şəxslərə avtomobil gətirib satmaq və icarəyə vermək, qızıl-zinət əşyalarını dəyişdirmək, xarici ölkədə bank hesabı açmaq, mənzil almağa kömək etmək və işə düzəltmək kimi müxtəlif vədlər verərək onların etibarını qazanıb.
İş materiallarına əsasən, ilk epizod 2021-ci ilin oktyabr ayına təsadüf edib. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin Sumqayıt şəhərində yerləşən 3 sot torpaq sahəsini notariat ofisində başqa şəxsə satıb və əldə etdiyi 12 000 manatı mənimsəyib. Bundan sonra 2021-ci ilin dekabrında müxtəlif vaxtlarda həmin şəxsdən daha 700 və 500 manat alıb. Beləliklə, bu epizod üzrə zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) ümumilikdə 13 200 manat ziyan vurulub.
Daha sonra Rəşvin Məmmədzadə həmin zərərçəkmiş şəxsin qızıl-zinət əşyalarını yeniləri ilə əvəz etdirəcəyi barədə yalan vəd verib.
2021-ci ilin dekabr ayının sonlarında o, müxtəlif qızıl-zinət əşyalarını – sırğa, üzük, kulon və boyunbağılar, qolbaq və ayaqbağı da daxil olmaqla – götürərək geri qaytarmayıb. İttihamda həmin əşyaların ümumi dəyərinin 6 560 manat olduğu göstərilib.
Təqsirləndirilən şəxsin başqa bir zərərçəkmiş şəxsi də “Tap.az” vasitəsilə tanıdığı bildirilib. O, özünü videomüşahidə kameralarının quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri kimi təqdim edib. Zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) ilə münasibət quraraq onun etibarını qazandıqdan sonra “Nissan Micra” markalı avtomobilini satmağı və əldə ediləcək vəsaitin üzərinə öz pulunu əlavə etməklə xaricdən “Hyundai Elantra” gətirməyi vəd edib. Bundan sonra həmin avtomobil 2022-ci ilin mayında Sumqayıtda fəaliyyət göstərən avtosalonda başqa şəxsə satılıb və satışdan əldə edilən 6 000 manat Rəşvin Məmmədzadə tərəfindən ələ keçirilib.
Bundan başqa, təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxsə qızıl-zinət əşyalarını zərgər dostuna verərək onun istədiyi formada yenidən hazırlatdıracağını vəd edib.
2022-ci ilin mayında Bakı şəhəri, Xətai rayonunda o, D.D.-nin ümumi dəyəri 1 500 manat olan qızıl dəstini və brilyant qaşlı üzüyünü götürərək ələ keçirib.
Bundan başqa, Rəşvin Məmmədzadə zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) xarici ölkələrdən birində onun adına bank hesabı açdırdığını və hesabda 8 500 manat pul olduğunu deyib. Hesabda 10 000 manat olması üçün əlavə 1 500 manat lazım gəldiyini bildirərək həmin məbləği də alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib.
İttihamda digər epizod üzrə zərərçəkmiş R.R.-i (adı, soyadı şərtidir) də “Tap.az” vasitəsilə tanış olduğu bildirilir.
Rəşvin Məmmədzadə özünü avtomobillərin icarəyə verilməsi və Kanadadan maşın gətirib satılması ilə məşğul olan şəxs kimi təqdim edib. O, 21 000 manat müqabilində “Toyota Camry” markalı avtomobil gətirəcəyinə söz verib. Bu məqsədlə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsdən 12 000 manat ilkin ödəniş, 6 500 manat gömrük sənədləşdirilməsi xərci və daha 1 500 manat alıb. Sonuncu dəfə isə avtomobilin sənədləşdirilməsi ilə bağlı yaranmış problemin həlli üçün 700 manat əldə edib.
Beləliklə, Rəşvin Məmmədzadə R.R.-ə ümumilikdə 20 700 manat maddi ziyan vurub.
İttihamın daha ağır epizodlarından biri isə mənzilin satılması ilə bağlı olub.
Belə ki, 2022-ci ilin sentyabrında iş elanı vasitəsilə tanış olduğu zərərçəkmiş E.E.-yə (adı, soyadı şərtidir) özünü şirkət müdiri kimi təqdim edən təqsirləndirilən şəxs sonradan onun mənzilini satmağı təklif edib. O, qadının mənzilin satışından əldə olunacaq pulun üzərinə öz vəsaitini əlavə edərək zərərçəkmiş şəxsin adına Nəsimi rayonunda 250 000 manat dəyərində 6 otaqlı təmirli mənzil alacağını vəd edib.
E.E.-nin Suraxanı rayonunda yerləşən mənzili notariat ofisində satılıb və Rəşvin Məmmədzadə satışdan əldə olunan 70 000 manat vəsaiti ələ keçirib. Bu epizod üzrə zərərin külli miqdarda olduğu göstərilib.
Bundan başqa, mənzil satıldıqdan sonra təqsirləndirilən şəxs həmin evdə olan mebel dəstlərini, xalça, soba, mikrodalğalı soba, televizorlar, soyuducu, paltaryuyan maşın, “HP” markalı noutbuk və digər əşyaları guya müvəqqəti olaraq atasına məxsus qarajda saxlayacağını bildirib.
O, 2022-ci ilin oktyabrında həmin əşyaları mənzildən götürüb və geri qaytarmayıb.
İstintaqın hesablamalarına əsasən, bu epizod üzrə zərərçəkmiş şəxsə 27 920 manat məbləğində maddi ziyan vurulub.
Rəşvin Məmmədzadə daha sonra zərərçəkmişi E.E.-nin barəsində polis orqanında araşdırma aparıldığına inandırıb. Araşdırmanın dayandırılması üçün pul lazım olduğunu deyən təqsirləndirilən şəxs zərərçəkmişin qızıl-zinət əşyalarını girov qoyaraq pul götürəcəyini vəd edib. Nəticədə müxtəlif qızıl dəstləri, qolbaqlar, üzüklər, sırğalar və boyunbağılar Rəşvin Məmmədzadəyə verilib. Əşyaların ümumi dəyərinin 7 174 manat olduğu göstərilib.
Bundan başqa, təqsirləndirilən şəxsin E.E.-nin həmin mənzilində olan əşyaları gizli şəkildə götürdüyü də müəyyən edilib.
Belə ki, 2023-cü ilin yanvarında o, hissə-hissə olmaqla zərərçəkmiş şəxsə məxsus geyim, kosmetik vasitələr, çarpayı örtükləri, pərdələr, qablar, əl çantaları və digər əşyaları, həmçinin qızıl sırğa və üzükləri gizli şəkildə ələ keçirib.
Bu epizod üzrə vurulan ziyanın ümumi məbləği 10 000 manat göstərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşvin Məmmədzadə Cinayət Məcəlləsinin 177.2.2-ci (oğurluq), 177.2.4 və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinərək 7 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilib.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
Qərardan zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilib.
Qeyd: Rəsvin Məmmədzadə 3 qadın, bir kişiyə qarşı dələduzluq edib. Qadınların hamısı ilə işlə bağlı tanış olub və evlənmək təklif edərək onlara qarşı dələduzluq edib.
