Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaradılması ilə bu sektorda müəyyən canlanmanın olacağı gözlənilir. Belə ki, indiki şərait taksilərin, yerli və beynəlxalq sərnişin və yükdaşımaların təkmilləşdirilməsi istiqamətində addımların atılmasını zəruri edir. Bununla yanaşı yəqin ki, hər bir azərbaycanlının ürəyindən tarixə qovuşan tramvay və trolleybusların fəaliyyətinin bərpası da keçir. Elə də uzaq olmayan keçmişdə bu nəqliyyat vasitələrin paytaxt Bakının göz oxşayan mənzərəsinə daha da gözəllik qatırdı, Həmçinin insanların mənzil başına rahat və təhlükəsiz çatmasına xidmət edirdi. Müstəqilliyin ilk illərindəki çətin vəziyyətdə bu yerüstü nəqliyyat vasitələrini qoruyub saxlamaq mümkün olmasa da, hər bir Azərbaycan vətəndaşı tramvay və trolleybusların yenidən bərpasını arzulayır. Bəs Bakının tarixə qovuşan tramvay və trolleybuslarının fəaliyyətinin bərpası mümkündürmü? Bunun nəqliyyat sektorunda hansı perspektivləri ola bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, Bakı Nəqliyyat Agentliyi yaranan gündən vədlər verirdi. Yəni Agentlik tramvay parkını bərpa etmək niyyətində idi. Təəssüflər olsun ki, fəaliyyəti boyunca biz bu istiqamətdəki uğuru görə bilmədik: “Tramvayın yerüstü daşınmada kifayət qədər öz yükü var. Bu yük avtomobil nəqliyyatından fərqli olaraq ekoloji və tutumluluq, eləcə də tıxacların qarşısını almaq baxımdan daha perspektivli sayılır. Hətta nəqliyyat sahəsində geridə qalan İranda belə tramvay yolları digərlərindən fərqlənir. Yəni tramvaylar üçün xüsusi xəttlər ayrılıb və dayanacaqlar kondisionerlə təchiz olunub. Daha inkişafda olan qardaş Türkiyədə də tramvay sistemi mövcuddur. Bu, çox gözəl, perspektivli və ekoloji təmiz nəqliyyat vasitəsidir. Azərbaycanda yaxın gələcəkdə bu nəqliyyat vasitələrini bərpa etmək mümkündür. Amma bunun üçün kifayət qədər vəsait və güc sərf olunmalıdır. Bu sistemin Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcəyinə inanmıram”.
Ekspertin sözlərinə görə bu sahədə mütəxəssis çatışmazlığı hökm sürür: “Təsəvvür edin ki, Bakı Nəqliyyat Agentliyi işıqforların və kameraların idarə edilməsini lazımı səviyyədə həyata keçirə bilmədiyindən yenidən Dövlət Yol Polis Şöbəsinin tərkibindəki “Siqnal” idarəsinə müraciət olundu. Çox güman ki, dövlət tramvay və trolleybusların bərpasında israrlı olarsa, o zaman sözügedən layihə həyata keçirilə bilər. Bunun üçün treninqlər keçirmək, mütəxəssislər yetişdirmək lazımdır. Bizdə Tramvay və trolleybus parkları mövcud olub. Lakin müstəqillik qazandıqdan sonra yaranan durğunluq dövrü səbəbindən o parkları qoruyub saxlaya bilmədik. Ammahəmin parkları yenidən bərpa etmək mümkündür. Əgər biz işğaldan azad edilən ərazilərdə “ağıllı kənd” layihəsini həyata keçiririksə, demək tramvay parklarını da bərpa edə bilərik”.
Rövşən Həsənov əlavə edib ki, Tramvay və trolleybus parkalrının bərpası ilə ilk növbədə ekoloji mühitin qorunması, sıxlıq və tıxacların aradan qaldırılması mümkünləşə bilər: “Tramvay və Trolleybuslar üçün xüsusi xətlər və yollar olacaq. Bununla da həm insanların əsəbinin, həm tıxacların qarşısı alınacaq, ekoloji mühit isə yaxşılaşacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
