Azərbaycanın tarixi və mədəni irsi əsrlər boyu formalaşmış zəngin mənəvi xəzinə olmaqla yanaşı, xalqın milli kimliyinin mühüm tərkib hissəsidir. Bu irsin formalaşmasında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, elm adamları, ədəbiyyat və incəsənət nümayəndələri də cəmiyyətin yaddaşında xüsusi yer tutur.
Lakin son illər sosial şəbəkələrdə və müxtəlif internet platformalarında tanınmış tarixi şəxsiyyətlər, elm və mədəniyyət xadimləri haqqında təhqiramiz, alçaldıcı və etik normalardan kənar ifadələrə də rast gəlinir. Bəzən tənqid adı altında tarixi şəxsiyyətlərin şəxsiyyətinə yönəlmiş təhqiramiz ifadələr işlədilir.
Bu isə sual doğurur: tarixi şəxsiyyəti təhqir edən şəxs hüquqi məsuliyyət daşıyırmı? Belə hallarda məhkəməyə müraciət etmək mümkündürmü? Tarixi və mədəni irsin özünə zərər vurulmasına görə hansı məsuliyyət nəzərdə tutulur?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, tarixi şəxsiyyətlərin fəaliyyətinin müzakirə olunması və tənqid edilməsi hüquqi baxımdan mümkündür. Lakin tənqid ilə təhqir arasında ciddi fərq var.

“Tarixi şəxsiyyətlər hər zaman müzakirəyə açıqdırlar. Müxtəlif mövzularda onların fəaliyyəti ilə bağlı müzakirələr aparıla, mövqeləri tənqid edilə bilər. Bu, fikir və ifadə azadlığının bir hissəsidir.
Lakin təhqir məsələsi tamam başqadır. Burada artıq insanın özünü ifadə mədəniyyəti və ümumi mədəni səviyyəsi də ortaya çıxır. Tənqid konkret fəaliyyətə, qərara və ya tarixi hadisəyə münasibət bildirməkdirsə, təhqir şəxsin ləyaqətini alçaltmağa yönələn ifadələrdən ibarət ola bilər”, – deyə hüquqşünas qeyd edib.
R.Süleymanovun sözlərinə görə, xüsusilə elm, ədəbiyyat, incəsənət və mədəniyyət sahəsində tanınmış şəxslərlə bağlı təhqiramiz ifadələr müəyyən hallarda onların hüquqi varisləri tərəfindən məhkəmə müstəvisinə çıxarıla bilər.
“Korifey sənətkarların, eləcə də hər hansı elm və mədəniyyət xadiminin təhqir olunması onların hüquqi varisləri tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Bununla bağlı maddi təzminat tələbi də irəli sürülə bilər”, – deyə hüquqşünas bildirib.
Hüquqşünas diqqətə çatdırıb ki, tarixi şəxsiyyətlərin təhqir olunmasına görə ayrıca və xüsusi cinayət məsuliyyəti nəzərdə tutulmayıb. Bununla belə, məsələ yalnız şəxsiyyətin təhqiri ilə məhdudlaşmır. Tarixi və mədəni irs nümunələrinin qorunması ilə bağlı qanunvericilikdə ayrıca müddəalar mövcuddur.
“Tarixi və mədəni irsimizi əks etdirən, o cümlədən müəyyən tarixi dövrlərə aid əşyaların məhv edilməsi və ya zədələnməsi ilə bağlı qanunvericilikdə məsuliyyət müəyyən olunub.
Bu məsuliyyətin tətbiqi isə həmin tarixi və mədəni irs nümunələrinin Azərbaycan Respublikasının dövlət reyestrində qeydiyyatda olub-olmamasından da asılıdır”, – deyə R.Süleymanov vurğulayıb.
Beləliklə, tarixi şəxsiyyətlərin fəaliyyətinin tənqid olunması ilə onların təhqir edilməsi eyni hüquqi müstəvidə qiymətləndirilə bilməz. Tarixi şəxsiyyətin konkret fəaliyyəti, siyasi mövqeyi və ya qəbul etdiyi qərarlar barədə sərt tənqid səsləndirmək mümkün olsa da, bunu təhqir və alçaltma formasına keçirmək hüquqi mübahisə predmetinə çevrilə bilər.
Digər tərəfdən, söhbət tarixi şəxsiyyətin özündən deyil, onunla bağlı maddi-mədəni irs nümunəsindən gedirsə, məsələnin hüquqi mahiyyəti daha da fərqlənir. Tarixi abidələrin, muzey əşyalarının, arxeoloji və digər mədəni irs nümunələrinin zədələnməsi və ya məhv edilməsi qanunvericiliyin müəyyən etdiyi hallarda məsuliyyət yarada bilər.
Mütəxəssislərin yanaşmasından çıxan əsas nəticə isə budur: tarixi şəxsiyyətləri müzakirə etmək və tənqid etmək olar, lakin tarixi irsə və şəxsiyyətlərin nüfuzuna münasibətdə ifadə sərhədlərinin qorunması vacibdir.
Çünki tarixə münasibət yalnız keçmişə verilən qiymət deyil, həm də cəmiyyətin öz milli-mədəni yaddaşına münasibətinin göstəricisidir.
Aynurə İsmayıl
KONKRET.az
