Taxıl qıtlığı ciddi problemə çevriləcək – EKSPERTbackend

Taxıl qıtlığı ciddi problemə çevriləcək - EKSPERT

Üç aydan çoxdur davam edən, Rusiya-Ukrayna müharibəsi dünyada ciddi ərzaq qıtlığına səbəb olub. Müharibə uzandıqca onun fəlakətləri də böyüyür. Belə ki, Rusiyanın aqrar bazarları araşdıran və proqnozlaşdıran “Sovekon” şirkətinin bu günlərdə hər kəsi narahat edən açıqlama verib. Şirkətin məlumatına görə, dünyada 18 həftəlik taxıl ehtiyatı qalıb.

Maraqlıdır, bu nə dərəcədə doğrudur? Taxıl qıtlığı hansı təhlükələri formalaşdırır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, taxılın qiyməti getdikcə bahalaşır:

“Ərzaqlıq taxılla bağlı vəziyyət kifayət qədər ciddidir. Əslində taxılla bağlı problemlər hələ keçən ilin əvvəllərindən başlayıb. Məsələnin kökü isə pandemiya dövrünə gedib çıxır. 2020-ci ildə bütün dünyanı ağuşuna alan pandemiya şəraiti kənd təsərrüfatı sahəsinə ağır zərbə vurdu. Bunun ən acı nəticələri özünü taxıl istehsalı və tədarükündə göstərdi. Ötən il taxıl ixrac edən dövlətlər əvvəlki qədər taxıl ixrac edə bilməyəcəklərinə dair müxtəlif açıqlamalar verdi. Ona görə də bu sahədə bəzi məhdudiyyətlər tətbiq edildi. Nəticədə 2021-ci ildə taxılın qiyməti mərhələli şəkildə artdı. Ukraynada başlayan müharibə isə bu sahədəki vəziyyəti daha da gərginləşdirdi”.

İqtisadçının fikrincə, ilin sonuna doğru taxıl qıtlığı daha ciddi problemə çevriləcək:
“Həm Rusiya, həm Ukrayna ərzaqlıq taxıl ixracatında böyük paya malikdir. İki ölkənin müharibəyə girişməsi bu sahədə pis olan vəziyyəti daha da pisləşdirdi. Hazırda Ukraynada müharibə davam edir. Anbarlarda yığılıb qalan taxıl ehtiyatlarını dünya bazarlarına çıxarmaq mümkün deyil. Ukraynanın əvvəlki qədər taxıl ixrac edə bilməyəcəyi aydındır. Rusiya isə kəskin iqtisadi sanksiyalar fonunda taxıl istehsalı və tədarükü ilə məşğul ola bilmir. Ona görə də vəziyyət getdikcə pisləşir. Digər iri taxıl ixracatçıları isə iqlim şəraiti ilə bağlı olaraq taxıl istehsal edə bilmir. Dünyada taxıl ehtiyatı ilə bağlı vəziyyət həqiqətən də kritikdir. Qarşıdakı taxıl biçini dövrü vəziyyəti nisbətən idarə edəcək. Amma müharibə davam edərsə ilin sonuna doğru taxıl qıtlığı daha ciddi problemə çevriləcək. Taxılın qiymətinin bahalaşması ilə yanaşı əldə edilməsi də xeyli çətinləşəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*